Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11988/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının kompyuterdən silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adının kompyuterdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lökbatan qəsəbəsində 13 nömrəli psixi kabinetdə iddiaçının şəxsiyyət vəsiqəsinə baxanda bildirilmişdir ki, o 20 il bundan əvvəl psixi xəstə kimi Şəmkir rayon xəstəxanasında müalicə olunmuşdur. Lakin o, Şəmkir rayonunda heç vaxt olmamışdır. Bu səbəbdən sistemdə barəsində olan bu qeydin silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və ona uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Şəmkir rayon xəstəxanasında müalicə olunmasına dair barəsində olan qeydin sistemdən silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş edir. Cavabdeh iddiaçının eyniməzmunlu müraciətinə cavab məktubunda bildirmişdir ki, “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xəstəxana idarəetmə sistemində (e-Tabib) iddiaçının hər hansı bir müraciəti qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı TƏBİB-in tabeliyində olan “X1” publik hüquqi şəxsin psixiatrik kabinetində qeydiyyata alınmamışdır. Beləliklə, “e-Tabib” sistemində iddiaçı barəsində hər hansı qeydin olmadığı müəyyən edilmişdir. Belə olan halda, mövcud olmayan qeydin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Eyni zamanda iddiaçı cavabdehin elektron sistemində onun adına qeyd aparıldığını iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları pozulmamışdır. Belə olan halda cavabdeh hazırkı iddiaya cavab verən orqan kimi çıxış edə bilməz. Bu səbəbdən hazırkı iddiaya baxılması məhkəmə tərəfindən mümkün hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəxanada müalicə alması ilə bağlı əsassız qeyd hər hansı digər qurumun elektron sistemində mövcud olduğu təqdirdə iddiaçı bununla bağlı həmin quruma qarşı qeydin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “adının kompyuterdən silinməsi” tələbinə dair ddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11988/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11988/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver