Məhkəmə qərarları › İş №2-1(112)-11947/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11947/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11947/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, sahə 131C ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, sahə 131C ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli **********58 nömrəli və xx.xx.2025-ci il tarixli məktublarla hüquqların qeydiyyatından imtina olunmuşdur. Cavabdeh orqan imtina qərarını əsaslandıraraq bildirmişdir ki, sənədlə olan torpaq sahəsinin 243.0 kv.m. hissəsi qonşunun hasarı daxilindədir və əlavə olaraq qanunsuz zəbt edilmiş sahədə tikinti aparılmışdır. Nəticədə tikili "özbaşına tikinti" kimi qiymətləndirilmiş və mülkiyyət hüququnun qeydiyyatından imtina edilmişdir. Qevd olunan imtina qərarı əsassız və qanunsuzdur. Belə ki, mübahisəyə səbəb göstərilən torpaq sahəsi uzun illərdir ailəsi tərəfindən qanuni şəkildə istifadə olunmuş və heç bir qonşu ilə sərhəd mübahisəsi və ya mülki şikayət halı baş verməmişdir. Cavabdeh orqanın istinad etdiyi Mülki Məcəllənin 180.1-ci maddəsi yalnız şəhərsalma və torpaq istifadəsi normalarını ciddi şəkildə pozan və ya ümumiyyətlə torpaq ayrılmadan aparılmış tikililərə tətbiq edilə bilər. Halbuki, onun inşa etdiyi tikili qeyd olunan hallara aid deyil. Belə ki, tərəfindən xx.xx.2020-ci il tarixli ərizə ilə Xəzər İcra Hakimiyyətinə müraciət edilərək hazırda mülkiyyət hüququnu qeydiyyata alınmasını istədiyi fərdi yaşayış evinin tikintisə dair məlumatlandırılma icraatı çərçivəsində zəruri məlumatlar verilmişdir. Hüquqi baxımdan onun mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunla qorunur. Qeyd olunan qanunvericiliyə əsasən, tikinti qanuni sənədlərlə aparılmış və müvafiq torpaq sahəsi ayrılmış olduğu halda, həmin daşınmaz əmlakın reyestrdə qeydiyyata alınması təmin edilməlidir. Cavabdeh orqan isə onun bu hüququnu formal və qeyri-müəyyən əsaslarla məhdudlaşdırmış, nəticədə mülki hüquqlarının gerçəkləşməsinə əngəl yaratmışdır. Cavabdeh tərəfindən verilmiş inzibati akt hüquqi əsası yoxdur və inzibati hüquq normalarına, xüsusən də "İnzibati icraat haqqında" Qanunun şəffaflıq, obyektivlik və hüquqlara hörmət prinsiplərinə ziddir. “İnzibati İcraat haqqında Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtina məktubu iddiaçı tərəfindən xx.xx.2025-ci ildə əldə edilib.

3. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, sənədlə olan torpaq sahəsinin 243.0 kv.m hissəsi qonşunun hasarı daxilindədir. Həmçinin, əlavə olaraq 330.0.0 kv.m torpaq sahəsi zəbt edilərək istifadə edilir və evin 96.0 kv.m hissəsi həmin torpaq sahəsinin üzərində yerləşir.

4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, sənədlər üzrə torpaq sahəsinin 243.0 kv.m hissəsi qonşunun hasarı daxilindədir. Həmçinin əlavə olaraq 330.0.0 kv.m torpaq sahəsi zəbt edilərək istifadə edilir və evin 96.0 kv.m hissəsi həmin torpaq sahəsinin üzərində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 131C ünvanında yerləşən 0.03 torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Qala qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə yaşayış evi (3 otaq) y/s 50, k/s 29,5, üm/s 79,7, torpaq sahəsi 300 kv.m, faktiki sahə üzrə 387 kv.m təşkil edir. Torpaq sahəsi 300,0 kv.m, faktiki isə 387,0 kv.m-dir. Belə ki, mülkiyyətdə olan torpağın 243,0 kv.m qonşunun hasarı daxilində, 57,0 kv. isə ərizəçinin hasarı daxilində yerləşir. Hasar daxili 330 kv.m torpaq sahəsi artıqdır. Tikinti altı sahə 96,0 kv.m artıqdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

10. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. İddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, sahə 131C ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

18. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.

19. Belə ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarış təqdim edilsə belə, cavabdehin müayinə aktından bəlli olur ki, sözügedən fərdi yaşayış evinin altında olan torpaq sahəsinin 243.0 kv.m hissəsi qonşunun hasarı daxilindədir, əlavə 330.0 kv.m torpaq sahəsi zəbt edilərək istifadə edilir və fərdi yaşayış evinin 96.0 kv.m hissəsi həmin torpaq sahəsinin üzərində yerləşir.

20. Göründüyü kimi, fərdi yaşayış evi zəbt edilmiş torpaq sahəsi üzərində tikilmişdir.

21. Beləliklə ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir.

22. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. Bu səbəbdən iddia əsassız hesab edilməli və rədd edilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar