Məhkəmə qərarları › İş №2-1(112)-1200/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1200/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1200/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvanı: Laçın rayonu, Cicimli ərazi dairəsi, Cicimli kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Sumqayıt şəhəri, 1 saylı vəkil bürosu, vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvanı: Lerik rayonu, Nizami küçəsi, ev 64; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Sabunçu rayonu Maştağa bələdiyyəsi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Sabunçu rayonu Maştağa bələdiyyəsinə 3-cü şəxs - X5 qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X6 cavabdeh Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı Maştağa Bələdiyyəsinin Bakı şəhəri, Sabunçu rayonunun “Ləəş bağları" adlandırılan bağlar massivində yerləşən 22500 kvadrat metr torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Maştağa Bələdiyyəsinin 43 saylı, 04 sentyabr 2006-cı il tarixli sərəncamının və torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə 15 yanvar 2007-ci il tarixli, 28 saylı sərəncamının və həmin torpaq sahəsinin vətəndaş X2 istifadəsinə verilməsinə dair 16 yanvar 2007-ci il tarixli 55 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Sabunçu rayonu Maştağa bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 43 saylı xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamının və “Ləəş” bağlar massivində yerləşən 22500 kvadrat metr torpaq sahəsinin vətəndaş X2 istifadəsinə verilməsinə dair xx.xx.2007-ci il tarixli 55 saylı qərarının (sərəncamının) etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı 04 sentyabr 2006-cı il tarixli qərarı əsasında Sabunçu rayonunun “Ləəş bağları” adlandırılan bağlar massivində sahəsi 22500 kvadrat metr torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və onunla Maştağa Bələdiyyəsi arasında qüvvədə olma müddəti 2099-cu ildək müəyyən edilmiş müvafiq torpaq icarə müqaviləsi bağlanılmışdır. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, Maştağa Bələdiyyəsi tərəfindən 15 yanvar 2007-ci il tarixli, 28 saylı sərəncamla Sabunçu rayonunun “Ləəş bağları" adlandırılan bağlar massivində sahəsi 22500 kvadrat metr torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair bələdiyyə qərarı və müvafiq torpaq icarə müqaviləsi ləğv edilmişdir. Həmin bələdiyyə sərəncamı barədə rəsmi qaydada ona məlumat verilməmiş və bugünədək ona təqdim olunmamışdır. Adı çəkilən sərəncamın ona təqdim olunması ilə bağlı Maştağa Bələdiyyəsinə rəsmi qaydada vəkil sorğusu ünvanlasa da, bələdiyyədən 29 aprel 2020-ci il tarixli, 48 saylı məktubla cavab verilərək həmin sənədin təqdim edilməsindən imtina olunmuşdur. Bu səbəbdən iddiaçı Maştağa Bələdiyyəsinin 15 yanvar 2007-ci il tarixli, 28 saylı sərəncamından həmin sənədin əsli, yaxud surəti əlimdə olmadan şikayət vermək məcburiyyətində qalmışdır. Belə ki, Maştağa Bələdiyyəsi tərəfindən onun icarəsinə verilmiş torpaq sahəsi məndən alınaraq tamamilə əsassız şəkildə bələdiyyənin 16 yanvar 2007-ci il tarixli 55 saylı qərarı və bağlanmış torpaq icarə müqaviləsi əsasında vətəndaş X1 istifadəsinə verilmişdir.Hesab edirəm ki, Maştağa Bələdiyyəsi qanunsuzluğa yol verərək mənə məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. O, Maştağa Bələdiyyəsinin bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla onun hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsinə dai bağlanılmış torpaq icarə müqaviləsinin ləğv olunmasına dair mülki qanunvericiliklə müəyyən olunmuş halları heçə sayaraq həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğunu nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə başqasının mülkiyyətinə vermişdir. Bu səbəbdən cavabdehin yol verdiyi qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyinə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İddia tələbindən görünür ki, iddiaçı Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamını və xx.xx.2007-ci il tarixli 55 saylı qərarını (sərəncamını) mübahisələndirir. Məhkəmə iddia tələbinin birinci, yəni Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamının etibarsız hesab edilməsi ilə bağlı bildirir ki, işin məhkəmə araşdırılması aşağıdakıları müəyyən edilmişdir: Sabunçu rayonu Maştağa bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Torpaq İcarə müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetini Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 43 saylı qərarı əsasında “Ləəç” b/m-də yerləşən ümumi sahəsi 22500 kv.m. olan torpaq sahəsinin icarəyə verilməsi təşkil edir. Müqavilə xx.xx.2006-cı il tarixdən xx.xx.2099-cu il tarixədək bağlanılmışdır. Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 28 saylı Sərəncamı ilə İddiaçı Maştağa Bələdiyyəsinin 43 saylı xx.xx.2006-cı il tarixli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» verilmiş icarə müqaviləsi ləğv edilmişdir. Sabunçu rayonu Maştağa bələdiyyəsi məhkəmənin sorğusuna cavab olaraq, 08 nömrəli xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2006-cı il tarixli 43 saylı Qərar adlı sənəd olmamışdır. Həmin tarixdə Maştağa Bələdiyyəsinin 43 saylı ümumi iclas protokolu olmuşdur və həmin sənədə istinad edilərək İddiaçı adına sənədləşdirilmiş torpaq icarə müqaviləsində 43 saylı qərar kimi təsbit edilmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsinə əsasən:

1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

2. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.

3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə... Həmin qanunun 19.4-cü maddəsinə əsasən bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi, mövcud qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı əsasında həyata keçirildiyindən, həmin qərarın bələdiyyə tərəfindən ləğv edilməsi də, qərarla həyata keçirilməlidir. Lakin, hazırkı iş üzrə işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi qərarla (bələdiyyə tərəfindən 43 saylı sənəd qərar kimi təsbit edilmişdir) rəsmiləşdirilsə də, həmin qərar daha sonra müvafiq səlahiyyəti olmayan şəxsin - Sabunçu rayonu Maştağa bələdiyyəsi sədrinin sərəncamı ilə ləğv edilmişdir. Bələdiyyə kollegial orqan olduğu üçün onun tərəfindən müvafiq məsələlər üzrə qəbul edilən qərarlar ümumi səs çoxluğu ilə qərar formasında rəsmiləşdirilir. Sərəncam isə konkret bir şəxsin (onu imzalayan şəxs-bələdiyyə sədrinin) iradə ifadəsidir və kollegial qaydada qəbul edilən orqanın qərarını ləğv etməsi qanunvericiliyin tələbləri ilə zidiyyətlidir. Həmçinin yuxarıda göstərilən normativ hüquqi aktın müddəalarından da aydın olur ki, bələdiyyə iclasının səalhiyyətinə aid olan məsələlər barədə bələdiyyə sədri təkbaşına sərəncam vermək səlahiyyəti yoxdur və həmin hal onun vaxtından əvvəl vəzifədən azad olunması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi Sabunçu rayonu Maştağa bələdiyyəsinin ““Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 43 saylı xx.xx.2006-cı il tarixli qərarın və icarə müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamının etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin ikinci, yəni Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 55 saylı qərarının (sərəncamının) etibarsız hesab edilməsi ilə bağlı bildirir ki, işin məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilmişdir: Sabunçu rayonu Maştağa bələdiyyəsi ilə X5 arasında xx.xx.2007-ci il tarixdə Torpaq İcarə müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetini Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 55 saylı qərarı əsasında “Ləəç” b/m-də yerləşən ümumi sahəsi 22500 kv.m. olan torpaq sahəsinin icarəyə verilməsi təşkil edir. Müqavilə xx.xx.2007-ci il tarixdən xx.xx.2099-cu il tarixədək bağlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq, 09/3-148 nömrəli xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 43 saylı qərarı, xx.xx.2007-ci il tarixli 28 saylı və xx.xx.2007-ci il tarixli 55 saylı sərəncamları X4 aşkar olunmamışdır. Dövlət Arxivinin Bakı filialı məhkəmənin sorğusuna cavab olaraq, 794 nömrəli xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin 2006-cı və 2007-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Göründüyü kimi, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 55 saylı sərəncamı və ya qərarının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, mövcudluğu sübuta yetirilməyən inzibati aktın mübahisələndirilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən “Sabunçu rayonu Maştağa bələdiyyəsinin ““Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 43 saylı xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamının etibarsız hesab edilməsi” hissəsində təmin edilməli, ““Ləəş” bağlar massivində yerləşən 22500 kvadrat metr torpaq sahəsinin vətəndaş X2 istifadəsinə verilməsinə dair xx.xx.2007-ci il tarixli 55 saylı qərarının (sərəncamının) etibarsız hesab edilməsi” hissəsində isə təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia qismən təmin edilir. Sabunçu rayonu Maştağa bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 43 saylı xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 28 saylı sərəncamı etibarsız hesab edilir. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar