Məhkəmə qərarları › İş №2-1(112)-12001/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12001/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12001/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı vəkili və cavabdehin nümayəndəsinin iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında yerli icra hakimiyyəti tərəfindən kirayə müqaviləsinin bağlanılması barədə sərəncam və sonradan bağlanılmış kirayə müqaviləsi dayanır. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, lakin sonuncu onun müraciətinin təminindən əsassız imtina etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi imtina və iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış yeri üzrə qeydiyyatdadır. Aktdan görünür ki, iddiaçı həmin yaşayış sahəsində uzun müddətdir ki, ailə üzvləri ilə birgə yaşamaqdadır. Yerli icra hakimiyyəti orqanının sərəncamından görünür ki, həmin akt, kommunal ödənişlər barədə arayış, qeydiyyatda olma barədə arayışlar nəzərə alınmaqla iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilmiş, eyni zamanda müvafiq sənədləşmə işlərinin aparılması üçün sənədlərin cavabdehə təqdim edilməsi barədə qeydiyyat aparılmışdır. Çıxarışdan görünür ki, iddiaçı həmin mənzil istifadə hüquqlarını dövlət qeydiyyatına alınmasını təmin etmişdir. İmtina məktubundan görünür ki, sərəncamın 2009-cu ilin oktyabr 1-dən əvvəlki tarixə olması səbəbindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birtipli müqavilənin surətindən görünür ki, iddiaçı ilə yerli icra hakimiyyəti orqanı arasında həmin mənzillə bağlı kirayə müqaviləsinin bağlanılması təmin edilmişdir. Ərizələrdən görünür ki, iddiaçının adına həmin mənzilin sənədləşməsinə etiraz edilmədiyi bildirilmişdir. Yerl icra hakimiyyəti orqanı tərəfindən sərəncamın qəbulu əsaslarından biri kimi çıxış edən iddiaçı və ailə üzvlərinin uzun müddətdir ki, həmin mənzildə yaşamasını təsdiq edən aktı tərtib edən şəxslər tərəfindən tərtib edilmiş yeni aktdan görünür ki, iddiaçı 1998- 1999-cu il tarixlərdən başlayaraq hazırkı mənzildə ailə üzvləri ilə birgə yaşamaqdadır. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, kirayə müqaviləsinin bağlanılması barədə hazırkı mübahisəli mənzilə dair yerli icra hakimimiyyəti orqannın sərəncamının 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak həmin tarixdən sonra qəbul edilmiş sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Adıçəkilən sərəncamdan, eləcə də məhkəməyə təqdim edilmiş aktdan da göründüyü kimi iddiaçı 2009-cu ilin oktyabrın 1-dən əvvəlki tarixdə ailə üzvləri ilə birgə adıçəkilən mənzildə yaşamaqdadır. Göründüyü kimi iddiaçı adıçəkilən tarixdən əvvəllərdən etibarən mənzildə faktiki olaraq yaşamış, bu halı təsdiq edən sənədlər yerli icra hakimiyyəti orqanına təqdim edilmiş balanssaxlayıcı olan inzibati orqan tərəfindən iddiaçının 2009-cu il oktyabr ayının 1-dən əvvəl yaşadığı mənzilə hüquqları tanınmış, iddiaçının mənzilin kirayəçisinin hesab olunması məqbul hesab edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə onun mənzilinin kirayəçisi olmasını təsdiq edən sərəncamın və kirayə müqaviləsinin olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının yaşayış sahəsinə 2009-cu il oktyabr 1-dən əvvəl yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. Başqa sözlə desək, yerli icra hakimiyyəti orqanı iddiaçının uzun müddət olaraq yaşayış sahəsində yaşamasını nəzərə alaraq iddiaçını mənzilin kirayəçisi qismində qəbul etmiş və onunla kirayə müqaviləsinin bağlanılmasında iradə ifadəsinə nümayiş etdirmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır Göründüyü kimi balansaxlayıcı tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir. Eyni zamanda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, yuxarıda adıçəkilən Qanunun 8.0.11-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi nəticəsinə gələrkən cavabdeh istifadə hüququnun qeydiyyata alınmalı olması ilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalı olmasına münasibətdə fərqli yanaşma tətbiq etmiş, istifadə hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini təmin edərkən 2009-cu ilin oktyabr 1-dək olan məhdudlaşmaya istinad etməsə də, mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən həmin şərtin tətbiq edilməli olması qənaətinə gəlinmişdir. Halbuki, adıçəkilən Qanunun 8.0-cı maddəsi ümumilikdə hüquqların dövlət qeydiyyatına aid olmaqla, istifadə və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hər hansı fərqləndirmə müəyyən etmir. Cavabdeh isə, heç bir əsaslı səbəb olmadan istifadə hüququ qeydiyyata alınarkən müraciəti təmin etmiş, mülkiyyət hüququnun dövlət qeydiyyatında isə müraciətin təminini həyata keçirməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, mənzilə mülkiyyət hüquqlarınının dövlət qeydiyyatından imtinanın digər əsasları cavabdeh tərəfindən sübut edilməmişdir. Nəzərə alınmalıdır ki, digər imtina əsasları, o cümlədən mövcud olsa belə yenidən qurma və digər işlərin aparılması və s məhkəmə hesab edir ki, sübut təqdim edilsə belə mülkiyyət hüququ kimi konstitison hüququn dövlət qeydiyyatına alınmasından imtina əsası kimi çıxış etmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2148 5 saylı evin 60 saylı mənzilinə dair mülkiyyət hüquqlarının X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı ş, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 39b, 14 saylı mənzilinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar