Məhkəmə qərarları › İş №2-1(112)-11989/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11989/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11989/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “nikah haqqında akt qeydində düzəliş edilməsi üçün müvafiq qurumlara müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Sevil Rzayevanın iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nikah haqqında akt qeydində düzəliş edilməsi üçün müvafiq qurumlara müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 4 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Yevlax şəhər VVAQ bürösu tərəfindən 30 yanvar 1968-ci il tarixdə verilmiş AЗ ******* №-li “Doğum haqqında şəhadətnamə”yə əsasən X3 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. Bu barədə 83 № li doğum akt qeydi tərtib edilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ T 233837 № li doğum haqqında təkrar Şəhadətnaməyə əsasən X3 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. AЗ-İİ 603191 №-li “Səkkizillik təhsil haqqında” şəhadətnaməyə əsasən X1 şəhər M.Ə.Sabir adına məktəbi oxumuş və 1983-cü ildə səkkizinci sinifi bitirmişdir. Orta təhsil haqqında AК 121153 № li Attestata əsasən X3 1985-ci ildə Yevlax şəhəri M.Ə.Sabir adına 2 № li orta məktəbi bitirmişdir. İddiaçının adına xx.xx.1986-cı il tarixdə AT-İV ******* № li əmək kitabçası açılmış, ad, soyad və ata adı X3 qeyd edilmişdir. Rusiya Federasiyası, Tümen vilayəti, Nyaqan şəhəri VVAQ şöbəsi tərəfindən 5.11.1988-ci il tarixdə verilmiş İİ-ФР № 446898 “Nikahın bağlanması haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1959-cu il tarixdə Jdanov rayonunda doğulmuş X2 ilə xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuş X4 5 noyabr 1988-ci ildə nikahlarını bağlamışlar. Bu barədə 1988-ci ilin noyabr ayının 5-ci günündə 482 nömrə ilə nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlanandan sonra: ərə Babayev, arvada Babayeva soyadları verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya MH, ******* № li, xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş P5435045 № li ümumvətəndaş pasportunda iddiaçının adı, soyadı və ata adı – İddiaçı kimi qeyd edilmişdir. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* № li, xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı (bundan sonra - iddiaçı) Nikah haqqında Şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh nikah akt qeydinin Azərbaycan Respublikası ərazisində qeydə alınmadığını bildirərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası, Tümen vilayəti, Nyaqan şəhəri VVAQ şöbəsi tərəfindən 5.11.1988-ci il tarixdə verilmiş İİ-FR 446898 saylı nikah haqqında akt qeydində “Rahimə" sözünün, "Rahilə" kimi düzəliş edilməklə yeni nikah haqqında Şəhadətnamənin verilməsi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, ona doğum haqqında şəhadətnamə Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 30 yanvar 1968-ci il tarixdə verilmiş və doğum haqqında Şəhadətnamədə adı “Rahilə” kimi qeyd edilmişdir. Doğum haqqında Şəhadətnaməyə uyğun olaraq, şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, orta təhsil haqqında attestatlarda, mülkiyyətində olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, bütün hüquqmüəyyənedici sənədlərdə adı “Rahilə” kimi qeyd edilmişdir. Lakin xx.xx.1988-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurub və nikahları Rusiya Federasiyası Tümen vilayəti Nyaqan şəhər VVAQ Şöbəsində qeydə alınmış və bu barədə 5.11.1988-ci il tarixdə 482 saylı akt qeydi tərtib edilmişdir. Lakin nikah haqqında şəhadətnamədə adı "Rahilə" əvəzinə "Rahimə" kimi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədə düzəliş edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi nikah akt qeydinin Azərbaycan Respublikası ərazisində qeydə alınmadığını, Rusiya Federasiyası Tümen vilayəti, Nyaqan şəhəri VVAQ Şöbəsi tərəfindən xx.xx.1988- ci il tarixdə verilmiş İİ-FR 446898 saylı nikah haqqında şəhadətnamədə yalnız Rusiya Federasiyasında düzəliş edilməsinin mümkün olacağını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. Doğum akt qeydində soyadı – Kazımova, adı- Rahilə, ata adı – Surxay kimi qeyd eidlmişdir. İddiaçının bütün hüquqmüəyyənedici və təhsil sənədlərində adı “Rahilə” kimi qeyd edilmişdir. Lakin iddiaçı 5.11.1988-ci ildə Rusiya Federasiyasında X2 ilə nikaha daxil olan zaman nikah haqqında şəhadətnamədə adı “Rahimə” kimi qeyd edilmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı bu yanlışlığın aradan qaldırılmasına yönəlmişdir. Bunun üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 1.12-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Qanunvericiliyin şərh olunan normalarından göründüyü kimi, xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının bütün təhsil sənədlərində, hüquqmüəyyəndici sənədlərdə, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportunda adı “Rahilə” kimi qeyd edilmişdir. Hətta iddiaçı nikaha daxil olandan sonra da verilmiş sənədlərdə onu adı “Rahilə" kimi göstərilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı 5.11.1988-ci il tarixdə nikaha daxil olarkən nikah haqqında şəhadətnamədə onun adının “Rahimə” kimi qeyd edilməsi texniki yanlışlıq nəticəsində olmuşdur. Belə ki, iddiaçı Rusiya Federasiyasında nikaha daxil olmuş, nikah RF-nın VVAQ şöbəsi tərəfindən qeydə alınmışdır. İddiaçının adının kiril əlifbasında yazılışı «РАХИЛА» kimidir və əlyazma sənədlərdə «РАХИЛА» sözünün yazılışı «РАХИМА» sözünə bənzəyir. Məhkəmə qeyd edir ki, nikahın Rusiya Federasiyasında bağlanması iddiaçını bu səhvi aradan qaldırmaq hüququndan məhrum etməməlidir. Təqdim edilmiş sənədlərən müəyyən edilir ki, iddiaçı Bakı şəhərində pasport qeydiyyatındadır və hazırda Bakı şəhərində yaşayır. Həmçinin yuxarıda qeyd edilən Qaydaların 9.8-ci bəndinə əsasən müəyyən edilir ki, qeydiyyat şöbələrinin xarici ölkələrdən təkrar şəhadətnamələr və ya arayışlar tələb etmək səlahiyyəti vardır. Ona görə də, cavabdeh orqan iddiaçının nikah akt qeydində buraxılmış səhvin düzəldilməsi və təkrar şəhadətnamənin verilməsi ilə bağlı da xarici ölkəyə müraciət edə bilər. Məhkəmə bu qənaətə gələrkən, həmçinin cavabdehin iddia tələbinə etiraz etmədiyini də nəzərə alır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin еdilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Rusiya Federasiyası, Tümen vilayəti, Nyaqan şəhəri VVAQ şöbəsi tərəfindən 5.11.1988-ci il tarixdə verilmiş İİ-FR 446898 saylı nikah haqqında akt qeydində “Rahimə" sözünün, "Rahilə" kimi düzəliş edilməklə yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına müraciət edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar