Məhkəmə qərarları › İş №2-1(112)-12003/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12003/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12003/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “yenidən müsahibəyə buraxılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu xx.xx.2016-cı il təvəllüdlü X4 rus bölməsinə 1-ci sinifə qəbul edilməsi üçün xx.xx.2023-cü il tarixində verilmiş müsahibənin nəticəsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, 3 övladı var. X1 xx.xx.2016-cı ildə anadan olmuşdur. Həyat yoldaşı X5 rus dili müəllimidir. Oğlu 2 yaşından rus dilli körpələr evinə getmişdir. Anası onunla daima məşğul olmuş və evdə rus dilində danışmışlar. Buna görə də rus dilini mükəmməl bilir. O, rus dilində danışdığından belə qərara gəlmişlər ki, Ruslan orta təhsilini rus dilində alsın. Bu məqsədlə onlar müsahibə üçün qeydiyyatdan keçmiş və Ruslan xx.xx.2023-cii il tarixində, saat 15:59-da 53 saylı orta məktəbdə müsahibədən keçmişdir. Lakin xx.xx.2023-cii il tarixdə sms vasitəsilə onlara bildirilmişdir ki, övladları müsahibədən keçməmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-ci il tarixində, saat 12:45-də apellyasiya şikayəti vermiş, şikayətə Təhsil idarəsində baxılmış, xx.xx.2023-cü il tarixdə sms vasitəsilə şikayətin təmin edilməməsi bildirilmişdir. İddiaçı verilən cavabdan narazıdır və cavabı qeyri-qanuni hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilməsini, həmçinin iddia tələbinin müsahibənin nəticələrinin ləğv edilməsi, qanunvericiliyin və müsahibə qaydalarının tələblərinə əməl edilməklə yenidən müsahibəyə buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Bakı şəhər Təhsil İdarəsi ilə əvəz edilmiş və iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. Sonradan İddiaçı ərizəsi nəzərə alınmış və məhkəmənin müvafiq qərardadı ilə iddiaçı əsl iddiaçı X6 ilə əvəz edilmiş və İddiaçının qanuni nümayəndəsi qismində tanınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya müraciətinə xx.xx.2023-cü il tarixində baxılaraq Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. Qeyd edilir ki, iddiaçının övladına münasibətdə müsahibə nəticəsinin məqbul hesab edilməsi müsahibədə iştirak edən digər uşaqların hüquqlarının pozulmasına rəvac vermiş olar. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.3-cü maddəsində təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi bərabərlik prinsipi qeyd olunmuş və qeyd edilən prinsip bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması ilə şərtləndirilmişdir. Eyni zamanda bildiririk ki, tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən sadalanan meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır, fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur və s. Göründüyü kimi apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixində təşkil olunmuş müsahibəyə dair rəy qüvvədə qalmaqla müsahibə nəticəsi məqbul hesab edilməmişdir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər. Həmçinin İddiaçı xx.xx.2023-cü il tarixli, TN-H-984 nömrəli ərizəsinə cavab olaraq müsahibə nəticələri barədə ona təkrar rəsmi məlumat verilmiş və əlavə olaraq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə biləcəyi bildirilmişdir. Bu səbəbdən iddiaçının övladının Azərbaycan bölməsi üzrə təhsil almaq hüququ təmin edildiyi halda müsahibə nəticələrinə əsasən rus dili bilikləri üzrə uğurlu nəticə əldə etməməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun üçün əlverişsiz hüquqi nəticələr yaradan müsahibənin nəticələri haqqında Müsahibə komissiyasının rəyinin ləğv edilməsini və onun yenidən müsahibəyə buraxılma öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışı və inzibati aktın hansı əlamətlərə malik olması açıqlanmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Plenum belə nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023cü il tarixli müsahibənin nəticələri barədə rəyi iddiaçı üçün hüquqi nəticələr yaratdığından inzibati akt kimi qiymətləndirilməlidir. Hazırkı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır. Belə ki, o, tədris rus dilində aparılan birinci siniflərə qəbul edilməsi üçün həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə yenidən müsahibəyə buraxılması imkanı əldə etməklə, hüquqi marağına çata, yəni rus dilində təhsil almaq imkanı əldə edə bilər. Həmçinin iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçının qanuni nümayəndəsi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur: “Övladınızın 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etmədiyi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanan müraciətinizə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 23 may 2023-cü il tarixindən - 16 iyun 2023-cü il tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətiəndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətlərinə baxılmışdır. Sizin apellyasiya müraciətinizə xx.xx.2023-cü il tarixində baxılmış və komissiyanın rəyinə əsasən övladınız üçün Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. Siz övladınız üçün mektebeqebul.edu.az elektron sistemi vasitəsilə Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilərsiniz. -Volqoqrad şəhərinin Traktorozavodsk rayon administrasiyası üzrə VVAQ şöbəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli verilmiş İİ-PK№854815 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 11 aprel 2016-cı il tarixdə Volqoqrad vilayətinin Volqoqrad şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X2r. Müvafiq sorğu əsasında Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçının rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün keçirilmiş müsahibənin nəticələri barədə mövcud olan materiallar məhkəməyə təqdim edilmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, 11.0.2016-cı il təvəllüdlü X6 2023- 2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. Onun həmin müsahibənin nəticələri barədə inzibati qaydada şikayəti təmin edilməmiş, Müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. İddiaçı tərəf gəlinən nəticə ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. -7.2-ci maddəsinə əsasən vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. -7.3-cü maddəsinə əsasən tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. -14.5.2-ci maddəsinə əsasən ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. -19.1-ci maddəsinə əsasən ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. -19.14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.1-ci maddəsinə əsasən Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; -1.0.3-cü maddəsinə əsasən ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; -6.2-ci maddəsinə əsasən vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. -6.3-cü maddəsinə əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. -6.4-cü maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. -13.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında məktəbəhazırlıq mərhələsi 5 yaşdan, ibtidai təhsil 6 yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da ümumi təhsil müəssisəsinə qəbul edilirlər. -22.2.2-ci maddəsinə əsasən təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək ümumi təhsil sahəsində təhsilalanların hüquqlarından biridir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndində qeyd olunmuşdur ki, həmin Qanunun 1.0.10-cu, 6.2-ci, 6.4-cü, 6.5-ci, 9.2ci, 12.9-cu (tabeliyindəki ümumi təhsil müəssisələrinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan ümumi təhsil müəssisələrinə münasibətdə), 12.10-cu, 13.5-ci, 13.8-ci, 13.22-ci, 14.2-ci, 14.4-cü maddələrində, 15.3-cü maddəsinin ikinci cümləsində, 20.2-ci maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 22.2.4-cü (təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla), 27.3-cü maddələrində və 28.1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur İstinad edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Hər nə qədər ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-176 nömrəli xx.xx.2022ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair” Təlimatın: 1.1-ci maddəsinə əsasən bu Təlimat Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyir. 2.1-ci maddəsinə əsasən müsahibə prosesi İşçi qrupu tərəfindən müəyyən edilmiş 12 rayon üzrə 5 mərkəzdə əyani formada Komissiya üzvlərinin uşaqla müvafiq dil üzrə şifahi ünsiyyət qurması və sual-cavabı şəklində həyata keçirilir. Müsahibə zamanı uşağın valideyinlərinin (qanuni nümayəndəsinin) müsahibə prosesində iştirakına şərait yaradılır. Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi Komissiyanın müvafiq qaydada protokollaşdırılmış rəyi əsasında həyata keçirilir. Rəydə uşağın müvafiq dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi mənfi və ya müsbət olmaqla qeyd olunur. Komissiyanın rəyinin əks olunduğu protokol bütün üzvlər tərəfindən imzalanır və Komissiya sədri tərəfindən təsdiq olunur. 2.6-cı maddəsinə əsasən komissiya sədri tərəfindən aşağıda qeyd edilən işlərin icrası təmin edilməlidir: 2.6.1-ci maddəsinə əsasən uşaqların rus dili üzrə dinləmə-anlama və nitq bacarıqlarının qiymətləndirilməsinin mövcud təlimatın tələblərinə uyğun aparılması; 2.6.2-ci maddəsinə əsasən müsahibə prosesində valideyinlərin iştirakının təmin edilməsi; 2.6.3-cü maddəsinə əsasən müsahibə prosesində uşaq seçilmiş təlim dilini bilmədiyi və ya həmin dildə ünsiyyət qurmaqda çətinlik çəkdiyi halda valideynə (digər qanuni nümayəndəyə) təlim dilini dəyişdirməyin zəruriliyinin izah edilməsi; 2.6.4-cü maddəsinə əsasən müsahibənin keçirilməsi ilə bağlı işin təşkili, o cümlədən sistemdə olan növbəliyə əsasən uşaqların Komissiya (və yaxud komissiyalar) tərəfindən qəbul edilməsi; 2.6.5-ci maddəsinə əsasən müsahibə nəticəsinin yazılı şəkildə protokollaşdırılaraq iş gününün sonunda İdarənin İnformasiya təminatı sektorunda təqdim olunmasının təmin edilməsi; 2.6.6-cı maddəsinə əsasən ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi. Şərh olunan normativ hüquqi aktların tələblərindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabellyində Bakı şəhəri üzrə Təhsil İdarəsin tərəfindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil edilmiş müsahibələrin keçirilməsi məsələlərini tənzimləyən təlimat qəbul edilmiş, həmin təlimat əsasında təhsil almaq istəyən şəxslərin müvafiq dil üzrə şifahi ünsiyyət qurması və müsahibənin sualcavab şəklində həyata keçirilməsi, müsahibə zamanı uşağın valideynlərin (və ya digər qanuni nümayəndəsinin) müsahibədə iştirakının təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş inzibati icraat materiallarına əlavə edilmiş X4 müsahibə vaxtının video görüntüləri olan diskə baxış keçirilərkən X6 ilə rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsahibə aparılmış, müsahibə zamanı R.Hüseynov işçi qrupu tərəfindən “dinlədiyi anlama”, “ünsiyyət qurma”, “öz fikrini sadə formada bildirə bilmə”, “söz və ya söz birləşmələrin tələffüzü”, “özü və ailəsi haqqında qısa məlumat vermə” meyarları üzrə mənfi qiymətləndirilmişdir. Videogörüntüdə R.Hüseynovun üzünün ifadəsindən, həmçinin nitqindən həyəcanlı olduğu, rus dili ilə yanaşı, eyni zamanda Azərbaycan dilində də verilən suallara eyni ruh halında, həyəcanla cavab verdiyi görünür. Bununla belə, cavabdeh tərəfindən iddiaçının müsahibə prosesində psixoloqun iştirakının təmin edilməmiş, müsahibə komissiyası iddiaçının şifahi dil bacarığını mənfi qiymətləndirmişdir. Halbuki, istinad olunan Təlimatdan göründüyü kimi, ehtiyac olduğu halda müsahibə prosesində psixoloqun iştirakının təmin edilməsi üçün tədbirlərin görülməsi komissiya sədrinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə göstərilənləri, o cümlədən azyaşlı R.Hüseynovun əvvəllər rus bölməsi üzrə bağçaya getməsi, digər qardaş və bacısının da məktəbdə rus bölməsində təhsil almasını, habelə anasının rus dili fənnini tədris etdiyini də nəzərə alaraq inzibati orqanın iddiaçıya qarşı mövqeyi ilə razılaşmır və bu baxımdan iddiaçının təhsil almaq istədiyi rus dili üzrə şifahi biliklərinin qiymətləndirilməsi üçün yenidən müsahibəyə buraxılmasını məqsədəuyğun sayır. Məhkəmə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olsa da, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, qeyd edilməlidir ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). “İnzibati icraat haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı X4 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş xx.xx.2023-cü il tarixli müsahibənin nəticələri ləğv edilməli, iddiaçının qanunvericiliyin və müsahibə qaydalarının tələblərinə əməl edilməklə yenidən müsahibəyə buraxılması öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X4 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş xx.xx.2023-cü il tarixli müsahibənin nəticələri ləğv edilsin. İddiaçının qanunvericiliyin və müsahibə qaydalarının tələblərinə əməl edilməklə yenidən müsahibəyə buraxılması öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar