Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11943/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “şəhadətləndirilmənin aparılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlıq vəziyyətinin şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ehtiyatda olan kapitan İddiaçı xx xxxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Qarababa kəndində anadan olmuşdur. 1997-2021-ci il tarixlərində Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitunda təhsil almışdır. 2001-2002-ci illərdə Dövlət Sərhəd xidmətinin 2010 saylı Sərhəd dəstəsində xidmət etmişdir. 2006-cı ildə Fövqaladə Hallar Nazirliyinə xidmətə qəbul olmuşdur, müxtəlif vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri üzrə FHN-yi X4 üzrə X2 və Neftçala rayonları üzrə şöbənin rəisi vəzifəsində çalışmışdır. 2011-ci ildə ümumi tibbi yoxlanışdan keçən zaman sidik kisəsindən diameteri 0.9 sm olan polip aşkar edildi və Daxili işlər Nazirliyinin Hərbi qospitalında əməliyyat edilərək həmin şiş sidik kisəsindən götürülmüşdür. İddiaçı 2016-cı ilə qədər hər üç aydan bir mütəmadi həkim yoxlanışından keçmiş və beş il müddətində heç bir patalogiya aşkar edilməmişdir. Əməliyyatdan 5 il keçdikdən sonra 2016-cı il oktyabr ayında həmin xəstəliyin olması səbəbindən hərbi xidmətinə xitam verilmiş, o cümlədən xəstəlilklə əlaqədar olaraq İİ qrup əlillik verilərək təqaüdə çıxarılmışdır. 2021-ci ildə DSMF-dan təkrar tibbi yoxlamaya çağırıldıqda xəstə olmadığı, xəstəlikdən tamamilə sağaldığı aşkar olunduğundan ikinci qrup əlilliyi ləğv edilmişdir. Bununla əlaqədar təyinati üzrə ona verilən ikinci qrup əlillik üzrə pensiya təminatı 2021-ci il dekabr ayından tamamilə dayandırılmışdır. Səhhətində heç bir problemin qalmaması səbəbindən ona təyin olunan pensiya dayandırıldığından Fövqaladə Hallar Nazirliyinə və Dövlət Sərhəd xidmətinə müraciət edərək xidmətə qəbul olunmağı xahiş etmişdir. Lakin onun xəstə olması səbəbindən o, xidmətə qəbul edilməmişdir. Hazırda ona sağlam olmağına görə pensiya təyin edilmir, lakin Nazirlik onu xəstə olduğuna görə işə qəbul etmir. Halbuki o, özünü tam sağlam və hərbi xidmətə tam yararlı hiss edir və yenidən xidmətə bərpa olunub dövlətə xidmət etmək istəyir. Əvvəlki xidmət yerinə işə bərpa edilməyi, o cümlədən Dövlət Sərhəd Xidmətinə işlə təmin olunmağı üçün o, müraciət etmiş, lakin ona bildirilmişdir ki, yenidən şəhadətləndirilib sağlam olmağı təsdiq olunarsa, o, işlə təmin olunacaqdır. Ona görə də iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək yenidən şəhadətləndirilməyini xahiş etsə də, onun müraciətinə baxılmaqdan imtina edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin 10 iyul 2023-cü il tarixli, 18-17/2-R-8-42/2023 nömrəli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş İdarəsinin Kadr təminatı baş idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin rəisinin xx.xx.2016-cı ıl tarixli 798 nömrəli göndərişinə əsasən daxili xidmət kapitanı İddiaçı xx.xx.2016-cı il tarixində Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən şəhadətləndirilərək “Sidik kisəsinin xərçəngi, transuretal rezeksiya cərrahi əməliyyatından (xx.xx.2011) və 2 (iki) kurs sidik kisəsi daxili monokimya terapiyadan (xx.xx.2011, xx.xx.2011) sonrakı vəziyyət. Xroniki bronxit, xarici tənəffüs funksiyasının pozulmaması ilə. İİ (ikinci) dərəcəli alimentarkonstitusional piylənmə (BÇİ-35,07)” diaqnozu və “Xəstəlikdir, xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə «Xəstəliklər cədvəli» nin 8 b maddəsinin İİİ qrafasına və ƏTC - nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1070 №-li, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində iddiaçıya aid tibbi və ya hərbitibbi heç bir sənəd aşkarlanmadı. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası Müdafiə Nazirliyinə tabe olan hərbi hissə və birləşmələrdə xidmət edən hərbi qulluqçuların xəsarətlərinin (yaralanma, kontuziya, travma), xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsini təyin edir. İddiaçıya müvafiq tibbi və ya hərbi-tibbi sənədlərlə xidmət etdiyiniz qoşun növünün hərbi-həkim komissiyasına müraciət etməsi izah olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda sağaldığını bildirməklə, onun sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi və tibbi şəhadətləndirilmənin keçirilməsini xahiş edir. Lakin iddiaçı bu tələbini, onun sağlamlıq vəziyyətini ilkin olaraq şəhadətləndirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə qarşı deyil, hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır.Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. Həmin Əsasnamənin 1.9-cu bəndinə əsasən hərbi-həkim komissiyasının (həkimuçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı ilkin olaraq Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti tərəfindən hərbi hərbi həkim ekspertizası əsasında sağlamlıq vəziyyətinə dair şəhadətləndirildiyi halda, o, sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia irəli sürmüşdür. Lakin nəzərə alınır ki, Müdafiə Nazirliyin Hərbi Həkim Komissiyası yalnız Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və ya birləşmələrdə xidmət edən şəxslərin sağlamlıq vəziyyətinə dair şəhadətləndirmə keçirmək səlahiyyətinə malikdir. İddiaçının Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidmət keçməsi müəyyən olunmadığından, hazırki cavabdehin iddiaçının şəhadətləndirilməsini təmin etmək kimi bir səlahiyyəti olmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası iddiaçının tələbi üzrə cavabdehlik daşımadığından, iddia mümkünlük şərtlərinə cavab vermir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11943/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11943/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver