Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11955/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə sosial müavinətdən artıq almaya görə tutulmanın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə təyin edilmiş sosial müavinətdən artıq almaya görə 2022-ci ilin aprel ayından tutulmanın ləğv edilməsinin və sosial müavinətin tam şəkildə ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ona yaşa görə təyin edilmiş müavinət üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il taarixinədək olan dövr üçün 1044,19 manat artıqlama yaranması və 2022ci ilin aprel ayından hər ay 36.00 manat tutulması məlum olmuşdur. Bununla bağlı olaraq, o, cavabdehə müraciət etmiş, ona verilmiş cavabda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək aktiv VÖEN aşkarlandığı və bu səbəbdən də, artıq alma yaranması və hər ay 36 manat tutularaq bərpa edilməsi göstərilmişdir. O, həmin dövrdə, ondan əvvəl və sonra da heç bir fəaliyyətlə məşğul olmamış, onun fiziki şəxs kimi vergi uçotuna alınması zərurəti olmamışdır. Onun fiziki şəxs kimi vergi uçotuna alınması barədə məlumatı olmamış, bunun kim tərəfindən edilməsi məlum deyldir. O, şəxsən vergi orqanına getməmiş, həmçinin internet vasitəsi ilə də, müraciət etməmiş, VÖEN almamışdır. Həmçinin ona vergi orqanından hər hası bir bildiriş, xəbərdarlıq və s. gəlməmişdir. Göründüyü kimi, heç bir fəaliyyət olmadığı, qazanc və gəlir əldə edilmədiyi halda hansı artıq almadan söhbət gedə bilər. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh tərəf heç bir araşdırma aparmamışdır. Aktiv VÖEN aşkar edilməsini əsas götürərək əsassız nəticəyə gəlmişdir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qeyd edilən vəsaitin artıq alma kimi ondan tutulması onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun müraciəti əsasında cavabdeh tərəf araşdırma apararaq əsassız müəyyən edilmiş artıq almanın ləğv edilməsi barədə tədbirlər görməli olduğu halda heç bir tədbir görməmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətizliyə yol vermişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-11955/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı qzına xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra İddiaçı adına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkar edildiyi üçün həmin dvrlər üzrə artıq ödəmə həyata keçirildiyi məlum olmuşdur. Bu səbəbdən 2022-ci ilin aprel ayından etibarən İddiaçı ödənilən sosial müavinətin məbləğindən tutulmalar həyata keçirilmşdir. Yuxarıda göstərilənlərlə razılaşmayaraq İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzinə müraciət etmişdir. Ərizəçinin müracitəinə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkzi Filialı tərəfindən baxılaraq cavablandırılmışdır. Həmin cavab məktubuna əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN-i aşkarlandığı üçün 1044,19 (bir min qırx dörd iki yüz doxsan manat 71 qəpik) manat artıqödəmə yarandığı və bu səbəbdən onun aldığı yaşa görə sosial müavinətdən 2022-ci ilin aprel ayından hər ay 36.00 (otuz altı) manat tutularaq bərpa ediləcəyi bildirilmişdir. Qanunvericiliyin normalarına əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsə əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Lakin, İddiaçı adına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN aşkar edildiyi üçün həmin dövrlər üzrə artıq ödəmə həyata keçirildiyi məlum olmuşdur. Bu səbəbdən 2022-ci ilin aprel ayından etibarən İddiaçı ödənilən sosial müavinətin məbləğindən qanunvericilik normalarına uyğun şəkildə tutulmalar həyata keçirilmişdir. Belə olan halda İddiaçı iddia tələbi üzrə artıq alınmış sosial müavinətə görə tutulmanın ləğv edilməsi və sosial müavinətin tam şəkildə ödənilməsi qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 21 iyul 2022-ci il tarixli, **********8 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun yaşa görə sosial müavinət işi (Binəqədi rayonu üzrə iş № 04837) üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv VÖEN-i aşkarlandığı üçün 1044,19 (bir min qırx dörd iki yüz doxsan manat 71 qəpik) manat artıq alma yaranmışdır. Yaranmış artıq alma aldığı yaşa görə sosial müavinətindən 2022-ci il aprel ayından hər ay 36,00 (otuz altı) manat tutularaq bərpa edilir. Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən 18 oktyabr 2022-ci il tarixli, **********3 nömrəli məktubla “İddiaçı müavinət işinin (Binəqədi rayonu, iş nömrəsi: 074837) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Sosial müavinətin təyin edilməsi barədə” ərizə ilə müraciət edərək, ona sosial müavinətin təyin edilməsini xahiş etmişdir. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 178 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən ömürlük sosial müavinət təyin edilmişdir. Müavinətin növü “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” olmuşdur. İddiaçının adına aktiv VÖEN aşkar olunduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinət təyinatı üzrə” xx.xx.2022-ci il tarixli, 1725 nömrəli qərarına əsasən iddiaçının adına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv VÖEN olduğu üçün tutulma dövrü xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il olmaq üzrə 1044.19 manat məbləğində artıq vermə müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “Dost” Mərkəzinə müraciət edərək, aylıq sosial müavinətin bərpasını xahiş etmişdir. Onun müraciəti Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfinədn cavablandırılaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2017-ci il tarixindən təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığından onun yaşa görə sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixədək bərpa edilmişdir. Fondun Sosial Ödəişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 1725 nömrəli qərarına əsasən ona xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sosial müavinətin artıq ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ona artıq ödənilmiş 1044,19 manat məbləğ aylıq 36 manat olmaqla sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. İşdə olan DVX Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 05 may 2022-ci il tarixli, **********886200 nömrəli məktubun surətindən görünür ki, ididaçının dövriyyə məbləği barədə arayışın təqdim edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, uçot bazaməlumatlarına əsasən xx.xx.2021-ci il tarxdə vergi qeydiyyatının ləğv olunduğu müəyyən edilmişdir. xx.xx.2021-cii l tarixdən xx.xx.2021-ci il tarixədək təqdim etdiyi bəyannamələrə əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. İşdə olan DVX Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 10 may 2022-ci il tarixli, **********910500 nömrəli məktubun surətindən görünür ki, iddiaçının vergi ödəyicisi fəaliyyəti barədə arayışın verilməsinə dair xx.xx.2022-ci iltarixli müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, xx.xx.2022-ci iltarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixdən uçota alınması, fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. İddiaçı vergi uçotu xx.xx.2021-ci il tarixindən ləğv edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmə tərəfindən hazırki iddianın xüsusi mümkünlük şərti olan “iddia müddəti” araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli qərarın iddiaçıya təqdim edilməsi iş materialları ilə müəyyən edilməmiş, iddiaçıya yalnız müraciəti ilə əlaqədar 21 iyul 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla məlumat verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsininin 1 yanvar 2020-ci il tarixə qədər olan redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlar əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. İddiaçı xx.xx.1960-cı ildə anadan olmaqla xx.xx.2017-ci idə 57 yaşı tamam olmuş və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinət almaq hüququna malik olmuşdur. Cavabdeh tərəfindən də, iddiaçıya xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin artıq ödəməsinin yarandığı dövr üzrə səbəb kimi həmin dövrlərdə iddiaçının adına aktiv VÖEN-in olması göstərilmiş, iddiaçı tərəfindən VÖEN-in bağlanılmasından sonra isə ona təyin edilmiş sosial müavinət xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək bərpa edilmişdir. Lakin, iddiaçıya artıq ödənilmiş 1044,19 manat məbləğ aylıq 36 manat olmaqla sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmağa başlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının adına aktiv VÖEN-in olması onun əmək fəaliyyətinə başlaması mənasını ehtiva etmir. Belə ki, məhkəmə araşdırması zamanı vergi orqanından təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün avtomatik bərpa edilərək, adına sözügedən dövrlərdə aktiv VÖEN olsa da, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövriyyəsi təqdim edilmiş bəyannamələrə əsasən 0,00 manat təşkil etmişdir. Beləliklə onun hər hansı bir fəaliyyətlə məşğul olması sübuta yetirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya sosial müavinətdən tutulmaların aparılması barədə qərarı və həmin qərarının icrası ilə bağlı aparılmış hərəkətləri qanuni və əsaslı olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyada). Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.2. yaşa görə müavinət; ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; ... Maddə 11. Müavinətlərin ödənişinin dayandırılması 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; ... Maddə 12. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxsin məlumat vermək vəzifəsi 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərinödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə təyin edilmiş sosial müavinətdən artıq almaya görə 2022-ci ilin aprel ayından tutulma ləğv edilsin və sosial müavinətin tam şəkildə ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiysına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayət verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11955/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11955/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver