Məhkəmə qərarları › İş №2-1(112)-11940/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11940/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11940/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. Sözügedən fərdi yaşayış evi X3 mülkiyyətində olmuş, sonradan X6 ilə İddiaçı aralarında alqı-satqı müqaviləsi bağlanaraq, sözügedən fərdi yaşayış evi X2 İddiaçı satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilərək verilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 4 saylı Qərara ilə, təqdim edilmiş layihə sənədlərinə uyğun olaraq yuxarıda qeyd olunan yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılmasına razılıq verilmişdir. Fərdi yaşayış evində yenidən qurma və yenidən planlaşdırma işləri aparıldıqdan sonra mövcud vəziyyətə uyğun eskiz layihəsi tərtib edilmiş və layihə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...fərdi yaşayış evində aparılmış yenidənqurma işləri ilə bağlı mövcud vəziyyəti uyğun İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmiş layihə təqdim edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış evinin mülkiyyətə verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mənim mülkiyyətindədir. Mülkiyyətində olan daşınmaz əmlakda yenidənqurma işləri tərəfindən görülümüşdür. Bununla bağlı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 04 nömrəli qərarı ilə yaşayış sahəsinin yenidən qurulmasına və yenidən planlaşdırılmasına razılıq verilmişdir. Həmin fərdi yaşayış evinin layihəyə uyğun mülkiyyətə verilməklə adıma çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etdim, lakin çıxarışın verilməsindən imtina olundu. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 4 №-li qərarı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması haqqındadır, lakin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü, yerində 3 mərtəbəli yarımzirzəmili tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Yeni inşa edilmiş tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər və tikilinin mövcud vəziyyətinə uyğun İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmiş layihə təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu ərazisidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndiriıməyən hallarına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X4 məxsus olmuşdur. Fərdi yaşayış evi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində yerləşir. L.Sadıxova həmin evin yenidən qurulması və yenidən planlaşdırılmasına razılıq verilməsi ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2019-cu il tarixli, 4 saylı Qərarı ilə təqdim edilmiş layihə əsasında həmin işlərin görülməsinə razılıq verilmişdir. X1 həmin evi iddiaçıya satmış və hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Evdə aparılan yenidən qurulma və yenidən planlaşdırılma işlərinə dair 2023-cü ildə tərtib edilmiş layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təsdiq edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı evin layihəyə uyğun olaraq faktiki vəziyyətinə uyğun olaraq hüququnun qeydə alınması, yeni çıxarışın və texniki pasportun verilməsinə yönəlmişdir. Cavabdeh dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü, yerində 3 mərtəbəli yarımzirzəmili tikilinin inşa edildiyi müəyyən olunduğunu, yeni inşa edilmiş tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər və tikilinin mövcud vəziyyətinə uyğun İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmiş layihə təqdim edilməməsinə istinda edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qeyd edilmişdir: Həmin normada Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair iki fərqli prosedur müəyyənləçdirilmişdir (maddə 8.0.10): tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (maddə 8.0.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (maddə 8.0.10.2). İşin mübahisələndirilməyən halıdır ki, iddia predmetini təşkil edən daşınmaz əmlak fərdi yaşayış evidir və həmin evə dair hüquqmüəyyuənedici sənəd mövcuddur. Evin yenidən qurulması və yenidən planlaşdırılması 2013-cü ildən sonra baş həyata keçirilmişdir, Belə olan halda, hazırkı mübahisəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. və 8.0.10.2-ci maddəsi tədbiq edilməlidir. Həmin normanın dispozitiv şərtlərinin mövcud olması üçün: 1) iddiaçı torpaq sahəsinə üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim etməlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsi isə istifadəsində olması dövlət reyestrdindən verilən çıxarışla təsdiq edildiyindən iddiaçından həmin sənədlərin tələb edilməsi əsassızdır. Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi tərtib edilmiş və tikinti barədə məlumatlandırılan orqan olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təsdiq edilmişdir. Layihənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən təsdiq edilməsi, həmin İdarənin aparılmış işlərdən məlumatlı olmasını və razılıq verməsini təsdiq edir. Bundan başqa, hələ tikinti işləri görülməmişdən əvvəl İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2019-cu il tarixli, 4 saylı Qərarı ilə təqdim edilmiş layihə əsasında həmin işlərin görülməsinə razılıq verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 47.2. Bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq kadr potensialının olduğu və maddi-texniki bazasının imkan verdiyi hallarda sifarişçi layihəçinin və (və ya) podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürə bilər. 47.3. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçinin funksiyaları müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə dövlət orqanlarına və ya müəssisələrinə həvalə edilir. 47.4. Sifarişçi: 47.4.1. müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir; 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; 47.4.3. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texnikiiqtisadi əsaslandırma (və smeta) sənədlərinin elektron formada hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin edir; 47.4.4. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin isə həm də texniki-iqtisadi əsaslandırma və smeta sənədlərinin ekspertizadan keçirilməsini təmin edir; 47.4.5. müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; 47.4.6. tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında” Əsasnamə: 1.1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun (bundan sonra - Qoruq) mühafizə (bufer) zonası (bundan sonra - Zona) Qoruq ətrafında müəyyən edilən əlavə tənzimləmə sahəsidir. 1.2. Zona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli 85 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra - Nazirlik), Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə razılaşdırılmış plan-sxemdə əks olunan ərazini əhatə edir. 1.3. Zonanın şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. 3.1. Zonanın hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi hüquqi rejimli sahə hesab olunur. 3.2. Zonada yerləşən torpaq sahəsi dövlət mülkiyyətindədir və onun bələdiyyəyə və ya xüsusi mülkiyyətə verilməsinə yol verilmir. 4.5. Zonada istənilən obyektin və ya qurğunun quraşdırılması yerlərinin müəyyənləşdirilməsi, həmin layihələrin keyfiyyəti və məkana uyğunluğu baxımından qiymətləndirilməsi İdarənin iştirakı və razılığı ilə həyata keçirilir. 4.6. Bu Əsasnamənin 4.4-cü və 4.5-ci bəndlərində göstərilən işlərin həyata keçirilməsi üçün görüləcək işlərin həcmi, ünvanı, məzmunu, abidələrə və yeraltı mədəni təbəqələrə ziyan dəyməməsi üçün təhlükəsizlik tədbirləri barədə məlumatlar eskiz və işçi layihəsi əlavə olunmaqla İdarəyə əvvəlcədən təqdim edilməlidir. Layihə üzrə hər hansı bir obyektin (qurğunun) tikilməsi (quraşdırılması) nəzərdə tutulduqda, həmin obyektin (qurğunun) funksional təyinatı, avadanlıqlarının texniki göstəriciləri və iş qaydası, fəaliyyəti nəticəsində mövcud nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinə və ətraf mühitə göstəriləcək təsirə dair məlumatlar verilir. Müraciətdə göstərilən işlərin Zonada aparılmasının zəruriliyi əsaslandırılmalı, bu məqsədlər üçün digər ərazilərdən istifadənin qeyri-mümkünlüyünə dair təsdiqləyici sənədlər məlumatlara əlavə edilməlidir. 4.7. Təqdim edilmiş sənədlər əsasında İdarə tərəfindən 30 gün müddətində abidələrin təhlükəsizliyi üçün müvafiq qorunma tədbirləri və işlərin görülməsi şərtləri müəyyən edilməklə, onların həyata keçirilməsinə razılıq verilir və ya razılıq verilməsindən əsaslandırılmış şəkildə imtina edilir. Razılıq məktubunda həmçinin İdarənin görüləcək işlərin gedişinə nəzarət və əlaqələndirmə funksiyalarını yerinə yetirəcək səlahiyyətli nümayəndələri barədə informasiya əks olunur. Qeyd edilənlərə əsasən cavabdehin həmin normalara istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin 4 №-li qərarı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması haqqındadır, lakin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü, yerində 3 mərtəbəli yarımzirzəmili tikilinin inşa edildiyi müəyyən olunmuşdur. Yeni inşa edilmiş tikiliyə dair hüquqmüəyyənedici sənədlər və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmiş layihə təqdim edilməmişdir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək bildirir ki, cavabdeh qeyd etdiyi kimi, ev söüklərək yeni ev inşa edildiyi halda belə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. və 8.0.10.2-ci maddəsində qeyd edilən hüquqmüəyyənedici sənədlərə malikdir. Bundan başqa, iddiaçı fərdi yaşayış evinin faktiki vəziyyətinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini təqdim etmiş və həmin layihə İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan cavabdeh İdarənin əməkdaşları tərəfindən yerli baxışın nəticələrinə dair müayinə aktından müəyyən edilir ki, təqdim edilmiş və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiq edilmiş layihə evin mövcud vəziyyətinə uyğundur. Göründüyü kimi, cavabdehin imtinasında qeyd edilən hal əsasız olmaqla heç bir hüquq normasına söykənməməklə, cavabdehin mülahizələrindən ibarətdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evinin faktiki vəziyyətinə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar