Məhkəmə qərarları › İş №2-1(112)-11978/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11978/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11978/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və digərlərinə qarşı “əmək kitabçasının verilməsi və s.” barədə tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və digərlərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya əmək kitabçasının verilməsi və digər tələblər tələblərin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə iddiaçıya 05 noyabr 2021-ci il tarixdə məktub ünvanlayaraq, iddia tələbinin ayrı-ayrı inzibati orqanlara qarşı yönəldiyi, müxtəlif iddia tələblərindən ibarət olduğu və həmin tələblərə eyni icraatda birgə baxılmasının mümkün olmadığı bildirilərək, iddia ərizəsi üzrə cavabdehlərin və tələbin dəqiqləşdirilərək, prosessual həmiştirakçılığın tələblərinə cavab verən dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi təklif olunsa da, lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. 06 dekabr 2021-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edilsə də, lakin qeyd olunan ərizə iddia ərizəsi ilə eyni məzmunlu ərizə olmaqla, məhkəmə tərəfindən düzəliş edilməsi təklif edilmiş hallar aradan qaldırılmamış, iddianın yenidən mümkünlük şərtlərinə cavab verməklə tərtib edilmədiyi müəyyən edilmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 23 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə yenidən iddia tələbinin dəqiqləşdirilərək, qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib olunması təklif edlsə də, nümayəndə məhkəmənin ona hüquqi yardımın göstərilməsinə dair təklifinə məhəl qoymamış, məhkəmə zalını tərk etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Hazırki iddia ərizəsi üzrə iddiaçının tələbləri ona əmək kitabçasının təqdim edilməsi, iş stajının elektron hökümət portalına daxil olunması, fərdi hesabının düzgün hesablanılaraq elektron hökümət portalında qeyd olunması, işsizliyə görə sığorta məvacibinin təyin olunması, ziyanın ödənilməsi barədə müxtəlif, bir-biri ilə əlaqəsi olmayan, rabitəsiz cümlələr əsasında tərtib edilmiş tələblərdən ibarət olmaqla cavabdehlərin hərəkətsizliyinin qanun pozuntusu kimi tanınması barədədir. Məhkəmə qeyd edir ki, iddia müxtəlif tələblərdən ibarət olmaqla prosessual həmiştirakçılığın tələblərinə cavab verməməklə yanaşı, həmçinin iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxslər cavabdehlər kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bütün göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər inzibati orqan olmadığından, iddia tələbi hüquqi şəxsə yönəldilməklə inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və digərlərinə qarşı “əmək kitabçasının verilməsi və s.” barədə tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar