Məhkəmə qərarları › İş №2-1(112)-1194/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1194/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1194/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Əsgərli X2 Respublikasının Gürcüstan Texniki Universitetində nəqliyyat və maşınqayırma fakültəsini bitormiş və dövlət imtahan komissiyasının 2 avqust 2021-ci il tarixli 78 saylı qərarı ilə bakalavrn dərəcəsinə layiq görülmüşdür. İddiaçıya BD 018904 saylı diplom verilmişdir. O, 4 il müddətinə əyani formada təhsil almışdır. Əyani təhsil ilə bağlı tədris zamanı Gürcüstan Respublikasına gedərək dərslərdə və imtahanlarda iştirak etmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən müvafiq qeydiyyatlar aparılmış və ona məxsus pasportda möhürlər vurulmuşdur. Buna baxmayaraq, bu günədək ona verilmiş diplom Azərbaycan Respublikasında tanınmamışdır. Ona görə də onun Azərbaycan Respublikasında ixtisasına uyğun işlə təmin olunmasında problemlər yaranmışdır. Xarici ali təhsil ixtisasımın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyinin müəyyən edilməsi məqsədi ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, bu günədək cavabdeh tərəfindən iddiaçıya heç bir cavab verilməmişdir. İddiaçı göstərilən təhsil müəssisəsində əyani təhsili rus dilində almış, bütün imtahanları yazılı verərək imtahanlarda müvəffəqiyyət qazanaraq bütün keçid ballarını toplamışdır. Diplomun tanınmasında hər hansı qadağa, problem olmadığı halda cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmişdir. Müraciətə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Qanunun 19.1, 20, 21, 24, 28 və 52-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Belə ki, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, inzibati orqana müraciət etdiyi vaxtadan uzun müddət keçməsinə baxmayaraq ona heç bir məlumat verməmişdir. Qiymətlər cədvəlindən çıxarışdan (BD 018904 saylı ali təhsil barədə diploma əlavədən) görünür ki, iddiaçı bakalavr diplomu idarəetmə üzrə biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi ixtisasında təhsil aldığı müddətdə tədris planına əsasən hazırlıq istiqaməti uzrə fənlərdən məğbullar almış, imtahan və kurs işləri vermişdir. Həmin imtahan və kurs işləri elmi dərəcələri olan alimlər tərəfindən qəbul edilmişdir. Göstərilənlərə və «Təhsil haqqında» Qanunun, «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın, İPM-in müddaəalarına əsaslanaraq, Gürcüstan Texniki Universiteti tərəfindən iddiaçının adına verilmiş 2021-cı il tarixli BD 018904 saylı bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ixtisasın ekvivalentliliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münsibətində (etirazda) bildirilir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq onun təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 15 yanvar 2018-ci il tarixdən 28 fevral 2020-ci il tarixədək X5 Universitetində 2017/2018-ci tədris ili üzrə – 15 gün, 2018/2019-cu tədris ili üzrə – 1 ay 17 gün, 2019/2020-ci tədris ili üzrə – 1 ay 22 gün, daha sonra 28 fevral 2020-ci il tarixdə Gürcüstan Texniki Universitetinə köçürüldükdən sonra 2019/2020-ci tədris ili üzrə – 2 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə – getməyib (pandemiya dövrü). Pandemiya dövrünə düşən tədris illəri üzürlü hal kimi qəbul olunmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 5 aprel 2023-cü il tarixdə bu barədə ətraflı məlumat onun elektron kabinetində yerləşdirilmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: İPM-in 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə 18 fevral 2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Hazırkı dövrdə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, «Təhsil haqqında» Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi» üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180 – 240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3-cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Qanunun 1.0.34-cü maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsidir, 1.0.35-ci maddəsinə görə isə, magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 6 noyabr 2020-ci il tarixli 192-VİQD nömrəli Qanunu ilə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinə dəyişiklik edilmişdir. Həmin maddə dəyişiklikdən əvvəl və dəıyişiklik edildikdən sonra aşağıdakı məzmunda olmuşdur: - (1.0.36-cı maddə əvvəlki redaksiyada) nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur; - (1.0.36-cı maddə hazırda qüvvədə olan redaksiyada) xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; - (27.4-cü maddə əvvəlki redaksiyada) Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - (27.4-cü maddə hazırda qüvvədə olan redaksiyada) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» ləğv edilmiş və “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 3.10-cü bəndinə əsasən aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: - (3.10.1) bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; - (3.10.2) ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; - (3.10.3) peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: - (4.1.1) müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; - (4.1.2) müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; - (4.1.3) müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; - (4.1.4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi» üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci maddəsinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, kvalifikasiyanın tanınması istiqamətində qəbul edilmiş yeni normativ hüquqi aktın tələblərinə görə əgər ərizəçinin kvalifikasiyası bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Nəzərə alınmalıdır ki, Qaydaların 4.1-ci bəndi tanınmaya dair ümumi tələbləri ehtiva edir ki, bu tələblərdən biri də ərizəçinin təhsilin normativ müddəti ilə bağlı şərtin ödənilməsi barədədir. Məlum olduğu kimi digər təhsil formalardan fərqli olaraq əyani təhsil forması tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə həyata keçirilir. Hazırki işin faktiki hallarından isə göründüyü kimi iddiaçı Əsgərli X2 Texniki Universitetində “idarəetmə” ixtisası üzrə 4 il müddətində əyani formada təhsil almış, təlim kurslarına cəlb olunmuş və müvəffəqiyyətlə bitirdiyinə görə o, nəqliyyat və maşınqayırma fakültəsinin 02 avqust 2021-ci il tarixli 78 saylı qərarı ilə idarəetmə biznes administratorluğu üzrə bakalavrın akademik dərəcəsinə layiq görülmüş, bununla da ona BD 018904 nömrəli diplom verilmişdir. İddiaçı aldığı ixtisas üzrə kvalifikasiyasının tanınması məqsədi ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinanı iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsil normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması ilə əsaslandırmışdır. İddiaçının hazırda cavabdehin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtinanı mübahisələndirir. Məhkəmə qüvvədə olan qanunvericiliyin və normativ hüquqi-aktların tələblərini hazırki işin faktiki halları ilə birgə qiymətləndirərək cavabdehin imtinasının əsaslı olduğu qənaətindədir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmşdur ki, iddiaçı X5 Universitetində 15 yanvar 2018-ci il tarixdən 28 fevral 2020-ci il tarixədək təhsil aldığı müddətdə 2017/2018-ci tədris ili üzrə – 15 gün, 2018/2019-cu tədris ili üzrə – 1 ay 17 gün, 2019/2020-ci tədris ili üzrə – 1 ay 22 gün, daha sonra 28 fevral 2020-ci il tarixdə Gürcüstan Texniki Universitetinə köçürüldükdən sonra 2019/2020-ci tədris ili üzrə – 2 gün (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə – getməyib (pandemiya dövrü). Cavabdeh inzibati orqanın özü də iddiaçının pandemiya dövrünə təsadüf etdiyi ili mübahisələndirməmiş, həmin dövrdə onun xarici ölkənin ərazisində olmaması halını üzürlü səbəb kimi qiymətləndirmişdir. Lakin, iddiaçının pandemiyadan əvvəl misal, 2017/2018-ci tədris ili üzrə -15 gün, 2019/2020-ci tədris ili üzrə - 1 ay 22 gün xarici ölkənin ərazisində olmasını zəruri təhsil normativ müddəti ilə bağlı şərtin ödənilmədiyi kimi qəbul edir. Doğrudur ki, Azərbaycan Respublikasının təhsil sistemində əyani təhsil forma üzrə oxuyan tələbələrin təhsilə cəlbolunma müddəti 40 həftə kimi müəyyən olunur. Bu isə onu göstərir ki, xarici dövlətdə təhsil alan tələbə ən azı onun yarısı qədər, yəni 20 həftə həmin ölkənin ərazisində olmalıdır. Hazırda isə, iddiaçının təhsil aldığı ölkədə bu müddətdən az olduğu müəyyən olunur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının ixtisası üzrə təhsili ilə bağlı ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 14.3, 23.1, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar