Məhkəmə qərarları › İş №2-1(112)-1199/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1199/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1199/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla icra məmurunun mənzildən çıxarılmağa dair hərəkətləri etməkdən çəkinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X32 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-1254/2015 saylı qətnaməsinin icrası ilə əlaqədar onların Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, ev 72-3, 34 saylı mənzildən çıxarılmaqlarına dair hərəkətləri etməkdən çəkinməsinə dar qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək onların Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, 72-3 saylı evin 34 saylı mənzilindən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsi ilə iddiaçı X8 iddiasını təmin etmiş, cavabdehlər X10 və X11 ünvan 1-də yerləşən ümumi sahəsi 98.8 kv.m olan mənzildən ailə üzvüləri və əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Cavabdehlər X21 və X3 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün 2(103)-1051/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X10 apelyasiya şikayətini qismən təmin edərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsini Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, ev 72-3-də yerləşən, ümumi sahəsi 98.8 kv. m olan 34 saylı “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması“ hissəsində ləğv etmiş və həmin hissədə iddia tələbinin təmin edilməməsi, ancaq qətnamənin “X10 və X11 mənzildən çıxarılmaları hissəsində” isə dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsinə səbəb o, olmuşdur ki, iddiaçı cavabdehlərin ailə üzvlərini iddia tələbi üzrə cavabdeh qismində cəlb etməmiş, ailə üzvlərinin kimlərdən ibarət olması müəyyən olunmamış və onlar məhkəmədə iştirak etməmiş və verilmiş iddiadan müdafiə olunmamışlar. İddianın bu hissəsi qeyri-müəyyən olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı, xx xxx 2019cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyalarının qərarları ilə Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, ev 72-3-nin, 34 saylı mənzilindən “cavabdehlərin ailə üzvlərinin çıxarılması” hissəsində ləğv etmiş və həmin hissədə iddia tələbinin təmin etməmişdir. Ümumiyyətlə onlar cavabdehlərin “ailə üzvü” olmamışlar və heç vaxt nə X21 və nə də X26 onlarla bu mənzildə birgə yaşamamışlar. Mübahisəli mənzili onların mənzil olmuş, lakin mənzil alınarkən İddiaçı1 əri ilə aralarında əmlak mübahisəsi olduğundan İddiaçı1 bacısı Səlminin adına sənədləşdirilmişdir. Onlar cavabdehlər X10 və X11 ailə üzvü olmamışlar və ailə üzvü deyillər. Eləcə də onlar bu iddia tələbləri üzrə cavabdeh olmamış və onlara qarşı evdən çıxarılmaqlarına dair iddia belə verilməmişdir. Göründüyü kimi onlar iddia tələbində və məhkəmə qətnamə-qərarlarında cavabdeh olmamışlarsa, icra sənədi üzrə də borclu ola bilməzlər. Lakin buna baxmayaraq Baki şəhəri Cavabdeh icra məmuru X29 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların mənzildən çıxarılmamaqları barədə qərarlarına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə mənzillərinə gələrək, məhkəmə qətnaməsində çıxarılmağı qət edilmiş şəxslərə deyil, tələbin könüllü icrası haqqında bildirişi onlara verərək onlardan mənzildən çıxarmaqlarını tələb edirlər. Baki şəhəri Cavabdeh icra məmuru X22 xx xxxx 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, İddiaçı3 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı X8 cavabdehlər X12 və X16 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilərək, cavabdehlər X10 və X11 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 2 mənzil 51 ünvanında yerləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlər X10 və X11 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m. olan mənzildən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları, iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 1051/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh X10 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsinin qismən - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,8 kv.m olan mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin X12 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-1051/2018 nömrəli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1051/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Məhkəməyə təqdim edilmiş e101763/2019-53-24 nömrəli icra işinin materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mülki iş üzrə xx.xx.2019-cu il tarixli icra vərəqəsi Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İcra vərəqəsinə əsasən X1nın və X11 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 2 mənzil 51 ünvanında yerləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməli, onlar ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Bakı şəhəri, Cavabdeh icra məmuru X30 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərara əsasən icra sənədi üzrə icraata başlanılmış, X1na və X16 10 gün müddətinə icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. Qeyd olunan icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş hazırki iş üzrə İddiaçı3 tərəfindən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə isə borclu Səlmi Səfərova tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 091-45149-1219 nömrəli məktuba əsasən X21 və X3 rayonu, 593-cü məhəllə, H.ünvan 2 mənzil 51 ünvanından qeydiyyatdan çıxarılmışlar. - Qeyd olunan icra işinə əlavə edilmiş Bakı şəhəri Cavabdeh icra məmurları Abıyev Emil, Babayev Bəxtiyar, “xxxx” Servis MMC-nin komendantı X5, hal şahidləri Sadıqzadə Sərxan, X13 tərəfindən tərtib edilərək imza edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı mübahisəli mənzilə baxış keçirtmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 mənzil 51 ünvanına gəlmişlər. Mübahisəli mənzilin dəfələrlə qapısının döyülməsinə baxmayaraq evdə olan İddiaçı3 anasının evdə olmadığını səbəb göstərərək mənzilin qapısının açmaqdan imtina etmşdir. İddiaçı3 anası ilə telefon ilə əlaqəsi saxlamış və anasının 1 saatdan sonra gələ biləcəyini bildirmişdir. Həmçinin sözügedən mənzilin yerləşdiyi binanın komendantı Dünyamalıyev Saleh bildirmişdir ki, hal-hazırda qeyd olunan mənzildə İddiaçı1 üç övladı ilə birlikdə qeydiyyatsız yaşayır. Qeyd üçün bildirmişdir ki, mənzildə yaşayan şəxslərin adları icra sənədində qeyd edilməmişdir və iş üzrə borclu Səfərova Səlminin bacısıdır. - İcra işinə əlavə edilmiş və komendant X9 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş kimə ünvanlandığı qeyd edilməyən çağırış vərəqəsinin surətindən görünür ki, adı qeyd olunmayan şəxs xx.xx.2020-ci il tarixdə, saat 09:30-da Cavabdehnə borclu qismində çağırılmışdır. - Məhkəməyə təqdim edilmiş Bakı şəhər Cavabdeh icra məmuru X29, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, məhəllə 593, ev 72-3, mənzil 34 komendantları X5, X13, hal şahidləri X6 və X23 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı sözügedən mənzildə olmuşlar. İcra sənədində geyd olunan borclunun evə yaşamadığı, onun bacısı İddiaçı1 Səbuhi qızının övladları ilə evdə yaşadığı məlum olmuşdur. İcra sənədinin icrası tərəflərindən xx.xx.2021-ci il tarixinə təyin olunmuş və bu barədə həmin mənzildə yaşayan İddiaçı1 Səbuhi qızına məlumat verilmişdir. Lakin o qəbul etməsi ilə bağlı imza atmaqdan imtina etmişdir. Eyni zamanda ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenidən xəbərdarlıq edilmişdir ki, sözügedən mənzil həmin tarixdə boşaldılsın. - Məhkəməyə təqdim edilmiş Bakı şəhər Cavabdeh icra məmurları X14, X29, İddiaçı1, İddiaçı3 və hal şahidləri X7, X5 (komendant) tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı icra sənədində qeyd olunan Bakı şəhəri, H.Zərdabi küçəsi, məhəllə 593, ev 72-3, mənzil 34-ə gəlmişlər. Qapını mənzildə yaşayan iş üzrə borclu Səfərova Səlminin bacısı İddiaçı1 açmışdır. S.Mətanət bildirmişdir ki, mənzildə qızı İddiaçı3 hal-hazırda yaşayır. İcra sənədinin tələbi və məcburi icra hərəkətləri barədə əvvəlcədən mənzildə yaşayanlara məlumat verilmişdir. Lakin mənzildə yaşayan İddiaçı1 bildirmişdir ki, bu gün mənzili boşaldıb təhvil verə bilməyəcək. Mənzildə olan əşyaları və yaşamağa yer tapmaq üçün iyirmi gün möhlət verilməsini xahiş etmişdir. Tərəflərindən iş üzrə tələbkar X15 ilə ***-***-**-** nömrəli telefon ilə əlaqə saxlamışlar və möhlət verilməsi barədə İddiaçı1 xahişini bildirmişlər. M.Mehman iyirmi gün möhlət verilməsinə razılıq vermişdir. Həmçinin İddiaçı1 izahatı alınmış və o izahatında bildirmişdir ki, mənzili iyirmi günə könüllü boşaldıb təhvil verəcək. İddiaçı1 bir daha izah olundu ki, məhkəmə qərarının icrası məcburidir və iyirmi gündən sonra mənzili boşaltmasa, mənzil məcburi boşaldılacaq. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarının tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1251/2015 nömrəli qətnaməsinə əsasən iddiaçı X8 cavabdehlər X12 və X16 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası təmin edilərək, cavabdehlər X10 və X11 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 2 mənzil 51 ünvanında yerləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlər X10 və X11 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,8 kv.m. olan mənzildən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları qət edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-1051/2018 nömrəli qətnaməsinə əsasən həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98,8 kv.m olan mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin X12 münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Cavabdeh icra məmuru Emil Abıyev tərəfindən icra sənədi icraata qəbul edilərək icra sənədində göstərilmiş X1na və X16 10 gün müddətinə icranı könüllü olaraq təmin edilməsi təkilf edilmişdir. X1 və X26 tərəfindən icra sənədi icra edilmişdir. İcra mərhələsində müəyyən edilmişdir ki, icra sənədində qeyd olunan ünvanda hazırki iş üzrə iddiaçılar yaşayırlar. İddiaçı1 mənzilin rəsmi qaydada bacısı Səlmi Səfərovanın adına olsa da, faktiki olaraq onun mülkiyyətində və istifadəsində olduğunu bildirmişdir. İcra məmurları adı icra sənədində qeyd olunmayan, yəni borclu qismində göstərilməyən iddiaçılara münasibətdə icra tərdbirləri həyata keçirmiş, həmin şəxslərə bildiriş təqdim edilərək mübahisəli mənzili boşaltmaları tələb edilmişdir. İddiaçılar icra məmurunun hərəkətlərini mübahisələndirir və bu hərəkətlərin dayandırılmasını tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə icra haqqında Azərbaycan Respublikası qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. - 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. - 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. - 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. - 72.1-ci maddəsinə görə işə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. - 72.2-ci maddəsinə görə bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. - 72.3-cü maddəsinə əsasən icra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. - 72.7-ci maddəsinə görə borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. - 9-cu maddəsinə əsasən icra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Məhkəmə qeyd edir ki, müvafiq mülki iş üzrə cavabdehlər X10 və X11 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m. olan mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmiş, buna uyğun icra sənədi verilmişdir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin mülki iş üzrə tərəf olmamış, onlarla bağlı məhkəmə qərarı qəbul edilməmiş, onlara münasibətdə hal-hazırda müvafiq icra sənədi mövcud deyildir, onlar icra sənədində borclu qismində göstərilməmişlər İşin göstərilən xüsusatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müvafiq mülki iş üzrə tərəf (cavabdeh, borclu) qismində çıxış etmədiklərindən cavabdeh Bakı şəhəri Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası üzrə icraat zamanı həmin şəxslərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçıların Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, 72-3 saylı evin 34 saylı mənzilindən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1051/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, 72-3 saylı evin 34 saylı mənzilindən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar