Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11974/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X1 Mərkəzi” İctimai Birliyinin cavabdeh X4rşı “informasiya sorğusuna cavabın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X1 Mərkəzi” İctimai Birliyi cavabdeh X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası X7nin 15 iyul 2024-cü il tarixli cavab məktubunu qanunsuz hesab edilməsi və Respublikası X7nin üzərinə 25 iyun 2024-ci il tarixli informasiya sorğusunda tələb olunan sənədlərin iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublilkası X1 Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası X5 25 iyun 2024-ci il tarixdə informasiya sorğusu göndərməklə aşağıdakı məlumatları əldə etmək istəyib: 2005-ci ilin fevral ayında keçirilmiş vəkillik imtahanı üzrə test mərhələsindən keçmiş namizədlərin siyahısının Azərbaycan Respublilkası X1 Mərkəzi İctimai Birliyinə göndərilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası X7 sorğuya cavab olaraq ünvanladığı 15 iyul 2024-cü il tarixli cavab məktubunda 06 fevral 2005-ci il tarixdə keçirilmiş test imtahan nəticəsinin və imtahandan uğurla keçmiş namizədlərin siyahısının təqdim edilməsinin mümkün olmadığım bildirmişdir. İddiaçı cavabdehin 15 iyul 2024-cü il tarixli cavab məktubunu qanunsuz və əsassızdır. İddiaçı ümid edib ki, cavabdeh suala cavab verəcək və o da bu məlumatları ictimai müzakirəyə çıxaracaq. Lakin cavabdehin informasiya sorğusunu müsbət cavablandırmaması iddiaçının gözləntilərini puç edib, elə ilk addımdaca onun informasiya almaq hüququnu pozub. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim olunmuş və etirazda bildirilmişdir ki, iddiaçı Mərkəzə 2024-cü il 25 iyun tarixli məktubla müraciət edərək 2005-ci ilin fevral ayında vəkilliyə qəbulla bağlı keçirilmiş test imtahanının nəticəsi və imtahandan uğurla keçən namizədlərin siyahısının ona göndərilməsini xahiş etmişdir. Mərkəzin 2024-cü il 15 iyul tarixli 9-3/2-2204/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətdə qeyd olunan məlumatların qanunvericiliyin tələbinə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığı izah edilmişdir (iddiaçının Mərkəzə müraciəti və Mərkəzin cavab məktubu əlavə olunur). İddiaçının tələbi ilə bağlı bildirirəm ki, 2005-ci il 6 fevral tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı ləğv olunmuş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmişdir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə əsasən şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat fərdi məlumatlar hesab olunur. Həmin Qanunun 5-ci maddəsinə əsasən fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunur. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Adıçəkilən Qanunun 13.1-ci maddəsinə əsasən mülkiyyətçiyə və ya operator tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. İddaçının Mərkəzdən tələb etdiyi məlumatlar sözügedən ildə imtahanda iştirak edən və imtahandan uğurla keçən namizədlər barəsindədir, lakin həmin şəxslərin bu məlumatların iddiaçıya təqdim edilməsinə dair hər hansı razılığı Mərkəzə təqdim edilməmiş və məlumatların əldə edilməsinin zərurəti əsaslandırılmamışdır. İddiaçının Mərkəzə müraciətində təqdim edilməsini xahiş etdiyi məlumatlar konfidensial olmaqla yanaşı, eyni zamanda sözügedən imtahanda iştirak edən və imtahandan uğurla keçən namizədlərin bir çoxunun hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan və vəkil kimi fəaliyyət göstərən şəxslər olduğunu nəzərə alaraq, həmin məlumatların təqdim edilməsi nəticəsində sözügedən şəxslərin şəxsi və işgüzar nüfuzuna ciddi xələl gətirə bilər. Bundan başqa, iddiaçı ərizəsində həmin məlumatların ictimai müzakirəyə çıxarılması məqsədi ilə tələb etdiyini qeyd etmişdir. 2005-ci il 6 fevral tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanının nəticəsi və imtahandan uğurla keçən namizədlərin siyahısının hansı məqsədlə ictimai müzakirəyə çıxarılacağı, o cümlədən bu ictimai müzakirənin "X1 Mərkəzi" İctimai Birliyinin hansı funksiyalarına uyğun olması da sual altındadır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının məhkəmə qaydasında mübahisələndirdiyi iddianın heç bir hüquqi əsası olmadığını nəzərə alaraq iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddinın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materaillarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. -2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. -2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. -2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüquqlarına malikdir. -3.0.3-cü maddəsinə əsasən ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. -3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə əsasən informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. -3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən (bundan sonra - sorğucu) informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. -15.3-cü maddəsinə əsasən fərdi məlumat tələb olunduqda, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə, informasiya əldə etməyin zərurəti əsaslandırılmalıdır. Fərdi məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. -15.5-ci maddəsinə əsasən sorğuçu bu Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. -21.2-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa. -22.4-cü maddəsinə görə informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmış informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. Qanunun sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. Qeyd edilməlidir ki, informasiya əldə etmək hüququ geniş mənada və ya hər hansı şərtlərlə məhdudlaşmayan hüquq kimi də qiymətləndirilə bilməz. Təsadüfi deyildir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun yuxarıda qeyd edilən 15.3-cü, 21.2.1-ci, 22.4cü və 24.3-cü maddələrində nəzərdə tutulan hallarda qanun informasiya sorğusu ilə müraciət edən şəxsdən tələb etdiyi informasiya ilə yanaşı, həm də həmin informasiyanı əldə etməyin nə üçün zəruri olduğunu əsaslandırmasını da tələb edir. Belə ki, iddiaçının tələb etdiyi informasiya 2005-ci ilin fevral ayında keçirilmiş vəkillik imtahanı üzrə test mərhələsindən keçmiş namizədlərin siyahısının təqdim edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası X7nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 9-3/2- 2204/2024 nömrəli məktubunda bildirilmişdir ki, 6 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı ləğv olunmuş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmişdir. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunur. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən mülkiyyətçiyə və ya operator tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Qanunvericiliyin tələbinə uyğun olaraq 6 fevral 2005-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün keçirilmiş test imtahanı nəticəsinin və imtahandan uğurla keçmiş namizədlərin siyahısının təqdim edilməsi mümkün deyil. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıdan Qanunun 22.4-cü maddəsinə əsasən əldə etmək istədiyi məlumatın ona hansı məqsədlə, hansı hüquq və ya azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası ilə bağlı lazım olduğunun əsaslandırması tələb olunur ki, iddiaçı bu zərurəti nə cavabdehə ünvanlanmış informasiya sorğusunda, nə də iddia tələbində əsaslandırmamışdır. İddiaçının qeydiyyat məlumatından görünür ki, birlik xx.xx.2021-ci ildə qeydiyyata alınmış, fəaliyyətinin məqsədi işgəncə qurbanlarının müdafiəsini təşkil etməklə onların reabilitasiyasına nail olmaqdır ki, iddiaçının əldə etmək istədiyi informasiya ictimai birliyin qeyd edilən fəaliyyətinə nə kimi xidmət etdiyi, imtahandan uğurla keçmiş namizədlərin adlı siyahısı kimi fərdi məlumatların təqdim edilmədiyi təqdirdə birliyin hansı subyektiv hüquq və mənafeyinin pozulduğu müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “X1 Mərkəzi” İctimai Birliyinin cavabdeh X4rşı “informasiya sorğusuna cavabın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-11974/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11974/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver