Məhkəmə qərarları › İş №2-1(112)-11945/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11945/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11945/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şir Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilməsi barədə iddia tələbinə dair inzibati işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında şəhadətnamədə doğum tarixinə düzəliş edilməsi, yəni yanlış olaraq qeyd edilmiş 28.06.1999-cu il doğum tarixinin düzəliş edilərək 19.06.1999-cu il tarixinin qeyd edilməsi üçün lazımi olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəxsiyyət vəsiqəsi almaq üçün 5 saylı Bakı “Asan xidmət” Mərkəzinə 175088 nömrəli doğum haqqında şəhadətnamə ilə birlikdə müraciət etmişdir. Lakin, ona bildirilmişdir ki, doğum haqqında şəhadətnaməsində doğum tarixi səhv qeyd edilmişdir. Buna görə də, şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. Qeyd edir ki, əvvəldən qeydiyyatda doğum tarixi düzgün, yəni 19.06.1999-cu il olaraq yazılmışdır. Doğum haqqında şəhadətnamədə isə doğum tarixi yanlış olaraq 28.06.1999cu il göstərilmişdir. Bu yanlışlığın düzəldilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, onun bu müraciətinə cavab olaraq, 28.10.2021-ci il tarixində imtina məktubu gəlmişdir. Bildirilmişdir ki, doğum tarixinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından, yəni, doğulduğu dövrdə mövcud olan doğum evindən doğum yerini təsdiq edən tibbi sənəd olmadığından düzəlişin edlməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda düzəliş məhəmə qətnaməsi əsasında aparılır. Həmçinin, ona həmin şöbə tərəfindən şifahi qaydada bildirilmişdir ki, həqiqətən əvvəlcədən qeydiyyatda onun doğum tarixi düzgün (19.06.1999) qeyd edilmiş, lakin, doğum haqqında şəhadətnamədə yanlışlığa yol verilmişdir. Müvafiq düzəlişin edilməsi üçün yalnız məhkəmə qətnaməsi olmalıdır. Məlumat üçün bildirir ki, doğum haqqında şəhadətnaməsində doğum tarixinin düzgün göstərilməməsi səbəbilə şəxsiyyət vəsiqəsi ala bilməməsi onun üçün ciddi çətinliklər yaradır. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmilər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan iddiaçıya məxsus 18.06.2000-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28.06.1999-cu ildə Bakı şəhəri Əzizbəyov rayonunda anadan olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının “doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi ilə bağlı” müraciətinə cavab olaraq verilmiş 05/15-1201 nömrəli, 28.10.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, bildirilmişdir ki, təqdim etdiyi doğum haqqında şəhadətnmədə doğum tarixi 28.06.1999-cu il yazılmışdır. Doğum tarixinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından, yəni doğulduğu dövrdə mövcud olan doğum evindən doğum yerini təsdiq edən tibbi sənəd olmadığından düzəlişin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə müvafiq Vətəndaşlıq Vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra Hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər. İşdə olan cavabdeh tərəfindən iddiaçının “doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə” müraciətinə cavab olaraq verilmiş 05/15-1201 nömrəli, 28.10.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanların, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”-ların 1.14-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında təkrar şəhadətnamə ilə təmin olunacaqdır. Məhkəmə qeyd edir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixinə düzəliş edilməsi ilə bağlı cavabdeh tərəfindən ərizəsinə baxılmış və onun müraciətindən doğumu barədə tibbi sənəd olmadığından imtina edilmişdir. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsində düzəliş edilərək doğum tarixinin (yaşının) 28.06.1999-cu il deyil, 19.06.1999-cu il kimi göstərilməsini xahiş edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.2-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının yaşı mübahisəli məsələdir. Onun yaşı ilə bağlı məlumatlar ziddiyyətlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki halda sözügedən iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar