Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1199/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X2 , 3-şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1, 3-şəxs X3 iştirakları ilə, İddiaçı “X13 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Bülbülə bələdiyyəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 3-cü şəxs qismində cəlb olunmaqla “23.04.2003-cü il tarixli 2 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X13 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Suraxanı rayonu Bülbülə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Suraxanı rayonu Bülbülə bələdiyyəsinin 23.04.2003-cü il tarixli 2 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X10 Kompani S.A” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişinn hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X11 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublkasındaki Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq üzərində iddiaçının mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Blə ki, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətlərində olan həmin sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsinin (39T 415697.13 m B 4477615.93 m C koordinatlar üzrə yerləşən) 0.06 ha ərazisi fərdi ev tikintisi üçün Suraxanı rayonu Bülbülə bələdiyyəsinin 23.04.2003-cü il tarixli, 2 nömrəli qərarı ilə rəhbər Tapdıq oğlu Əzizova ayrılmışdır. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-823/2019 saylı 30 yanvar 2019-cu il tarixli qərardadı ilə 2-1(82)-4288/2018 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hal-hazırki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2020 saylı, 31 may 2020-ci il tarixli qərardadı ilə, iddiaçı “X13 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Bülbülə bələdiyyəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 3-cü şəxs qismində cəlb olunmaqla “23.04.2003-cü il tarixli 2 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə hazırlıq icraatının iclası 16 iyun 2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi V.Səfəraliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Y.Səfəraliyev izahatında, iddia tələbinin əsaslı olduğunu bildirdi, həmçinin qeyd etdi ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-309/2019 saylı iş üzrə 01 avqust 2019-cu il tarixli qərardadı ilə iddiaçı X3 rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırma etməsi faktına görə iş materialları cinayət işinin başlanması məsələsinə baxılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Həmin inzibati iş üzrə iddiaçı hazırki iş üzrə 3-cü şəxs olan X3 ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Suraxanı rayon X4 23 aprel 2003-cü il tarixli, 2 №-li qərarı ilə Bakı şəhər sakini X5 Bülbülə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan k/t-na yararsız torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha torpaq sahəsi hər kv.m 8.800 manat ödəmək şərti ilə satılması qərara alınmışdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normada riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyasından ümumi (publik) hüquq sahəsinə qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlarından irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şətlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1 bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş, iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmiin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlüş şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn: məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.(9-cu bənd). Müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Azərbaycan Respublikasının № 997-İVQ saylı, 20 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında”Saziş Qanun statusunu almışdır. Azərbaycan Respublikasının № 997-İVQ saylı, 20 sentyabr 2005-ci il tarixli Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Suraxanı rayon X4 23 aprel 2003-cü il tarixli, 2 №-li qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, icra hakimiyyətinin sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “X13 S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Suraxanı rayonu Bülbülə bələdiyyəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 3-cü şəxs qismində cəlb olunmaqla “23.04.2003-cü il tarixli 2 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1199/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1199/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver