Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11994/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Səbail RİHB) 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X6 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə ona fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 600 kv. m. torpaq sahəsi ayrılmışdır. Badamdar qəsəbə nümayəndəsi tərəfindən 48 saylı, xx.xx.2004-cü il tarixli cizgi tərtib olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi yuxarda göstərilən torpaq sahəsini qeydiyyata almaqdan imtina edir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 25 iyul 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi şübhə doğurduğundan idarə tərəfindən Səbail RİH-nə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq yerləşmə cizgisinin aşkar olunmadığı bildirilmişdir. Sözügedən torpaq sahəsinin sərhədləri şərtidir və mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət əmlakı ilə həmsərhəddir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə yol digər qonşu sahədəndir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin çox hissəsi X2 (fin: 123XS67) və X4 (fin: 126Z8AS) adına qeydiyyatdan keçmiş **********38-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun baş planında qeyd olunan sahə ilə üst- üstə düşür və göstərilən torpaq sahəsinə yol bu sahədəndir. Həmçinin təqdim edilən yerləşmə cizgisində istinadlar, istinad məsafələri və qeyd edilməmiş və torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya müvafiq cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. 1991-2000-ci il tarixlərində qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-05902/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Səbail RİHB-nın “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 2551 №-li, 2 avqust 1994-cü il tarixli sərəncamından (çıxarışdan) müəyyən olunur ki, Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün İddiaçı 600,0 (altı yüz) kv. m. torpaq sahəsi ayrılmışdır. Səbail RİHB-nın 5-19/2-2/10-1341/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Səbail RİHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s) RİH-nin arxivində aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********43 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m sahəsində yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 600,0 kv.m., faktiki sahəsi 630,0 kv.m. təşkil edir, 30,0 kv.m artıq sahə qeyd olunmuşdur. Ərizəçinin nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi bir tərəfdən hasar təməli, bir tərəfdən metal löhvə və daş hasarla, dörd tərəfdən isə daş hasar və qonşu tikilinin çöl divarı ilə sərhədlənib. Qonşu sahələr və dalan yolu ilə əhatə olunub. Torpaq sahəsi üzərində tikili yoxdur. Göstərilən sahənin faktiki yerləşməsinə dair koordinatı baxılması üçün akta əlavə olunmuşdur. Səbail rayon İHB-nın 2551 №-li, xx.xx.1994-cü il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 4 döngə, 671 №-li torpaq sahəsinin yerləşmə cizgisi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində Nümayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq olunmuşdur. Səbail rayon İH tərəfindən Zahid İbrahimova ünvanlanmış (iddiaçının nümayəndəsi) 10-İ-79/2-091/2-t/1; İ-79/3-091/3 saylı, xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Səbail rayon İHB-nın 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinin cizgisində mexaniki səhvin düzəlişinə köməklik göstərilməsi barədə müxtəlif instansiyalardan Səbail RİH-yə daxil olmuş müraciətlərinə baxılmışdır. Sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem v s.) Səbail RİH-nin arxivində aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail RİH-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail RİHB-nın 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli 2551 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyinin cavabdeh Səbail RİH-yə həvalə edilməsi qərara alınmışdır. Səbail RİH tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) ünvanlanmış 2/10-İ- 78-016 saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Səbail RİH-yə İ-78-016 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Səbail RİHBnın 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin iş № 2-1(112)-2962/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Səbail RİHB-nın 02 avqust 1994-cü il tarixli, 2551 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyinin Səbail RİH-yə həvalə edilmişdir. Sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair planölçü sxeminin təsdiq olunması yerli İH-nin səlahiyyətləri xaricində olduğundan qaldırılan məsələnin həlli istiqamətində lazımi köməkliklərin göstərilməsi məqsədilə sənədlər aidiyyəti Xidmətə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2021 saylı xx.xx.2023-cü il tarixli qərardadının 1-ci səhifəsinin 3-cü və 4-cü abzasında qərarın qanuni qüvvəsini aldığı və icra olunması üçün cavabdehə göndərildiyi, məhkəmə qərarı könüllü icra müddətində cavabdeh tərəfindən icra edilmədiyindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi tərtib edilərək icra olunması üçün Bakı şəhəri Səbail rayon icra şöbəsinə göndərildiyi qeyd olunmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan X7 tərəfindən ünvan 3 ofisində təsdiqlənmiş **********361 saylı ərizədə qeyd olunmuşdur ki, Səbail RİH-nin 2551 nömrəli, xx.xx.1994cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi ünvanında yerləşən 600 kv.m., torpaq sahəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alınmasına etiraz etmir. Ərizəyə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 1-ci massiv, ev 428 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar Şossesi 96) ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 305,90 kv.m. fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına qeydə alınmışdır. ünvan 6 ünvanında qeydiyyatda olan X6 və X9 tərəfindən ünvan 3 ofisində təsdiqlənmiş **********258 saylı və **********259 ərizədə qeyd olunmuşdur ki, Səbail RİHnin 2551 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi ünvanında yerləşən 600 kv.m., torpaq sahəsinin İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyata alınmasına etiraz etmirlər. Ərizəyə əlavə olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 464 kv. m. fərdi yaşayış evinin 6 otaq y/s-121.6 kv.m, k/s-110,6 kv.m hissəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2, 6 otaq y/s-121 kv.m., k/s-110.6 kv.m. olan hissəsi xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə X4 adına qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş: **********34 №-li, xx.xx.2019-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə” bildirişdə (surəti) qeyd olunmuşdur ki, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Tərəfindən təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi şübhə doğurduğundan idarə tərəfindən Səbail RİH-nə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq yerləşmə cizgisinin aşkar olunmadığı bildirilmişdir. Sözügedən torpaq sahəsinin sərhədləri şərtidir və mərzçəkmə və hasarlama işləri aparılmamışdır. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət torpağıdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Səbail RİHB-nın “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1994-cü il tarixli, 2551 saylı sərəncamı əsasında onun mülkiyyətinə verilmişdir. Bununla bağlı, RİHB-nin Badamdar qəsəbə nüayəndəsi tərəfindən xx.xx.2004-cü il tarixdə, Səbail RİHB-nın xx.xx.1994-cü il tarixli, 2551 saylı sərəncamı ilə Badamdar qəsəbəsində iddiaçının adına ayrılmış 600 kv.m-dən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Bundan əlavə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Səbail RİH-yə 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncam əsasında İddiaçı ayrılmış mübahisəli torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsi həvalə olunmuşdur. İddiaçıya məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Səlahiyyətli dövlət orqanı tərəfindən sözügedən 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsinə iddia edən yox, bu torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcud deyildir, başqa sözlə torpaq sahəsinin iddiaçıya məxsus olması heç bir şübhə doğurmur. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının (2- 1(102)-1013/2023 №li xx.xx.2023-cü il tarixli qərar (reyestrdən çıxarışın verilməsi) hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplər ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların Konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-427/2023 nömrəli 27 aprel 2023-cü il tarixli qərarı)”. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 1994-cü il tarixli 2551 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsində ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11994/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11994/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver