Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1195/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İT-İ seriyalı ******* nömrəli 16 yanvar 1984-cü il tarixli “Əmək kitabçası”na əsasən iddiaçı 16 yanvar 1984-cü il tarixdən 20 aprel 1984-cü il tarxədək xxxx-də X9 və Avtomatika sexində X9 və avtomatika avadanlıqlarının istismarı və təmiri üzrə 6 dərəcəli elektrik çilingəri vəzifəsində, 20 aprel 1984-cü il tarixdən 2 sentyabr 1985-ci il tarixədək həmin sexdə informasiya hesablama kompleksinə xidmət üzrə mühəndis vəzifəsində, 2 sentyabr 1985-ci il tarixdən 4 yanvar 1987-ci il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində informasiya hesablama kompleksinə operativ xidmət üzrə böyük mühəndis vəzifəsində, 4 yanvar 1987-ci il tarixdən 1 fevral 1989-cu il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektrik təminatı üzrə usta vəzifəsində, 1 fevral 1989-cu il tarixdən 4 oktyabr 2012-ci il tarixədək tam təsərrüfat hesabına və əməyin ödənilməsinin yeni sisteminə keçidlə əlaqədar həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektron təminatı üzrə İ qrııp usta vəzifəsində, 4 oktyabr 2012-ci il tarixdən 6 may 2013-cü il tarixədək həmin sexin nəzdində “İstehsalat proseslərinin avtomatik idarəetmə sistemi” sahəsində aparıcı mühəndis vəzifəsində, 6 may 2013-cü il tarixdən 12 aprel 2016-cı il tarixədək həmin sexin “Texnoloji avadanlıqların avtomatik idarəolunmasma xidmət” sahəsində aparıcı mühəndis vəzifəsində işləmiş, 12 aprel 2016-cı il tarixdən hal-hazıradək həmin sexin “İstilik ölçmə” qrupunda aparıcı mühəndis vəzifəsində işləyir. xxxx-də (indiki “xxxx” MMC) 8 saatlıq iş vaxtı ərzində əmək funksiyası qazan, turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilikölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərinin yerinə yetirilməsindən ibarətdir. Eləcə də, iş rejimi ərzində səs-küy, titrəmə, toz, sürətli hava axım, nisbi rütubət (nəmlik), havanın temperaturunun normadan yuxarı, yüksək olması faktorları var. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli və ağır iş şəraitində yerinə yetirdiyi üçün ona 1984-cü il tarixdən 2012-ci ilədək aylıq əmək haqqının 8%-i miqdarında, 2012-ci ildən başlayaraq isə əmək haqqının 12%-i miqdarında əlavə əmək haqqı ödənilmiş, habelə zərərli iş şəraitində işlədiyinə görə əmək məzuniyyətinə əlavə məzuniyyət günləri verilmişdir. Əmək kitabçasına görə onun hal-hazıradək 36 ildən çox ümumi əmək stajı var. Yuxarıda göstərilənlərə və AR Konstitusiyasının 12, 38, 74, 149-cu maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9, 31.1-ci maddələrinə, və İPM-nin 2.2.2, 14.3-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 20 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təhyin olunması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və qanuna zidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 şəhər “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 16 yanvar 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 16 yanvar 1984-cü il tarixdən 2 sentyabr 1985-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də X9 və avtomatika sexində X9 və avtomatika avadanlıqlarının istismarı və təmiri üzrə elektrik çilingəri, 2 sentyabr 1985-ci il tarixdən 4 yanvar 1987-ci il tarixədək həmin sexin informasiya hesablama kompleksində xidmət üzrə böyük mühəndis və 4 yanvar 1987-ci il tarixdən 4 oktyabr 2012-ci il tarixədək həmin sexin avtomatik idarə etmə sahəsində və elektrik təminatı üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, həmin sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsaslanaraq, İPM-in 1.2-ci maddəsini, AR Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxx 1961-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, A.Qurbani küçəsi, ev 21, mənzil 3-dür. İş materiallarında olan ИВ seriyalı 040884 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978 – 1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İş materiallarından görünür ki, “xxxx” ASC “Azərbaycan X4” MMC-nin 07-112 nömrəli 13 oktyabr 2020-ci il tarixli arayışda aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən Az İES-in X9 və Avtomatika Sexində qulluq etdiyi avadanlıqlar Qazan və Turbin sexində yerləşir və əmək funksiyasını həmin sexdə yerinə yetirir. İş materiallarından görünür ki, “xxxx” ASC “Azərbaycan X4” MMC-nin 02 nömrəli 11 mart 2020-ci il tarixli işin xarakteri haqqında arayışda aşağıdakılar qeyd olunur: - İddiaçı (xx xxxx 1961-ci il tarixdə doğulmuş) 1 sentyabr 1978-ci il tarixdə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş və 11 avqust 1983 cü il tarixdə bitirmişdir və təyinatla xxxx-ə göndərilmişdir. O, 16 yanvar 1984cü il tarixdə Az.DRES-də X9 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamışdır (əmr № 42, 17 yanvar 1984-cü il). 20 aprel 1984-cü il tarixdə həmin sexin informasiya hesablama kompleksinə (İHK) xidmət üzrə mühəndis (əmr № 86, 21 aprel 1984-cü il), 2 sentyabr 1985-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəetmə sahəsində İHK-nə operativ xidmət üzrə böyük mühəndis (əmr № 168, 9 sentyabr 1985-ci il), 4 yanvar 1987-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəetmə sahəsində və elektrik təminatı üzrə usta (əmr № 08, 15 yanvar 1987-ci il) işləmişdir. 1 fevral 1989-cu il tarixdən təsərrüfat hesabına keçidlə və əmək haqqının ödənilməsinin yenilənməsi ilə əlaqədar olaraq İÖC və A sexinin Avtomatik idarə etmə sahəsində elektron təminatı üzrə (əmr № 40, 1 mart 1989cu il) İ qrup usta vəzifəsinə keçirilmişdir. İddiaçı 15 yanvar 1987-ci il tarixdən 4 oktyabr 2012-ci il tarixədək İÖC və A sexində usta vəzifəsində işləmişdir. 4 oktyabr 2012-ci il tarixdən İÖC və A sexinin nəzdində istehsal proseslərinin avtomatik idarəetmə sistemi sahəsində aparıcı mühəndis (əmr № 272/Ş, 3 oktyabr 2013-cü il), 6 may 2013-cü il tarixdə İÖC və A sexinin “Texnoloji avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsinə aparıcı mühəndis (əmr № 79/Ş, 1 may 2013-cü il), 12 aprel 2016-cı il tarixdə İÖC və A sexinin “İstilik ölçmə” qrupuna aparıcı mühəndis (əmr № 79/Ş, 12 aprel 2016-cı il) keçirilmişdir. Hal-hazırda işləyir. İddiaçı birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün İddiaçı 1984 – 2012-ci il illərdə 8%, 2012-ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı 17 yanvar 1984-cü il tarixdən indiyədək hal-hazırkı tutduğu vəzifədə güzəştli şərtlərlə təqaüdə çıxması üçün AR Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. xxxx”ASC-nin 25 aprel 2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq xxxx – Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. “xxxx” ASC-nin AÜ/002 saylı 5 yanvar 2006-cı il tarixli əmrinə əsasən “xxxx” MMC “Azərbaycan X4” MMC adlandırılmışdır. İş materiallarında olan “xxxx” ASC “Azərbaycan X4” MMC-nin 07-16 nömrəli arayışda aşağıdakılar qeyd olunur: - Verilir hazırda “xxxx” MMC-də X10 və Avtomatika sexində “Ölçmə qrupu”nda aparıcı mühəndis vəzifəsində işləyən İddiaçı (1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, 16 yanvar 1984-cü il tarixdə X9 və Avtomatika sexində 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İlk dəfə əmək fəaliyyətinə “xxxx”-də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən 16 yanvar 1984-cü il tarixdə ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vətəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı xxxx ASC-nin 25 aprel 2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” – “Azərbaycan Dövlət Rayon X4” MMC adlandırılmışdır. “xxxx “ASC”-nin 5 yanvar 2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC – “xxxx” MMC adlandırılmışdır. Əvvəlki möhürlər Qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün halhazırda Kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı 16 yanvar 1984-cü il tarixdən bir müəssisədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə “xxxx” MMC-nin Kadriar şöbəsinin möhürü vurulmuşdur. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 13 mart 2020-ci il tarixli 17 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - Verilir istefada olan leytenant 1961-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, o, həqiqətən 11 oktyabr 1993-cü il tarixdən 8 noyabr 1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 11 oktyabr 1993-cü il tarixdən 12 may 1994-cü il tarixədək müvafiq hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir, müharibə veteranıdır. İş materiallarında olan “xxxx” ASC “Azərbaycan X4” MMC-nin məhkəməyə ünvanlanmış (müvafiq sorğuya cavab olaraq) 30 dekabr 2020-ci il tarixli 3 nömrəli məktubunda aşağıdakı məlumat təqdim olunur: - “xxxx” MMC qapalı X2, stansiyada olan hər bir enerji bloku ayrılıqda turbin, qazan və generatordan ibarətdir. Turbin, qazan və onun köməkçi avadanlıqlarının işinə nəzarət etmək, idarə etmək və tənzimləmə üçün lazım olan X9 və Avtomatika (İÖCA) sexinin xidmətinə aid istilik ölçmə, ölçmə (təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) istilik avtomatikası və texnoloji proseslərin avtomatik idarə olunması sistemləri ilə təmin olunmuşdur ki, onlar da Qazan, Turbin avadanlıqlarına aiddir və 1 və 2 saylı Qazan-Turbin sexində yerləşir. İÖCA sexinin xidmətinə aid olan və Qazan-Turbin avadanlıqlarında quraşdırılan datçiklər (temperatur, təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) çeviricilər, çevrilmiş parametrlər hərf-rəqəm (informasiya) şəklində enerji bloklarını idarə etmək üçün idarəedici heyətə (bloku idarə edən maşinist, operator və s.) elktron avadanlıqlar (yəni videoterminallar, manitorlar, EHM (kompyuter)) vasitəsilə çatdırılır. İddiaçı usta kimi həmin Qazan, Turbin və onların köməkçi avadanlıqlarının, qurğularının yerində təmiri, sazlanması, quraşdırılması, elektrik və elektron təminatı, habelə dəyişdirilməsi (yenilənməsi) işlərini birbaşa 1 və 2 saylı Qazan-Turbin sexində yerinə yetirir. İddiaçı iş vaxtı xidmət etdiyi avadanlıqların və qurğuların yerləşdiyi 1 və 2 saylı Qazan-Turbin sexinin bütün sahələrində müxtəlif zərərli faktorlar (səs-küy, titrəmə, yüksək temperatur, hündürlük, sürətli hava axını, nisbi rütubət, işin ağırlığı və s.) mövcuddur və İddiaçı gündəlik iş rejimində həmin faktorların təsirinə məruz qalır. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli iş şəraitində yerinə yetirdiyi üçün ona hər ay əmək haqqının əvvəllər 8%-i, 2012-ci ildən isə 12%-i həcmində əlavə əmək haqqı ödənilir və 06 təqvim günü əlavə məzuniyyət verilir. İddiaçı usta kimi tutduğu vəzifə AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda 13-cü bölmənin “b” bəndinə (kod: 2140000b – 23362) uyğundur, eləcə də AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 24-cü bölmənin “b” bəndinə (avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbini), yanacaqötürmə, tozhazırlama)) uyğundur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək ali təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında göstərilən iş dövrləri nəzərə alınmaqla ümumilikdə 25 ildən çox ümumi iş stajına malikdir. O, həmin dövrün 12 il 6 aydan artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə (vəzifələrə) aid olduğunu bildirərək «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinadən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə əmək fəaliyyətinin olmaması əsası ilə, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçının 1 yanvar 2006-cı il tatixədək 25 ildən artıq səğorta stajının olması işin mübahisələdirilən hallarına aid deyil. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsaəsn axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinə 2140000b – 23362 kodu ilə müəyyən edilən “avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama” peşəsi daxil edilmişdir. Məhkəmə araşdırılması zamanı toplanmış sübutlar, o cümlədən iddiaçının işlədiyi müəssisənin yazılı məlumatı belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı 1987 – 2012-ci illərdə “Azərbaycan X4” MMC-də (əvvəlki adı xxxx) avtomatik idarəetmə sahəsində usta vəzifədə işləmişdir və bu vəzifə AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı təsdiq edilmiş 2 nömrəli siyahıda 2140000b – 23362 kodla nəzərdə tutulduğundan, onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı toplanmış olur. Odur ki, məhkəmə cavabdeh tərəfin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajının olmaması mövqeyi ilə razılaşmır və bunu əsassız qiymətləndirir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə uyğun olaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üç xüsusatlar şərtləndirilir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə çatması, 2) 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti zərərli və ağır olan digər işlərdə (AR NK-nın 320 nömrəli 21 iyu 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) işlərdə çalışması. Məhkəmə vurğulayır ki, İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır və cavabdehin ona həmin pensiyanın təyin olunmasından imtina etməsi qanuna zidd, eləcə də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan, yəni 20 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 20 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1195/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1195/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver