Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12006/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 270 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********24 saylı məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanında olan mənzilin mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, 25 iyun 2023-cü il tarixində bağlanan “Pay haqqının verilməsi haqqında Müqaviləyə" əsasən, ‘"xxxx" MMC-nin hesabında olan Bakı şəhəri, Xətai rayonu, Telnov (hazırki Lütfizadə) küçəsi, məhəllə 2347/48, giriş 3, mərtəbə 12, mənzil 270 ünvanında olan mənzilin sahibi X2 pay haqqının dəyərində olan 270 saylı mənzilini iddiaçının adına keçirmişdir. Həmin müqavilənin imzanlandığı 25 iyun 2023-cü il tarixindən 270 saylı mənzil üzərində pay hüququ iddiaçıya verilmişdir. Müqavilə ilə həm də təsdiq olunur ki, istifadədə olan mənzilin tam dəyəri 40.615 manat olmuş və həmin məbləğ də tam şəkildə "xxxx" MMC-yə ödənilmişdir. Belə olan halda həmin mənzil faktiki olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Faktiki olaraq (de fakto) iddiaçının mülkiyyətində olan mənzilin, hüquqi müstəvidə (de yuro) mülkiyyətinə verilməsi üçün aidiyyətli müvafiq icra hakimiyyəti tərəfində çıxarış, qeydiyyat vəsiqəsi verilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya yazılı etirazda göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının giriş 3, 12-ci mərtəbə, 270 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********24 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MMMC tərəfindən verilmiş “pay haqqının verilməsi haqqında” müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ölçüsü 105.7 kv.m olmaqla daxildə rekonstruktiv dəyişiklik aparılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan 25 iyun 2023-cü il tarixli “Pay haqqının verilməsi haqqında” müqavilədən görünür ki, "xxxx" MMCnin hesabında olan ünvan 4 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 270 saylı mənzilinin hazırki sahibi X3 Pay haqqının dəyərində olan 270 saylı mənzilin ünvan 5 ünvanında yaşayan İddiaçı adına keçirilməsi məqsədilə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən X8 Cəmiyyətin ünvan 4 ünvanda yerləşən və "xxxx" MMC-nin hesabında olan çoxmənzilli yaşayış binasında 40.615 manat məbləğində pay haqqının müqabilində 270 saylı mənzilini yeni payçı İddiaçı istifadəsinə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən yeni payçı İddiaçı Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Telnov (keçmiş ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin hesabında olan çoxmənzilli yaşayış binasında yerləşən əvvəlki payçı X6 40.615 manat olan pay haqqını mənzil şəklində öz istifadəsinə qəbul etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən mənzil binanın 3-cü giriş, 12-ci mərtəbəsində yerləşir, 2 otaqdan ibarət ümumi sahəsi 113.34 kv.metrdir. "xxxx" MMC-nin 25 iyun 2023-cü il tarixli, 02/78 saylı maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC-nin ünvan 7 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbə, ümumi sahəsi 113,34 kv.m olan 270 saylı 2 (iki) otaqlı mənzilin tam pay hüquqlu sahibir. Payçı İddiaçı bu mənzilə dair Cəmiyyətə heç bir borcu yoxdur. İddiaçı hazırda həmin 270 saylı mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normadan müəyyən olunur ki, çoxmənzilli binalara münasibətdə ona, habelə orada yerləşən mənzilə hüququn qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsi, tikinti obyektinin istismarına icazənin (yaxud istismara qəbul aktı) təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə ki, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən çoxmərtəbəli binanın istismara qəbul (icazə) aktı 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ (ünvan 8 ünvanında inşa edilmiş yaşayış binasının tikintisinə icazə üçün müraciət edilib-edilməməsi, tikintisinin istismara qəbul edilib-edilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə verilməsi) ilə bağlı sənəd aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən iddiaçının imtinası qanuni olmuş, bu imtina onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə xüsusilə bir məqamıda diqqətə çatdırmağı zəruri hesab edir ki, doğrudur ki, tərəflər arasında mübahisə predmeti olan çoxmənzilli yaşayış binası istismara icazə sənədinə malik olmamaqla yanaşı, həmin binada yalnız bir mənzil üzrə mülkiyyət hüquqları qeydə alınmışdır ki, bu hüquqların təsbiti də əvvəlki mərhələdə məhkəmə qərarı (2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarın icrası nəticəsində) əsasında həyata keçirilmişdir. Lakin nəzərə alınmalıdır ki, müvafiq məhkəmə qərarı sonradan hüquqi qüvvəsini itirmiş və adıçəkilən şəxsin irəli sürdüyü mülkiyyət hüquqlarına dair iddia təmin edilməmişdir. Bu hal, qanunvericilikdə nəzərdə tutulan hüquqi aktların qüvvədən düşməsi və ya dəyişdirilməsi prinsipi əsasında, ilkin məhkəmə qərarının hüquqi qüvvəsini tamamilə aradan qaldırmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü giriş 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.m olan, 3 otaqlı, 234 saylı mənzili üzərində X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbay-can Respub-li-kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın-maz Əmlakın Dövlət Reyestri Xidmə-ti-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Daha sonra İsaevi İasharın nümayəndəsi X5 ərizəsinə əsasən Məhkəmənin 28 fevral 2019-cu il tarixli qərardadı ilə İsaevi İashar üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Həmin məhkəmə icraatı zamanı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2626/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2525/2019 nömrəli xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-725/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı) Məlum olduğu kimi, hazırki mübahisə predmetini təşkil edən və istismara icazə sənədi olmayan çoxmənzilli yaşayış binasında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı haqqında qəbul edilmiş məhkəmə qərarı sonradan hüquqi qüvvəsini itirmişdir. Nəzərə alınmalıdır ki, “Mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi; istismara qəbul aktı, inzibati praktikada bərabər yanaşma və etimadın qorunması prinsipləri” başlığı altında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1842/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir” Belə olan halda Məhkəmə hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4845/2018 nömrəli 27 dekabr 2018-ci il tarixli qərarın hüquqi qüvvəsinin itirilməsi, hüquqi sabitlik və qanunların bərabər tətbiqi prinsipləri çərçivəsində dəyərləndirdikdə, iddiaçının da həmin binada yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının tanınması və qeydiyyatının aparılması üçün hüquqi əsasların mövcud olmadığını göstərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və ya 8.0.10-cu maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-12006/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12006/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver