Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1195/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində olan “130” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********70 (3-21-3-30/2-5170/2024) nömrəli bildirişlə bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim olunan bağçılıqyoldaşlığın bölgü sxemi “Gülüstan-1” bağçılıq-yoldaşlıq təsərrüfatı üçün ayrılmış ayrıc aktına uyğun gəlmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətdə iddiaçı tərəfindən fərqli bölgü sxemi təqdim edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı, xx.xx.1989-cu il tarixli protokolundan çıxarışa əsasən ona ayrılmış 130 saylı 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı, xx.xx.1989-cu il tarixli protokolundan çıxarışa əsasən bağçılıq yoldaşlığı üzvü olmaq arzusunda olan Az NKİ əməkdaşlarına torpaq sahəsinin verilməsi planlanmış və “Gülüstan-1” bağ sahəsinə 130 saylı, 500 kv.m ölçüdə torpaq sahəsi onun hesab edilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsi onun istifadəndədir. “Gülüstan-1” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş, ona 130 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmiş, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 10 sentyabr 1989-cu il tarixli, 3 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası da mövcuddur. “Gülüstan-1” bağçılığın balansında olan torpaq sahəsinin istifadəsinə dair ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi təqdim edilmişdir. Həmin protokoldan çıxarışa əsasən ona ayrılmış torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla təhvil verilmiş, həmin torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliyində və istifadəsində olmaqla, faktiki mülkiyyətçi kimi davranır. Eyni zamanda, bütün kommunikasiya xətləri ilə təchiz olunmuşdur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərcləri ödəmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddianın rədd edilməsini xahiş etmiş və imtina məktubunda göstərilənlərə istinad edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim olunan bağçılıq-yoldaşlığın bölgü sxemi “Gülüstan-1” bağçılıq-yoldaşlıq təsərrüfatı üçün ayrılmış ayrıc aktına uyğun gəlmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciət zamanı iddiaçı tərəfindən fərqli bölgü sxemi təqdim edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 6/255 nömrəli qərarından görünür ki, Lenin rayonu, Nardaran qəsəbəsinin şimal-qərbində M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun 150 nəfər əməkdaşına bağçılıq yoldaşlıq üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı xx.xx.1989-cu il tarixli protokolundan çıxarışdan gğrünür ki, “Gülüstan-1” bağ sahəsində 130 saylı torpaq sahəsinin (500 kv.m) İddiaçı hesab olunması və ona BY üzvlük vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Neft və Kimya İnstitutunun “Gülüstan” bağçılıq yoldaşlığının 50 nömrəli üzvlük kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə üzvlüyə qəbul edilmiş, xx.xx.1990-cı ildə kitabça verilmişdir. Azərbaycan Neft və X2 İttifaqı Komitəsinin “Gülüstan-1” Bağçılıq-yoldaşlığının üzvü İddiaçı aid 130 nömrəli torpaq sahəsinin çizgisindən görünür ki, həmin torpaq sahəsi 500 kv.m-dir. Torpaq şimaldan 131, cənubdan 129 nömrəli torpaq sahələri ilə, şərqdən və qərbdən isə yol ilə əhatə olunmuşdur. İşdə olan Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahıdan görünür ki, İddiaçı siyahıda 130-cu qeyd olunmuş, ona 130 saylı bağ sahəsinin ayrıldığı göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin arxivində Gülüstan bağçılıq yoldaşlığın nəzdində İddiaçı ayrılmış 130 saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq (bağ) sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir, ara sərhəd şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Faktiki sahəsi 0.05 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq (bağ) sahəsinə dair digər fiziki şəxsin müraciəti qeydə alınmayıb. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq(bağ) sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir, ara sərhəd şərtidir. Darvaza yoxdur, giriş sərbəstdir. Faktiki sahəsi 0.05 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi Gülüstan bağçılıq yoldaşlıq ayrıc aktı daxilində yerləşir. Həmçinin bağçılıq yoldaşlığın bölgüsü əlavə olunmadığından dəqiq hansı bağ sahəsinin ərazisi olduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı hazırda “Gülüstan-1” bağçılıq yoldaşlıq tərəfindən onun istifadəsinə verilmiş 130 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş ona üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Lakin işdən görünür ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:
1. bağçılıq-yoldaşlığın bölgü sxemi “Gülüstan-1” bağçılıq-yoldaşlıq təsərrüfatı üçün ayrılmış ayrıc aktına uyğun gəlmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.
2. iddiaçı tərəfindən fərqli bölgü sxemi təqdim edilmişdir.
3. torpaq sahəsi qonşu sahələrlə ümumi hasar daxilindədir.
4. təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır.
5. protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürü yoxdur. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş bağçılıq-yoldaşlığın bölgü sxeminin “Gülüstan-1” bağçılıqyoldaşlıq təsərrüfatı üçün ayrılmış ayrıc aktına uyğun gəlmədiyini bildirsə də, xx.xx.2024cü il tarixli sorğuya cavab məktubunda “Gülüstan-1” bağçılıq yoldaşlığına aid bölgü sxeminin arxiv qovluğunda aşkar olunmadığını bildirmiş, xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd olunan ərazinin Gülüstan bağçılıq yoldaşlıq ayrıc aktı daxilində yerləşdiyini göstərmişdir. İddiaçı tərəfindən fərqli bölgü sxemin təqdim edilməsi və torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsi isə formal tələblər olmaqla, iddiaçının qanunla yaranmış hüququnun qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmasa da, protokoldan çıxarışda ayrılan torpaq sahəsinin 500 kv.metr olması müəyyən edilmişdir. Protokoldan çıxarışda “Gülüstan” bağçılıq-yoldaşlıq təsərrüfatının möhürünün olmamasına gəldikdə, iş materiallarından görünür ki, iddiaçıya 130 saylı bağ sahəsinin ayrılması Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının bağçılıq yoldaşlığı üzvlərinin “Gülüstan-1” sahəsi üzrə siyahı öz əksini tapmış, həmin siyahının mötəbər olması cavabdeh tərəfindən də qəbul edilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı Azərbaycan Neft və Kimya İnstitutunun rektorluğunun Həmkarlar İttifaqı komitəsi ilə birgə keçirdiyi iclasın 3 saylı, xx.xx.1989-cu il tarixli protokolundan çıxarışa əsasən ayrılmış 130 saylı 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova