Məhkəmə qərarları › İş №2-1(112)-1194/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1194/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1194/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona bakalavr təhsilinə aid kvalifikasiyasının tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentlinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17 may 2023-cü ildə İsveçrənin Cenevrə şəhərində X7 üzrə bakalavr dərəcəsi almış və ona beynəlxalq diplom verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 27 mart 2024-ü il tarixli, № NA00025051 saylı qərarı ilə Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi əsassız olaraq göstərilmişdir ki, onun əldə etdiyi “kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkredatasiyadan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınması Qaydalarının“ 3.10.1 -ci və4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etiraz): İddia tələbinə dair yazlı etirazda göstərilmişdir ki, iddiaçının təhsil aldığı müəssisənin İspaniya filialının akreditasiyası olmamışdır. Belə ki, AU Biznes məktəbi İspaniyada Universitetlər, Mərkəzlər və Təlim İnstitutlarının Reyestrində Avropa Kolleci-EC Biznes Məktəbi kimi qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Cenevrə və Vaud kantonları tərəfindən rəsmi icazə verilən, İsveçrədə qeydiyyatan keçmiş və beynəlxalq akkreditasiyası olan AB Biznes Məktəbinin bakalavr, magistr və MBA dərəcələrinin Katolik Universiteti tərəfindən təsdiqləndiyini və 2016-cı ilin oktyabrından 2022-ci ilin may ayınadək AB Biznes Məktəbi Cenevrə və Vaud kantonları tərəfindən rəsmi icazə verilən, İsveçrədə qeydiyyatan keçmiş və beynəlxalq akkreditasiyası olan özəl təhsil müəssisəsində təhsil aldığını qeyd etsə də, Agentlik tərəfindən ərizəçiyə Avropa Universiteti Biznes Məktəbinin hansı filialında təhsil aldığını müəyyənləşdirmək məqsədilə ünvanladığı mailə cavab olaraq Barselona filialında təhsil aldığını bildirmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları” na uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1- ci bəndinə əsasən tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətindən imtina olunduğu üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt ödənilmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: EU Biznes Məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş diplomun notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “Biznes idarəetməsi” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli, NA00025051 №-li qərarın surətindən müəyyən olunur ki, “... Ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir.” TƏTBİQ EDİLƏN HÜQUQ “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası 16.1. Azərbaycan Respublikasında dövlt təhsil müəssisələri istisna olmaqla hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsi müəssisələrinə lisenzia müddətsiz verilir. 16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. 16.3. Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir. Təhsil müəssisəsinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. 16.4. Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin şəhadətnamənin verilməsi ilə başa çatır. 16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. ... 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya) ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. ... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2- ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. ... 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. ... 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). ... 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. ... 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. .... 7.1. Ərizəçinin ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi vaxtdan etibarən 5 (beş) gün müddətində hazırlanır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. ... 2.2.2. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. ... 3.1.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. ... 3.1.8. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”: Maddə 1.2 Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. ... Maddə 6. “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyası: Maddə 1. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

4. 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ.

İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə ali təhsilə aid kvalifikasiyanın tanınması barədə inzibati aktın qəbulundan cavabdehin imtinası ilə bağlıdır ki, imtinanın əsası kimi müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələbin pozulması ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında yer almadığınan, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmənin qənaətinə görə, cavabdehin imtina qərarında istinad etdiyi hal əsaslı olmuş və diplomun tanınmasından, başqa sözlə desək kvalifikasiyanın tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumməlum olan arqumentdir ki, təhsil fəalliyəti ilə məşğul olunması üçün təhsil müəssisəsi dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedurdan keçməli, dövlət akkreditasiyası haqqında sənədə malik olmalıdır. Ali təhsil müəssisəsinin akkreditasiya şəhadətnaməsinə malik olması təhsil müəssisəsinin təhsil fəaliyyəti ilə qanuni əsaslar ilə məşğul olduğunun göstəricisi hesab olunur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda kvalifikasiyanın tanınmasından imtina edilməsinin, o cümlədən də tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən olunmuşdur ki, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması ən əsas şərtlərdən biridir. Yuxarıda qeyd olunan qanunvericilik aktlarından da müəyyən olunur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında müvafiq şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğun olmalıdır. Belə ki, cavabdehin təqdim etdiyi, həmçinin Avropa Şurası və YUNESKO tərəfindən diplomların/ixtisasların tanınması ilə bağlı bütün Avropa ölkələri üçün ümumi siyasət və təcrübənin birləşdirilməsi və tətbiqi məqsədi ilə yaratmış olduğu ENİC-NARİC-a (https://www.enic-naric.net) daxil edilən məlumatların təhlili zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı akkreditasiya almış təhsil müəssisələrin sırasında yer almamışdır. Məhkəmə əldə olunmuş bu məlumatın mötəbərliyi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.47-ci maddəsinə əsasən təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə (ENİC/NARİC) – Avropa Regionu üzrə X3 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X1 (TSİMŞ). Bu Şəbəkəyə xaricdə əldə olunmuş kvalifikasiyalarla bağlı informasiya və məsləhət xidmətləri göstərən, bu kvalifikasiyaların qiymətləndirilməsini həyata keçirən və beynəlxalq təhsil sənədlərinin tanınmasına yardımçı olmaqla milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edən milli mərkəzlər daxildir. Avropa İttifaqında diplomların, diploma əlavələrin, kredit transferi sistemlərinin tanınması haqqında məlumatların verilməsini təmin edir. Göründüyü kimi ENİC/NARİC Avropa Regionu üzrə X3 (ARİMŞ)/Təhsil Sənədlərinin Tanınması üzrə X1 ki, bu Şəbəkə milli təhsil sistemləri arasında inteqrasiyanı təmin edir. Bu hal isə öz növbəliyində həmin Şəbəkəyə daxil olan məlumatların həqiqiliyində şübhə doğurmur. Belə ki, iddiaçının “Biznesin idarəedilməsi” ixtisası aldığı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı akkreditasiyadan keçməmiş və onun dövlət lisenziyası olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, İsveçrə də akkrediyasiya prosesi “Ali təhsil haqqında qanun” əsasında həyata keçirilir və bu poses X6 tərəfindən idarə edilir. Akkreditasiya prosesini uğurla başa vurmuş ali təhsil ocaqlarının X4 veb səhifəsində yer almışdır ki, iddiaçının “Biznesin idarəedilməsi” ixtisası aldığı İsveçrə Konfederasiyası Avropa Universiteti Biznes Məktəbinin Barselona filialı həmin siyahıda göstərilməmişdir. Eyni zamanda qeyd ediləlməldir ki, “Təhsil haqqında” Qanununun 16.5-ci maddəsinə əsasən Azərbayacn Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisensiya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. “Lisenziyalar və icazələr haqqında” “Azərbaycan Respublikası Qanununa əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxildir (1 №li Əlavə). Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin xx.xx.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”in 1.5-ci bəndinə əasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərindədir və təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun, o cümlədən xüsusi razılıq və ya lisenziya əsasında fəaliyyət göstərməsinin təmin edilməsi, qanunsuz fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qadağan olunması dövlətin aidiyyəti qurumlarının məsuliyyət sferasına aiddir. Göründüyü kimi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktlarına görə belə ali təhsil müəssisənin tədrisin həyata keçirilməsi üçün akkreditasiyadan keçməsi zəruridir. Məhkəmə, bir daha qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblər arasında qeyd olunduğundan, habelə sözügedən Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən əhəmiyyətli fərqin (təhsilinin növbəti səviyyədə davam etdirilməsi və (və ya) ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərqlər) mövcudluğu tanınmadan imtina üçün əsas kimi qeyd edildiyindən, cavabdehin imtina əsası kimi göstərdiyi hal əsaslı hesab olunur. İddiaçının müraciətinə əsasən inzibati icraatın aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa) tanınma üzrə mənfi qərarın qəbul edilməsi üçün əsaslar arasında göstərilmişdir. İddiaçının diplomuna İsveçrə Apostille şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçının diplomuna İsveçrə Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-104/2020 saylı iş üzrə qəbul etdiyi 04 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddiaçının kvalifikasiyanın tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının kvalifikasiyadan tanınması ilə bağlı imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar