Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1200/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X4, X20 və X21 cəlb edilməklə) «fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının atası X22 2016-cı ilin dekabr ayında vəfat etmişdir. Qaraxan Ağayev 2007-ci ili yanvar ayında X5 ilə razılığa gələrək Bakı şəhəri, Qaradağ rayonu. Sultanov küçəsində yerləşən 9a saylı iki otaqdan ibarət fərdi yaşayış evinin 20,7 kv.m sahəsi olan bir otaqlı və ümumi torpaq sahəsinin yarısını alqı-satqı müqaviləsi əsasında almışdır. Bundan sonra Qaraxan Ağayev ailəsi ilə birlikdə həmin ünvana qeydiyyata alınaraq orada yaşamışdır. Qaraxan Ağayevin vəfatından sonra ona məxsus olmuş həmin bir otaqlı ev və torpaq sahəsi miras əmlak kimi mərhumun üç vərəsəsi arasında bölünmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli reyestrdən çıxarışına əsasən Qaradağ rayonu, Sultanov küçəsində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinin 20,7 kv.m olan bir otaq Qaraxan Ağayevin vərəsələrinə, 24,6 kv.m sahəsi olan ikinci otaq isə X3 məxsus olmaqla müştərək mülkiyyətdir. Həmçinin göstərilən evin 0,0598 kv.m torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. X4 torpaq sahəsində olan payların müəyyən edilməsinə maneə yaratdığından, hazırkı iddiaçı və mərhumun digər vərəsələri birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək X1 faktiki istifadəsində olan 0,0598 kv.m müştərək torpaq sahəsinin yarısının onlara ayrılıb verilməsi tələbi ilə iddia qaldırmışlar. İş üzrə ekspertiza təyin edilmiş və 4 iyul 2018-ci il tarixdə cavabdehin iştirtakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin öz aralarında faktiki olaraq bölünmüş və hər iki torpaq sahəsi arasında daş hasar çəkilməklə ayrıca giriş-cıxışlar da mövcuddur. Məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qətnaməsinə görə mübahisəli torpaq sahəsinin uzunu bir tərəfdən 14,3 metr, digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən torpaq sahəsinin vərəsələrə verilməsi qət edilmişdir. İddiaçı dəfələrlə məhkəmə qətnaməsi ilə onlara ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması (qeydiyyatı) üçün hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsələr də müraciət əsassız olaraq müsbət həll olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə, Mülki Məcəlləsinin 139.1ci maddəsinə, İPM-in 2, 33, 45-ci maddələrinə əsaslanaraq məhkəmədən Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsində yerləşən 9a saylı iki otaqdan ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması qəbul edilməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə iş üzrə X4, X20 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 21 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 10 avqust 2021-ci il və 15 dekabr 2021-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölgü sxemində göstərilən ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, bölgü sxemində hissə olaraq 203 kv.m göstərilsə də, faktiki koordinatlarla 193 kv.m sahəni əhatə edir. Həmçinin, bölgü eskizində X1 imzası qeyd edilməmişdir. Bununla bağlı iddiaçıya 10 avqust 2021-ci il tarixli və 14 fevral 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 9a saylı fərdi yaşayış evi hazırda X1 (1 otaq, y/s – 24,6 kv.m), X7 (1 otaq, y/s – 20,7 kv.m-nin 1/3 hissəsi), İddiaçı (1 otaq, y/s – 20,7 kv.m-nin 1/3 hissəsi) və X8 (1 otaq, y/s – 20,7 kv.m-nin 1/3 hissəsi) paylı mülkiyyətindədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6, 220.6 və 221-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1-ci maddəsinə, «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»na, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə bildirişlər ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia ilə baölı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri, Qaradağ rayonu. Sultanov küçəsində yerləşən 9a saylı iki otaqdan ibarət fərdi yaşayış evinin 20.07 kv.m hissəsi miras əmlak kimi mərhum X16 vərəsələri kimi hazırkı İddiaçı və üçüncü şəxslər X20 və X8 mülkiyyətində olmuşdur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə digər paylı mülkiyyətçi arasında məhkəmə qərarına əsasında faktiki olaraq bölünmüşdür. Bundan sonra iddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Qaradağ rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: (215.3.1) əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; (215.3.2) əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. İş materiallarında olan MH seriyalı ******* nömrəli 17 fevral 2007-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsində istifadədə olan 0.02881 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 9 a saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 20.7 kv.m hissəsi X17, 24.6 kv.m hissəsi X2 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m olan, 0.0598 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 20.7 kv.m hissəsi X18, 24.6 kv.m hissəsi X2 mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m olan, 0.0598 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 20.7 kv.m hissəsi hər birinə 1/3 pay olmaqla X7, X8 və X17, 24.6 kv.m hissəsi X2 mülkiyyətindədir. İş materiallarında olan 09 avqust 2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 21 dekabr 2016-cı il tarixdə vəfat etmiş X17 vərəsələri olan X20 və X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinə pay hüququ tanınmışdır. İş materiallarında olan 11 avqust 2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 21 dekabr 2016-cı il tarixdə vəfat etmiş X17 vərəsəsi olan İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinə pay hüququ tanınmışdır. İş materiallarında olan X20 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə razılıq verir. İş materiallarında olan X21 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə razılıq verir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 249/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 oktyabr 2018-ci il tarixli 18682 saylı rəyinə əlavə edilmiş bölgü plan sxeminə uyğun olaraq iki mərtəbəli yaşayış evinə bitişik (uzunu bir tərəfdən 14,3 metr, digər tərəfdən 14,4 metr, eni isə 7,1 metr təşkil edən) torpaq sahəsi iddiaçılar X9, X10 və X11 ayrılmaqla, bir mərtəbəli yaşayış evinə bitişik (bir hissədə uzunu 14,4 metr, digər hissədə 14,3 metr olmaqla, eni 11,4 metr təşkil edən, digər hissədə isə uzunu 14,3 metr olmaqla, eni isə 4,9 metr təşkil edən) torpaq sahəsi isə cavabdeh X3 ayrılmaqla bölünsün. Məhkəmə qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X19 hazırkı iş üzrə İddiaçı qanuni nümayəndəsi (anası) kimi çıxış etmişdir, İddiaçı 2004-cü il təvəllüdlüdür və mülki işə baxılan dövrdə yetkinlik yaşına çatmamışdır. Beləliklə işdə olan subutlarla müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin payçılar arasında bölgüsü məhkəmə qətnaməsi ilə aparılmışdır və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Nəzərə alınmalıdır ki, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı kimi evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından “bölgü sxemində payçılardan birinin (X1) imzasının olmaması” səbəbi ilə imtina olunması qanuna zidd qiymətləndirilməlidir. Belə ki, evin bütün payçılarının onun altındakı torpaq sahəsinin naturada bölgüsünə razılığı olduğu təqdirdə mülki mübahisəyə məhkəmə qaydasında baxılması mümkün olmazdı. Odur ki, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin, “İnzibati icraat haqqında” Qanunun 15, 11, 24-cü maddələrinin tələblərini rəhbər tutaraq, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmış kimi qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal olaraq qanuna zidd sayılmalıdlr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə və altındakı torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və texniki pasportün (plan və ölçünün) verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 20.7 kv.m olan hissəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1200/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1200/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver