Məhkəmə qərarları › İş №2-1(112)-12007/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12007/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12007/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdehin iddiaçılara ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçının xeyrinə 10 000 manat pul tutulmasını xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iş üzrə iddiaçılar cavabdehə sərbəst toplaşmaq hüququnun təmin edilməsi ilə bağlı cavabdehə müraciət ünvanlamışlar. Müraciətdə aşağıdakılar qeyd edilmişdir: “Sərbəst toplaşmaq azadlığının keçirilməsi üçün məqsəd - Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən iclasında yanacağın, dərman vasitələrinin və s. qiymətlərinin artırılmasına etiraz əlaməti olaraq piket keçirilmə. Bu səbəbdən AZ 1000, ünvan 1 ünvanında Tarif Şurasının yerləşdiyi binanın qarşısında piket keçiriləcək. Müddət: yarım saat Tarix: 22 iyul 2024, saat 15-00.Səsləndiriləcək şüarlar: Qiymət artımı ilə bağlı Tarif Şurasının qərarı ləğv olunsun. Bu piket şərtlərinin razılaşdırılmasını xahiş etmiş və standart məqsədəmüvafıq deyil cavabı verildiyi halda hər birilərinə mənəvi zərərin əvəzi olaraq 10000 manat ödənilməsini xahiş etmişlər”. Bakı şəhər İcra Hakimiyyəti xx/xx/2024-ci il tarixli məktubda aşağıdakıları bildirdi: Sizin 15 iyul 2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətində qeydiyyatdan keçmiş piket keçirilməsi haqqında kollektiv müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, toplantı keçirilməsi haqqında müraciətiniz “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbinə cavab vermir. Qeyd olunanı, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin hissəsini nəzərə alaraq 22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Tarif Şurasının yerləşdiyi binanın (AZ 1000, ünvan 1 ünvanı) qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik”. Həmin cavab hərəkət qanunsuzdur. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı1 və İddiaçı2 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işə iddiaçıların iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu müraciətini xx.xx.2024-cü il tarixli, 3-52/2-1-113/2-003/2-t/1/2024 nömrəli məktubla cavablandırmışdır. Həmin məktubda cavabdeh göstərmişdir ki, "toplantı keçirilməsi haqqında müraciət “Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbinə cavab vermir. Qeyd olunanı, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq 22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Tarif Şurasının yerləşdiyi binanın (AZ 1000, ünvan 1 ünvanı) qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik". İddiaçılar hazırda bu cavabın qanunsuz hesab edilməsini, hüquqlarının təmin edilməsini və vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçının xeyrinə 10000 manat pul tutulmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, İPM-in 35.1-ci maddəsinə görə, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşdən müəyyən olunur ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir İddia ərizəsindən görünür ki, iddiaçılar piket keçirmək üçün cavabdehə müraciət etmiş və piketin 22 iyul 2024, saat 15:00 tarixdə keçiriləcəyini bildirmiş, lakin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbini yerinə yetirməmişlər. Cavabdeh də buna uyğun olaraq iddiaçıların müraciətinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbinə uyğun olmadığını və Qanunun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq piketin keçirilməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz. İddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Göstərilənlərə əsasən cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçılar hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan cavabdehin məktubu inzibati orqanın qadağanedici hərəkəti olmadığından, iddiaçıların etiraz aksiyasının keçirilməsinin məqsədəuyğun olmaması barədə cavabdehin mövqeyi olduğundan, bununla da iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi tələbini və qaydasını nəzərdə tutur. Həmin qaydaya əsasən, Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Hazırkı mübahisəyə münasibətdə bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilikdə toplantının keçirilməsi barədə aidiyyəti dövlət orqanına xəbərdarlıq edilməsi institutunun nəzərdə tutulması legitim məqsədlərə bağlıdır. Xəbərdarlıq, nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi, o cümlədən, bir tərəfdən ictimai maraqların, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədlərinə, digər tərəfdən isə, həm də toplantı iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının kənar müdaxilələrdən qorunmasının təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 23-cü maddəsinə görə toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməyə və qanunauyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Bununla belə, nəzərə almaq lazımdır ki, dövlət eyni zamanda və həm də ictimai qaydanı qorumağa, ictimai təhlükəsizliyi təmin etməyə, əhalinin həyat və sağlamlığının müdafiəsi üçün tədbirlər görməyə də borcludur. Cavabdeh də öz hüququndan istifadə edərək iddiaçılara piket keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, sərbəst toplaşmaq azadlığının qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkətə yol verməmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar