Məhkəmə qərarları › İş №2-1(112)-11934/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11934/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11934/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil idarəsinə qarşı “xx.xx.2018-ci il təvəllüdlü X3 Bakı şəhəri 257 saylı tam orta məktəbdə rus bölməsi üzrə 1-ci sinifə qəbul olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasında anadan olmuş və orada yaşamış Azərbycan Respublikasının vətəndaşı xx.xx.2018-ci il təvəllüdlü X3 qardaşı X1 Rus sektorunda oxuduğunu və valideynlərinin Rus dilində danışdıqlarını, Rusiya Federasiyasına qayıdacaqlarını nəzərə alaraq Xətai rayonu 257 saylı orta məktəbdə rus bölməsi üzrə 1-ci sinifə qəbul olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, xx.xx.2018-ci il təvəllüdlü oğlu X6 hal-hazırda Bakı şəhər, Xətai rayon 257 saylı orta məktəbdə rus bölməsi üzrə 0b sinif şagirdidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Xətai rayonu 95 saylı orta məktəbdə rus bölməsi üzrə müsahibədə iştirak etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə oğlu Aminin müsahibədən keçmədiyi haqqında SMS gəlmişdir. Bir valideyn kimi o həmin SMS-də göndərilmiş qərarla razı olmadığını bildirmişdir. Ona görə ki, oğlu Aminə müsahibədə verilmiş 28 sualdan 4 suala cavab verməmişdir. Bu müsahibə zamanı Aminin olduğu otaqda çəkilmiş videolardan da aydın görünür. Oğlu Amin daxil olmaqla həmin sinifdə 6 yaşlı uşaqlardan sanki buraxılış imtahanı götürülürdü. Ancaq qarşılarında 6 yaşlı uşaqlar olduğunun fərqində deyildilər. Müsahibə zamanı 15 dəqiqə dayanmadan oğlunu sual atəşinə tutmuşdurlar. Həmin vaxt Aminin anası bir valideyin kimi müsahibə götürən müəllimlərin nəzərinə çatdırmışdır ki, oğlu X4 anadan olub, pandemiya ilə əlaqədar müvəqqəti olaraq Azərbaycana gəliblər. Ancaq oğlunun və valideynlərinin məqsədi oğlu Aminin Rusiyada mükəmməl ali təhsil almasıdır. Bu səbəbdən də oğlunun rus sektorunda təhsil almasına maraqlıdır. Onu da bildirmişdir ki, Amindən böyük qardaşı X5 da həmin orta məktəbin rus bölməsi üzrə 3b sinifində oxuyur. Müsahibə götürən müəllimlər bunların heç birini nəzərə almamışdırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-69/2-M-3501-4/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, 07 may 2024-cü il tarixindən - 07 iyun 2024-cü il tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunmuş müsahibələrdə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətlərinə baxılmışdır. Onun apellyasiya müraciətinə xx.xx.2024-cü il tarixində baxılmış və komissiyanın rəyinə əsasən övladı üçün Müsahibə Komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. O, övladı üçün mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11934/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. X6 xx.xx.2018-ci il təvəllüdlü olmaqla 7 yaşına çatmadığından mülki qanunvericiliyin tələbləri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Odur ki, onun qanunü nümayəndəsi hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan: AA5309858 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti, Taqanroq şəhəri doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən 95 nömrəli tam orta məktəbdə keçirilmiş xx.xx.2024-cü il tarixli müsahibənin nəticəsi üzrə verilmiş məlumatda iddiaçıya bildirilmişdir ki, “təəssüf ki, Sizin övladınız müsahibədən keçə bilməyib və təkrar müsahibəyə yazılması mümkün deyil. Siz Azərbaycan bölməsi üzrə seçdiyiniz məktəbə sorğu yerləşdirə bilərsiniz”. xx.xx.2024-cü il tarixli TN-M-1049 nömrəli ərizəyə cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-69/2-M-3501-4/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 07 may 2024-cü il tarixindən - 07 iyun 2024-cü il tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunmuş müsahibələrdə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətlərinə baxılmışdır. İddiaçının apellyasiya müraciətinə xx.xx.2024-cü il tarixində baxılmış və komissiyanın rəyinə əsasən övladı üçün Müsahibə Komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. O, övladı üçün mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müsahibə protokoluna (protokol 2) əsasən müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 14:14-də müsahibəyə yazılmış, komissiya-1(95) tərəfindən müsahibə edilmiş, hər 3 üzv mənfi rəy vermiş, yekun olaraq cavabı mənfi qiymətləndirilmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, A.Ələkbərov 257 nömrəli tam orta məktəbin məktəbəqədər hazırlıq kursunda oxuyur. Kursun başlanma tarixi xx.xx.2023-cü ildir. İddiaçı bildirmişdir ki, onun digər övladı da həmin məktəbdə rus bölməsinə təhsil alır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. 14.3. Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); ... 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.1. Məktəbəqədər təhsil. 17.1.2. Ümumi təhsil: 17.1.2.1. ibtidai təhsil; 17.1.2.2. ümumi orta təhsil; 17.1.2.3. tam orta təhsil... 19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. 19.10. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagir qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. Qeyd edilməlidir ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Müsahibənin video görüntüsü məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən videogörüntüyə baxış keçirilmiş və həmin görüntülərdə A.Ələkbərovla müsahibə əsanasında ümumiyyətlə Azərbaycan dilində ifadələr işlədilmədiyi, onun tərəfindən bütün suallara reaksiya verilməklə cavablandırıldığı (bəzi hallarda lakonik cavab verməsinə baxmayaraq, görüntülərdə sualları anladığı və cavablandırdığı aşkar olunur) müəyyən edilmişdir. Cavabdeh tərəfindən komissiya üzvlərinin hansı meyarlar əsasında qiymətləndirmə aparıldığı nə protokoldan nə də iş materiallarından aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdehin mövqeyinə görə, birinci sinfə şagird qəbulu zamanı digər dildə tədris aparılan bölmə seçildiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirir. Digər dildə tədris aparılan bölmə üzrə uşaqların birinci siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqları müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılır ki, müsahibə komissiyasının üzvləri də müəllimlərdən ibarət olur. X3 müsahibə nəticəsi isə komissiya üzvləri olan müəllimələr tərəfindən qənaətbəxş hesab olunmamışdır. Bu səbəbdən onun rus bölməsi üzrə deyil, azərbaycan bölməsi üzrə birinci sinifə daxil olması tövsiyə edilmişdir. Məhkəmə tərəfindən X3 müsahibə görüntülərini əks etdirən CD disk əldə edilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, X6 müəllimələr tərəfindən ona verilmiş konkret suallara kifayət qədər dəqiq cavablar vermişdir. X3 hələ 6 yaşında olduğu və ilk dəfə müsahibədə iştirak etdiyi nəzərə alaraq onun həyəcanlı vəziyyətdə bəzi suallara cavab verə bilməməsi anlaşıla bilər. Eyni zamanda cavabdeh tərəfindən məhz hansı meyarlardan (məsələn, anlama, fikir ifadə etmə, tələffüz və s. kimi) çıxış edilərək komissiya üzvlərinin mənfi rəy verməsi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən həmin meyarlar göstərilməklə qiymətləndirmənin aparılmaması inzibati icraatın pozuntusuna səbəb olmuşdur. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hərhansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). Məhkəmə hesab edir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin üzərinə xx.xx.2018-ci il təvəllüdlü X3 rus dil üzrə şifahi nitq bacarıqlarına məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalıdır. Belə ki, A.Ələkbərovun rus dili üzrə nitq bacarıqlarının birinci siniflərə qəbul üçün yaradılmış müsahibə komissiyası tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) düzgün və dəqiq qiymətləndirilməsi həyata keçirilməli və yalnız obyektiv qiymətləndirmənin nəticəsinə müvafiq olaraq qərar qəbul edilməlidir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin X6 ilə keçirilmiş xx.xx.2024-cü il tarixli müsahibənin nəticəsinin mənfi hesab edilməsi barədə yekun qərarı ləğv edilir. İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 Bakı şəhəri Xətai rayonu 257 saylı orta məktəbin rus bölməsi üzrə birinci sinifinə qəbul olunması üçün rus dili üzrə şifahi nitq bacarıqlarının məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulur. Qərardan apellyasiya şikayəti verə bilməz. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar