Məhkəmə qərarları › İş №2-1(112)-12001/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12001/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12001/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: “X4” X10) “inzibati aktın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X7 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi qanuni nümayəndəsi X3, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs: “X4” X10) “inzibati aktın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 720688 nömrəli xx.xx.2022-ci il tarixli fərqlənmə attestata əsasən İddiaçı Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini 2022-ci ildə əla qiymətlərlə bitirmişdir. Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E № 447077 nömrəli attestata əsasən İddiaçı Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini texniki və təbiət təmayüldə 2024-cü ildə GÜMÜŞ NİŞAN ilə bitirmişdir. Yekun attestasiyanın nəticələri (illik və imtahan) adlanan hissədə tədris dili (rus dili) imtahan 80 (səksən) illik 5, Azərbaycan dili-dövlət dili imtahan 87 (səksən yeddi) illik 5, xarici dili (ingilis) imtahan 97 (doxsan yeddi) illik 5, riyaziyyatdan 97 (doxsan yeddi) illik 5; digər fənlər üzrə illik 5 göstərilmişdir. “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2024-cü il tarixli 3-29/3-2-499F/2024 nömrəli əmri ilə iddiaçı gümüş nişanla təltif edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron cavab məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsil alanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” olanlar isə gümüş nişana layiq görülürlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”na əsasən 60-dan 80-dək olan ballar “4” qiymətinə ("yaxşı" nəticəyə), 80-dən 100-dək olan ballar “5” qiymətinə (“əla” nəticəyə) uyğun hesab olunur. Qeyd olunanlara əsasən, İddiaçı tədris dili fənni üzrə buraxılış imtahanında topladığı 80 bal “yaxşı”ya ekvivalent hesab olunmuş və o, gümüş nişanla təltif edilmişdir. İddia tələbi və iddianın əsaslandırması: X6 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı İddiaçı qızıl medalla təltif edilmək hüququnun bərpa edilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18 iyul 2024-cü il tarixli, 3-29/3-2-499F/2024 saylı inzibati aktının dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-2024-cü təhsil ilində "Ankara Məktəbi" məktəb-liseyindən rus bölməsi üzrə 11D sinfindən məzun olmuşdur. Məktəbi əla qiymətlərlə, fərqlənmə attestatı ilə bitirmişdir. Bununla yanaşı olaraq, iddiaçı Respublika fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında dəfələrlə yer tutmuş, müsabiqə və layihələrdə çoxsaylı mükafatlara layiq görülmüşdür. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənərək qızıl və ya gümüş nişanla təltif olunma məqsədilə namizədliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilmişdir. Sonradan Nazirlik tərəfindən 18 iyul 2024-cü il tarixli, 3-29/3-2-499F/2024 saylı əmr çıxarılmış, iddiaçı gümüş medala layiq görülmüşdür. İddiaçı təhsilini xüsusi nailiyyətlərlə başa çatdırmışdır. Təhsilalanın qızıl medalla təltif olunması üçün şərtlər qanunvericilikdə dəqiq olaraq göstərilmişdir. İddiaçının qiymətləri (yekun (illik) qiyməti və buraxılış imtahanının balı) qanunvericiliyin bu tələblərini qarşılasa da, Elm və Təhsil Nazirliyinin müvafiq inzibati aktı ilə övladı qızıl medaldan məhrum edilmişdir. Hesab edir ki, inzibati akt çıxarılarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nın 4.2, 4.3, 6-cı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları” nın 1.7, 1.7.1, 1.7.2-ci; Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2017-ci il tarixli, 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın 2.4-cü maddəsinə istinad etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X6 əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X4” X10 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, İddiaçı Elm və Təhsil Nazirliyində sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, rus dili (tədris dili) kimi fənni üzrə yekun attestasiyada-buraxılış imtahanında topladığı bal (80) “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 19.8-ci maddəsinə əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydası”nın 2-ci bəndinə əsasən ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. Qaydanın 4-cü bəndində qeyd edilir ki, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.3. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.4. bu Qaydanın 2ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar. Bu Qaydanın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görürlürlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki: 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. 2.4. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. 2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır. 2.6. Tam (illik) yazılır. Bu qərarın qeyd hissəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılır. Beləliklə, tam orta təhsil haqqında attestatda yekun attestasiya nəticələri illik qiymət və imtahan balı olmaqla ayrı-ayrılıqda yazılır və iş materiallarına əlavə olunmuş İddiaçı adına yazılmış attestatın yekun attestasiyanın nəticələrindən də məlum olur ki, onun imtahan balı “Rus dili-tədris dili kimi” fənnindən 80dir. Bu da “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydası”nın 6-cı bəndinə uyğun olaraq, buraxılış imtahanında toplanan ballar “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın 4.13-cü bəndinə görə summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur: - 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir; - 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; - 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir; - 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir. Həmin Qaydaların 4.19-cu bəndinə əsasən təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir: 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə. Qeyd olunanlara əsasən İddiaçı tədris dili fənni üzrə buraxılış imtahanında topladığı 80 bal “yaxşı”ya ekvivalent hesab olunmuş və o, gümüş nişanla təltif edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) və qanuni nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”: 4.1. aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.2. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.3. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.4. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.5. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

6. Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli, 498 №li Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”: 1.3. ümumi təhsil müəssisələrində ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların yekun attestasiyası Azərbaycan Respublikasının X4 (bundan sonra – Mərkəz) tərəfindən aparılır. Həmin Qaydalara xx.xx.2018-ci il tarixli AR NK-nın Qərarı ilə edilmiş dəyişikliyə əsasən 1.7. Təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən aşağıdakı qaydada çıxarılır: 1.7.1-ci bəndinə əsasən, buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı; 1.7.2-ci bəndinə əsasən, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”: 4.19. Təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bədi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir: 4.19.1. 30-dək (daxil olmaqla) olan ballar “2” qiyməti ilə; 4.19.2. 30-dan 60-dək (daxil olmaqla) olan ballar “3” qiyməti ilə; 4.19.3. 60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 4.19.4. 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə. 4.20. Təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və “Məktəbli kitabçası”nda yazılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin əsaslandırması:

Məhkəmə qeyd edir ki, tam orta təhsil haqqında attestatda yekun attestasiya nəticələri illik qiymət və imtahan balı olmaqla ayrı-ayrılıqda yazılır və iş materiallarına əlavə olunmuş İddiaçı adına yazılmış attestatın yekun attestasiyanın nəticələrindən də məlum olur ki, onun imtahan balı “Rus dili-tədris dili” fənnindən 80-dir. Bu da “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydası”nın 6-cı bəndinə uyğun olaraq buraxılış imtahanında toplanan ballar “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən E № 447077 nömrəli attestatdan görünür ki, İddiaçı Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyini texniki və təbiət təmayüldə 2024-cü ildə GÜMÜŞ NİŞAN ilə bitirmişdir. Yekun attestasiyanın nəticələri (illik və imtahan) adlanan hissədə tədris dili (rus dili) imtahan 80 (səksən) illik 5, Azərbaycan dili-dövlət dili imtahan 87 (səksən yeddi) illik 5, xarici dili (ingilis) imtahan 97 (doxsan yeddi) illik 5, riyaziyyatdan 97 (doxsan yeddi) illik 5; digər fənlər üzrə illik 5 göstərilmişdir. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın 6-cı bəndinə əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görülürlər. Nazirlər Kabinetinin qərarlarında buraxılış imtahanı aparılan və buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekunu (illik) qiymətlə, buraxılış imtahanı isə balla qiymətləndirilməsi nəzərdə tutulsa da, hansı qiymətin hansı bala, yaxud hansı balın hansı qiymətə uyğunlaşdırılması ilə bağlı tənzimləmə əksini tapmamışdır. Bununla belə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixdə X5 Reyestrinə daxil edilmiş 28 dekabr 2018-ci il tarixli “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının 4.19.3 və 4.19.4cü bəndlərində qeyd edilmişdir ki, təhsilalanın summativ qiymətləndirmədə bu Qaydanın 4.13-cü bəndi nəzərə alınmaqla topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:...60-dan 80-dək (daxil olmaqla) olan ballar “4” qiyməti ilə; 80-dən 100-dək (daxil olmaqla) olan ballar “5” qiyməti ilə. Həmçinin, adı çəkilən Qaydanın 5.4-cü bəndində qeyd edilir ki, təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Məhkəmə bəhs olunanlara istinad edərək qeyd edir ki, Nazirlər Kabinetinin qərarlarında illik imtahan balının 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu birbaşa nəzərdə tutulmasa da, belə uyğunlaşdırma Təhsil Nazirliyinin müəyyən etdiyi Qaydada müəyyən edildiyindən həmin Qaydada nəzərdə tutulan uyğunlaşdırma attestatda yazılan imtahan ballarına münasibətdə də tətbiq edilə bilər. X2 məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli 9-3/2- 3422/2024 nömrəli məktubunda qeyd edilmişdir: “… İddiaçı barədə fərdi və təhsil məlumatları, o cümlədən illik qiymətlər Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyi tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək 2024-cü il 24 iyun tarixində təsdiq edilmişdir. İddiaçı "ana dili (tədris dili)” fənni üzrə illik qiyməti Sistemə "5” daxil edilmişdir. İddiaçı 2024-cü il 10 mart tarixində Mərkəz tərəfindən 2023/2024-cü tədris ili üçün keçirilmiş buraxılış imtahanında iştirak edərək “ana dili (tədris dili)” fənnindən 80 bal toplamışdır. Yuxarıda qeyd olunan Qaydaların tələbinə uyğun olaraq İddiaçı yekun attestasiyası təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş illik qiymətlər və buraxılış imtahanı nəticələri əsasında Mərkəz tərəfindən elektron qaydada aparılaraq "Şagird- məzun” sisteminə yazılmış və dövlət nümunəli təhsil sənədinin verilməsi üçün təhsil müəssisəsinə təqdim edilmişdir.” X2 məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir: “...İddiaçı tədris dili fənnindən 2023/2024-cü tədris ili üçün keçirilmiş buraxılış imtahanında topladığı bal və həmin fənn üzrə şagirdin yekun qiymətinə münasibət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 1.7-ci bəndinə əsasən buraxılış imtahanı aparılan hər bir fənn üzrə təhsil sənədinə yazılacaq yekun qiymət (qiymətlər) Mərkəz tərəfindən şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı olmaqla, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti olmaqla çıxarılır. Həmin Qaydaların 1.15-ci bəndinə əsasən yekun attestasiyanın nəticələri Mərkəz tərəfindən elektron təhsil sənədinə yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron təhsil sənədi dövlət nümunəli sənədin verilməsi üçün əsasdır. İddiaçı barədə fərdi və təhsil məlumatları, o cümlədən illik qiymətlər Bakı şəhəri “Ankara məktəbi” məktəb-liseyi tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək 2024-cü il 24 iyun tarixində təsdiq edilmişdir. Onun “ana dili (tədris dili)” fənni üzrə illik qiyməti Sistemə “5” daxil edilmişdir. İddiaçı 2024-cü il 10 mart tarixində Mərkəz tərəfindən 2023/2024-cü tədris ili üçün keçirilmiş buraxılış imtahanında iştirak edərək “ana dili (tədris dili)” fənnindən 80 bal toplamışdır. Həmin balın Mərkəz tərəfindən “5” ballıq sistem üzrə “5” və yaxud “4” qiymətinə uyğunluğunun müəyyən edilməsi yuxarıda qeyd olunan qaydalarda nəzərdə tutulmamışdur.” “80” balın “4” və ya “5” qiymətinə uyğunluğu barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”nın 4.19.1-ci bəndində 30-dək (daxil olmaqla) olan balların “2” qiymətinə uyğunluğu müəyyənləşdirilmişdir. Məntiqi baxımından əgər “30” bal “2” qiymətinə uyğundursa, bu ardıcıllıqla “60” bal” “3”, “80” bal “4” qiymətinə uyğundur. Əgər bu belə deyilsə, formal olaraq yalnız “80-dək” sözü nəzərə alınsa, Qaydaların 4.19.4-cü bəndində “100-dək” qeyd edilmişdir. Onda sual yaranır bəs “100” balın özü hansı qiymətə uyğundur? Axı “100” balda da “dək” ifadəsindən istifadə edilmişdir. Bundan başqa, əgər “80” balın “4” qiymətinə uyğunluğu nəzərdə tutulmasa idi onda heç ehtiyac olmazdı ki, “daxil olmaqla” ifadəsində istifadə edilsin. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının imtahan balı “Rus dili-tədris dili” fənnindən 80 olmaqla “4” qiymətinə uyğun gəldiyindən iddia əsaslı hesab edilə bilməz.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar