Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1196/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qoşulma haqqının hesablanması və yaşayış evinin elektrik təchizat şəbəkəsinə qoşulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı "Asan Kommunal"ın xx.xx.2022 tarixdə ona təqdim etdiyi bildirişə uyğun 1 faz 10 kvt gücə 24 günə ETŞ-yə qoşulmaya görə elektrik quraşdırma işlərinin məbləği 360 manat, yük hesabatının məbləği 15 manat, cəmi 375 manat məbləğdə ETŞ-yə qoşulma haqqı hesablanması və yaşayış evinin ETŞ-yə qoşulmasının "xxxx" ASC-dən tələb olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı2 yaşayış evinin elektrik təchizat şəbəkəsinə (ETŞ) qoşulması üçün xx.xx.2022-ci il tarixdə 3 saylı "ASAN Kommunal"a 1 faz 10 kvt gücə 24 günə qoşulmaq üçün müraciət etmişdir. "Asan Kommunal”dan təqdim olunan bildirişdə 1 faz 10 kvt gücə 24 günə ETŞ-yə qoşulma məbləği 360 manat, yük hesabatının hazırlanması məbləği 15 manat, cəmi 375 manat qoşulma haqqı hesablanmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə 3 saylı "ASAN Kommunal”dan iddiaçı tərəfə 3 sənəd təqdim olunmuşdur. Peykdən çəkilmiş yol xəritəsində "yaşayış evi ilə KTM- 318 güc mərkəzindən məsafə 605 metr qeyd edilib". Halbuki, 605 metr məsafə (xəritədə göy xətlə göstərilib) başqa istiqamətdə, dolayı yolla, daha uzaqdan götürülmüş məsafədir. Əslində peykdən çəkilmiş həmin xəritədəki məlumatlardan aydın görünür ki, KTM-318 güc transformatoru ilə yaxınlıqdan keçən paylayıcı elektrik dayağına qədər məsafə 104 metr, həmin dayaqdan yaşayış evinə qədər məsafə 127 metrdir. Beləliklə, 0,4 kv-luq transformatorla yaşayış evi arasındakı məsafə xəritədə qırmızı xətlə (400 metrdən az) 231 metr göstərilib. KTM-318 güc mərkəzindən yaşayış evinə qədər məsafə səhvən 605 metr (400 metrdən çox) göstərildiyi üçün "ASAN Xidmət"lə iş Departamentinin Direktoru Fərid Əmirovun imzaladığı sənəddə: "fərdi yaşayış evinin ETŞ-yə qoşulması həmin ərazidə "xxxx" ASC-yə məxsus 0,4 kv-luq şəbəkənin olmaması səbəbindən mümkün deyil" qeyd olunub. Yuxarıda qeyd edildiyi kimi KTM-318 güc mərkəzindən yaşayış evinə qədər məsafə (400 metrdən az) 231 metrdir. Layihə və smeta ilə iş şöbəsinin rəisi E.Abdullayevin imzaladığı smetada tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, elektrik qurğularının ETŞ-yə fiziki qoşulması (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) sifarişçinin (iddiaçı tərəfin) hesabına 1871,51 manat hesablanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyi Bakı Filialına sözügedən məsələnin araşdırılması haqqında müraciət edilmişdir. 03 mart 2023-cü il tarixli cavab məktubunda bildirilir: “Bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2023-cü il tarixində sizin iştirakınızla göstərilən ünvana baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə ən yaxın məsafədə yerləşən mövcud 0,4 KV-lıq ÖİN xəttinin dayağına qədər məsafənin 90 metr, gərginliyi 6/0,4 KV , gücü 400 KVA olan 318 saylı transformator yarimstansiyasından isə fərdi yaşayış evinə qədər məsafənin 233 metr olduğu müəyyən edilmişdir. Güc mərkəzindən evə qədər məsafənin 233 metr olmasına baxmayaraq evin ETŞ-yə qoşulması üçün 1871,51 manat məbləğində smeta təqdim edilmiş və evin ETŞ-yə qoşulmasından imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan dayaqdan budaqlanma yolu ilə fərdi yaşayış evinin ETŞ-yə qoşulması texniki cəhətdən mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə yenidən baxılması məqsədilə "xxxx" ASC-yə müvafiq məktublar ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktublarının təhlili zamanı müraciətə mahiyyəti üzrə baxılmadığı müəyyən edilmişdir. Belə ki, göstərilən ünvandakı fərdi yaşayış evinin ETŞ-yə qoşulması ərazidə 0,4 KV-luq şəbəkənin qurulması üçün magistral xətlərin çəkiləcəyi yollar müəyyənləşdirildikdən və bu barədə müvafiq icra hakimiyyəti orqanından ərazinin planölçü sxemi əldə edildikdən sonra həyata keşiriləcəyi bildirilmişdir". Lakin 326 saylı qərarın 2.12 bəndinə əsasən rəyi tələb olunan qurumlar 3 (üç) gündən gec olmayaraq münasibət bildirməlidir. "xxxx" yaşayış evini 24 günə ETŞ-yə qoşmalıdır. Halbuki sözügedən məsələdən 4 ay keçib. "xxxx" ASC Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyinin iradlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 326 və 327 saylı qərarlarına heç bir məhəl qoymur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının hazırkı tələbi irəli sürməkdə məqsədi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması ilə bağlıdır. Evin yerləşdiyi torpaq sahəsi iddiaçıya Xəzər RİHB-nin xx.xx.2015ci il tarixli sərəncamı ilə icarəyə verilib. Həmin ev və torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının hüquqları qeydiyyata alınmayıb. Məhkəmə hesab edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməli (öhdəliyin icrası haqqında iddia), işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən fərdi yaşayış evinin X3 qoşulması tələbinin həmin ərazidə "xxxx" ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən mümkün olmadığı bildirilərək, tələbin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Bakı Filialı tərəfindən İddiaçı1 ünvanlanmış məktubda bildirilmişdir ki, “ünvan 3 ünvanında yerləşən övladınız İddiaçı2 məxsus fərdi yaşayış evinin X3 (bundan sonra - ETŞ) qoşulmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətə X1 Agentliyinin (bundan sonra - Agentlik) Bakı filialında araşdırılmışdır. Bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2023-cü il tarixində sizin iştirakınızla göstərilən ünvana baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə ən yaxın məsafədə yerləşən mövcud 0,4 kV-luq ÖİN xəttinin dayağına qədər məsəfənin 90 metr, gərginliyi 6/0,4 kV, gücü 400 kVA o.lan 318 saylı transformator yarımstansiyasından isə fərdi yaşayış evinə qədər məsafənin 233 metr olduğu müəyyən edilmişdir. Araşdırma müddətində məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin ETŞ-yə qoşulması ilə bağlı övladınız İddiaçı2 tərəfindən xx.xx.2022- ci il tarixində “ASAN xidmət” mərkəzinə müraciət (müraciət nömrəsi ATS **********3274) edilmiş, lakin güc mərkəzindən evə qədər məsafənin 233 metr olmasına baxmayaraq, evin ETŞ-yə qoşulması üçün 1871,51 manat məbləğində smeta təqdim edilmiş və evin ETŞ-yə qoşulmasından imtina edilmişdir Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan dayaqdan budaqlanma yolu ilə fərdi yaşayış evinin ETŞ-yə qoşulması texniki cəhətdən mümkündür. Nəzərinizə çatdırırıq ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin ETŞ-yə qoşulması mövcud 0,4 kV-luq elektrik şəbəkə olduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə X3 qoşulması Qaydasfna (bundan sonra - Qayda) və 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə təsdiq edilmiş "Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin X3 qoşulmasına görə qoşulma haqqının məbləği”nə uyğun ödənişə əsasən həyata keçirilir. Qaydanın 1.2.6-cı yarımbəndinə əsasən mövcud 0,4 kV-luq şəbəkə - tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazidən 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə yenidən baxılması məqsədilə "xxxx" ASC-yə müvafiq məktublar ünvanlanmışdır. "xxxx" ASC-nin cavab məktublarının təhlili zamanı müraciətə mahiyyəti üzrə baxılmadığı məlum olmuşdur. Belə ki, göstərilən ünvanda yerləşən fərdi yaşayış evinin ETŞ-yə qoşulması ərazidə 0,4 kV-luq şəbəkənin qurulması üçün magistral xətlərin çəkiləcəyi yollar müəyyənləşdirildikdən və bu barədə müvafiq icra hakimiyyəti orqanından ərazinin plan-ölçü sxemi əldə edildikdən sonra həyata keçiriləcəyi bildirilmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, sözügedən mübahisəli məsələ ilə əlaqədar enerjitəchizatı müəssisəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququnuz vardır”. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 203 №-li Sərəncamından görünür ki, İddiaçı2 Zirə qəsəbəsi, Qışlaq yaşayış massivində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 600.0 m2 torpaq sahəsi və onun ətrafı abadlaşdırılaraq orada sahibkarlıqla orada sahibkarlıqla məşğul olmaq üçün icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə yönəlmişdir. Bunun üçün iddiaçı cavabdeh "xxxx" ASC-yə müraciət etmiş, lakin cavabdeh qurum həmin ərazidə "xxxx" ASC-yə məxsus 0.4 kV-luq şəbəkənin olmaması səbəbindən iddiaçının müraciətini təmin etməmişdir. Hazırda İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunazidd olmamışdır. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 03 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə X3 qoşulması Qaydası”ndan: 1.2.3. Sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. 1.2.4. Məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”ndan: 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin. ... 1.2.9. Sifarişçi – elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və (və ya) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslərdir. 2.1. Məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: ... 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda). 4.1. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əvvəllər elektrik şəbəkəsinə qoşulmuş enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin istehsal gücünün artması, həmçinin qoşulma nöqtəsinin dəyişməsi ilə əlaqədar texniki şərtlərin alınması məqsədilə sifarişçi istehsal etdiyi gücdən və qoşulma nöqtəsindən asılı olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada bu Qaydanın 4.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in və ya DEM-in nümayəndəsinə yazılı və ya elektron formada ərizə ilə müraciət edir. Göründüyü kimi, istər iddiaçının hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etdiyi dövrdə, istərsə də hazırda qüvvədə olan və normativ hüquqi aktların tələblərinə əsasən, tikinti obyektinin X3 qoşulması üçün ərizəçi (sifarişçi) həm də həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində onun mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənədi təqdim etməlidir. Lakin hazırkı halda iddiaçı tərəfindən elektrik enerjisi xəttini çəkmək istədiyi tikilinin və ya torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının istinad etdiyi Xəzər RİH başçısının xx.xx.2015-ci il tarixli, 203 №-li Sərəncamına münasibətdə qeyd edir ki, iddiaçıya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ayrıldığı göstərilən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən həmin sənəd yuxarıda istinad olunan Qaydada nəzərdə tutulmuş sənəd kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə qənaətə gəlir ki, X3 qoşulmasını istədiyi fərdi yaşayış evinin və ya onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair sənəd təqdim olunmadığından cavabdeh orqanın imtinası qanunsuz sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar mübahisə üzrə qəbul edilmiş 2-1(102)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında analoji hüquqi mövqe göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1196/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1196/2024
06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver