Məhkəmə qərarları › İş №2-1(112)-120/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-120/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-120/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 1 saylı Təmir Tikinti İdarəsi cəlb olunmaqla) «iddiaçıya yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «iddiaçının faktiki istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən binanın 41 saylı mənzilinə görə 35.000 manat kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. İddiaçı uzun müddət həmin İdarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2007-ci ilin oktyabr ayında yataqxanada otaqla təmin olunmuşdur. 14 dekabr 2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın faktiki istifadəsində olan 41 saylı mənzilinə dair iddiaçının adına 16 saylı order verilmiş, istifadə hüququm tanınmışdır və 2007-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına qədər həmin mənzildə ailə üzvlərilə birlikdə yaşamışdır. 2016-cı ildə sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəsisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21 oktyabr 2016-cı il tarixli rəy tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” 699 nömrəli 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Suraxanı rayonu üzrə 3.828 nəfərin yaşadığı 1.127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O cümlədən, ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da həmin siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı ŞİH-ə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin 13 iyul 2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirinin müavininin 27 iyul 2017-ci il tarixli xx/xx/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiriyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 dekabr 2016cı il tarixli qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin sakinlərin əhatə dairəsi müəyyənləşdirilmişdir. Qərara görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olması müəyyən edilmiş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı RİH başçısının 89 saylı, 31 iyul 2017-ci il tarixli sərəncamı ilə müvafiq komissiya yaradılmışdır. Lakin komissiya tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, komissiya sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən, sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər. İddiaçı da daxil olmaqla siyahıya salınmayan sakinlər tərəfindən cabahdehə etiraz edildikdə, sonuncu tərəfindən əlavə siyahı tərtib olunacağı bildirilmişdir. Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq komissiyaya təqdim edilmiş, lakin, tərtib olunmuş əlavə siyahıda olanların heç birinə bu günədək kompensasiya verilməmişdir. Cavabdeh Suraxanı RİH qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınma məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə iddiaçı da daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində “bərabərlik prinsipi”nin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı RİH-in əvvəlki rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, “maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000). Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru «İcra haqqında» Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı Rayon Məhkəməsinə qaytarmışdır. Yəni, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmişdir Təqdim edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də icra olunmamış 2-1(82)-/692/2019 sayh qərarından göründüyü kimi, cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmağa çalışmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Bakı şəhəri Suraxanı RİH Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, Əsasnamə ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. hal-hazırda binanın komunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxışın mümkünsüzlüyü səbəbindən iddiaçının əmlakdan istifadə hüquqlarının məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Göstərilənlərə əsaslanaraq, iddiaçıya faktiki istifadəsində olmuş Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən binanın 41 saylı mənzilinə görə 35.000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 sentyabr 2020-ci il tarixli 1/1231 saylı məktubunda bildirilir ki, FHN Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 4 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21 oktyabr 2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı RİH başçısının 89 nömrəli 3 iyul 2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onların arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Komissiya tərəfindən aparılan inventarlaşdırma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən süni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı ŞİH-in 26 sentyabr 2017-ci il tarixli 7- 430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23 oktyabr 2017-ci il tarixli 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və Bakı ŞİH başçısının 491 nömrəli 25 oktyabr 2017-ci il tarixli sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı RİH-ə deyil Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ayrılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 1 saylı Təmir Tikinti İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cılb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-in müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddiaçının müvafiq məsələ ilə bağlı cavabdeh orqana müraciət etməsini, eləcə də ona mübahisə obyekti olan yaşayış sahəsinə dair order verilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarında olan 1 saylı Təmir Tikinti İdarəsi ilə İddiaçı arasında bağlanmış 6 sentyabr 2007-ci il tarixli 11 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə görə 1 saylı Təmir Tikinti İdarəsnin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarına əsasən yataqxanada yaşayan sakinlərlə mənzil və kommunal xidmətlərinin yığılması haqqını almaq barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 1 saylı Təmir Tikinti İdarəsi tərəfindən verilmiş 14 dekabr 2007-ci il tarixli 16 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yataqxananın 41 nömrəli otağı İddiaçı ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 3 iyun 2021-ci il tarixli 234 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, məhəllə 2143 ünvanında yerləşən “Bakqazmaş” zavodunun yataqxanasında mənzillə təmin edilməsi məsələsi ilə bağlı 1 saylı TTİ tərəfindən İddiaçı qızma aid heç bir sənəd 11 saylı MKİS-nə təqdim olunmayıb. Sözügedən yataqxana binası sökülərək, yerində yeni standartlara uyğun yaşayış binası inşa edilmişdir. Həmin binada yaşayan sakinlər mənzillərlə təmin olunmuşlar. Qeyd edilən ünvanda faktiki yaşamayan və adlarına mənzil olmayan vətəndaşlara mənzillər verilməyib. İş materiallarında olan Bakı şəhəri Suraxanı RİH-in sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli 1/84 saylı məktubundan görünür ki, FHN Tikintidə X2 Agentliyinin 1 Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 4 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21 oktyabr 2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı RİH başçısının 89 nömrəli 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələlərin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada İddiaçı faktiki yaşaması müəyyən edilmədiyindən ona birdəfəlik maddi yardım ödənilməmişdir. Komissiya tərəfindən ünvan 7 ünvanında yerləşən yataqxananın 41 saylı mənzilinə görə vətəndaş X1 ailə üzvləri ilə birlikdə faktiki yaşadığı müəyyən edilmiş və ona birdəfəlik 35.000 manat maddi yardım ödənilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı sayıla bilməz. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürmüşdür ki, ünvan 1 ünvanında yerləşən bina qəzalı hesab edilərək onun sökülməsi və orada yaşayan ailələrə 35.000 manat yardım verilməsi müvafiq aktla nəzərdə tutulsa da, məhkəmə icraatında iddiaçının həmin binada yaşamasını təsiqləyən yetəri sübutlar, o cümlədən son dövrlərə aid kommunal xərclər, həmin ərazidə tibbi müəssisədə uçota alınma və s. bu kimi sübutlar təqdim edilməmişdor. Halbuki, müvafiq maddi yardımın yalnız həmin binada faktiki yaşayan ailələrə verilməsi nəzərdə tutulur. İddiaçı isə, həmin şəxslərin dairəsinə aid deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi yardım məbləğin aid olduğu mənzilə görə ünvanda yaşayan başqa şəxsə ödəniş edilmişdir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, iddia əsaslı sayılmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Suraxanı RİH-ə qarşı «iddiaçıya yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Suraxanı RİH-ə qarşı «iddiaçıya yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar