Məhkəmə qərarları › İş №2-1(112)-1197/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1197/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1197/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 11 nömrəli emalatxanaya dair mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixində vəfat etmiş X3 məxsus olması haqqında arayışın onun vərəsəsi X7 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.metr olan, 11 nömrəli emalatxanaya dair mülkiyyət hüququnun xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 məxsus olması haqqında arayışın onun vərəsəsi İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 11 nömrəli emalatxana (kiçik dövlət müəssisəsi) orada işləyən X5 tərəfindən özəlləşdirilmişdir. Belə ki, xx.xx.1996-cı il tarixdə emalatxanın satılması ilə bağlı auksion keçirilmiş və həmin tarixdə satıcı AR Dövlət Əmlak Komitəsi ilə alıcı X5 arasında 166 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bundan sonra X3 emalatxananın özəlləşdirilməsinə dair xx.xx.1996-cı il tarixli 116 nömrəli şəhadətnamə verilmişdir. Qeyd olunmalıdır ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra oğlu X6 ərizəsi əsasında Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Notariat ofisinin xx.xx.2022ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, iddiaçı vəfat etmiş X1 vərəsəsidir. İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi isə xx.xx.2022-ci il tarixli **********78 nömrəli və xx.xx.2023-cü il tarixli **********14 nömrəli məktubları ilə bundan imtina etmiş və bildirmişdir ki, guya qeyri-yaşayş binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İddiaçı hesab edir ki, Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Belə ki, sözügedən daşınmaz əmlak 1996-cı ildə özəlləşdirildiyi ölçüdə və formadadır. Həmin qeyri-yayış binasında hər hansı dəyişilik edilməmişdir. O da qeyd edilməlidir ki, həmin qeyri-yaşayış üzərində vəfat etmiş Gülçöhrə Yusifovanın mülkiyyət hüququ yaranmışdır və bununla bağlı ona şəhadətnamə verilmişdir. Bu o deməkdir ki, onun vərəsəsinin Ərazi İdarəsinə müraciətinin mahiyyəti ilkin qeydiyyat deyil, əvvəllər yaranmış hüququn qeydiyyatıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsini müəyyən etmək olmamışdır. Həmçinin, cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə qarajın sahəsi 12 kv.m, faktiki sahəsi isə 61.1 kv.m, tikintialtı sahəsi isə 67.7 kv.m-dir. Əlavə sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********78 saylı, xx.xx.2022-ci il tarixli, **********14 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1, 10.2, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2022-ci il tarixli **********78 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq qeyri-yaşayış binasının yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu bildirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. -12 iyul 1996-cı il tarixli Auksion Protokolundan görünür ki, X9 ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 12 kv.metr olan dəmir-şüşəli 11 saylı Emalatxananı 1556,0 min manat ödəməklə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən satın almışdır. Emalatxananın plan sxemi cavabdeh tərəfindən təsdiq edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən emalatxananın özəlləşməsinə dair X3 şəhadətnamənin verilib verilməməsi barədə iddiaçının nümayəndəsinin müraciətinə verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yuxarıda qeyd olunan ünvanda yerləşən emalatxananın özəlləşməsinə dair X3 Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1996-cı il tarixli 116 nömrəli şəhadətnamənin verildiyi bildirilmişdir. -Bakı şəhər 7 saylı Xüsusi Notariat ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun vərəsəsinin oğlu İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən emalatxanaya dair çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən müvafiq sorğuya cavab məktubu əsasında yuxarıda sadalan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.2-ci bəndinə görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış “qeydiyyat orqanları”, 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 24 fevral 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci bəndindən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində “bu Qanun qüvvəyə minənədək” sözləri “2006cı il iyulun 6-dək” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.5-ci maddəsində göstərilən 2006-cı il iyulun 6-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələrə uyğun gəlir. Belə ki, iş materialları ilə, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən emalatxanaya dair mərhum X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.1996-cı il tarixli, 116 nömrəli şəhadətnamənin verildiyi müəyyən edilmiş, həmçinin həmin emalatxananın plan-çizgisi mövcuddur. Cavabdeh tərəfindən də işin bu halı mübahisələndirilməmiş, şəhadətnamənin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh iddiaolunan qeyri-yaşayış sahəsinin yerləşmə cizgisində dəqiq istinad və məsafələr göstərilmədiyi üçün onun sənədlə yerləşməsinin müəyyən edilməsinin mümkün olmadığını, cizgidə qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq olduğunu bildirsə də, bu uyğunsuzluğun nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd olunmaması iddiaçının məsuliyyət sferasına aid deyil və əgər belə bir uyğunsuzluq olsa belə, onun aradan qaldırılması müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Qeyri-yaşayış binasının faktiki sahəsi ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələbində qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən, yəni 12 kv.metr sahəsi üzərində hüquqlara iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.metr olan, 11 nömrəli emalatxanaya dair hüququn X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 12 kv.metr olan, 11 nömrəli emalatxanaya dair hüququn X3 məxsus olması haqqında arayışın onun vərəsəsi iddiaçı X7 verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar