Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1201/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “işıq sayğacının quraşdırılması öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evinə işıq sayğacı quraşdırılması öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 25.05.2021ci il tarixdə mənə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 604K saylı evimə işıq sayğaçı qoymaq üçün Asan Kommunal vasitəsi ilə Azərşıq ASC-yə ATS**********4065 saylı ərizə ilə müraciət edib. "xxxx" ASC ATS**********4065 saylı müraciətinə cavab olaraq cavab verdilər ki, onun evinin və həyətinin üstündən yüksək cərayanlı elektrik kabelləri keçir. Bu, həqiqətəuyğun deyil. Əgər evinin, ya da həyətinin üstündən elektrik xətti keçsəydi, ona çıxarış verilməzdi. Magistral yolun kənarından elektrik xətti keçir və həmin xəttin onun həyətinə və evinə aidiyyəti yoxdur. Bütün qonşularında da işıq sayğacı var.
3. İddiaçının müraciətinə cavabdeh tərəfindən yazılı imtina verilərək bildirilmişdir ki, ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 3S/6 kV 493 saylı YS qidalanan 6 KV HEVX xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu qaydaların 12ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil.
4. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci ıl tarixli "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evi ümumi sahəsi 74,8 kv.m. olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və iddiaçının xüsusi mülkiyyət hüquqları 24.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
6. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evinə dair texniki pasportun surətindən görünür ki, qeyd edilən bağ sahəsi bir mərtəbəli olmaqla ümumi sahəsi 74,8 kv.m olmaqla yalnız “A” tikilisindən ibarətdir.
7. Məhkəmənin hazırki iş üzrə 27.07.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 604K saylı bağ evi elektrik xətlərinin mühafizə zonasında yerləşirmi? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 11.11.2021-ci il tarixli rəyə əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 604 К saylı ünvanda yerləşən fərdi yaşayış evi ilə 6 kV-luq hava elektrik xəttinin evə yaxın fazası arasında olan məsafə 12,53 m təşkil edir və göstərilən məsafəni nəzərə aldıqda, fərdi yaşayış evinin 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilir. ünvan 2 ünvanda həyətə girişdən sol tərəfdə yerləşən bir mərtəbəli tikili 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, 6 kV-luq hava elektrik xətti bir mərtəbəli tikilinin uzununa boyunca olmaqla dam hissəsinin üzərindən keçir. Qeyd olunan bir mərtəbəli tikilinin isə həmin ünvana aid olub-olmaması məhkəmə tərəfindən araşdırmalarla müəyyən oluna bilər.
9. Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 10.11.2021-ci il tarixli müqavilə əsasında 11.11.2021-ci il tarixdə “Azəriqaz” İB tərəfindən ünvan 2 ünvanda qaz sayğacı quraşdırılmışdır.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclaslarında və baxış iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanda həyətə girişdən sol tərəfdə yerləşən bir mərtəbəli tikili ona aid deyil, qonşuya aiddir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək imtinanın məzmununa uyğun olaraq izahat verdi, əlavə olaraq bildirdi ki, tikilinin mühafizə zonasına düşməsini müəyyən edən qurum "xxxx" ASC-dir, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi isə qeyd edilən məsələyə münasibət bildirilməsində səlahiyyətli qurum hesab edilə bilməz.
İİ. İddianın növü və mümkünlüyü
12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).
17. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən: - məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). - 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). - 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. - 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. - 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. - 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). - 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. - “Elektrik enerjisindən istifadə qaydaları”na 4 nömrəli əlavə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 6 nömrəli əlavə Məişət abonentinin (özünəxidmət üsulu tətbiq edildikdə) elektrik enerjisi sərfinə görə birtipli hesablaşma kitabçası (ödəniş sənədi) təsdiq edilmişdir; - “Elektrik enerjisindən istifadə qaydaları”na 7 nömrəli əlavə Enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən məişət abonentinə (özünəxidmət üsulu tətbiq olunmadıqda) təqdim edilən elektrik enerjisi sərfinə görə birtipli ödəniş sənədi təsdiq edilmişdir.
20. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh təbii inhisar subyekti olduğundan və iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri yoxdur və iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evinə sayğac quraşdırılmamışdır. İddiaçının xüsusi mülkiyyətində olan bağ evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və buna dair daşınmaz əmlakın dövlət reyestindən çıxarış verilmişdir. Əlavə olaraq hazırki iş üzrə keçirilmiş ekspertiza üzrə ekspert rəyinə əsasən, fərdi yaşayış evinin 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmiş və məhkəmə həmin rəylə razılaşmamaq üçün əsaslar müəyyən etmir. Eyni zamanda ekspert rəyində göstərilir ki, ünvan 2 ünvanda həyətə girişdən sol tərəfdə yerləşən bir mərtəbəli tikili 6 kV-luq hava elektrik xəttinin mühafizə zonasında yerləşir. 6 kV-luq hava elektrik xətti bir mərtəbəli tikilinin uzununa boyunca olmaqla dam hissəsinin üzərindən keçir. Qeyd olunan bir mərtəbəli tikilinin isə bağ sahəsinə dair tərtib olunmuş texniki pasporta əsasən həmin ünvana aid olmadığı müəyyən edilir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evinə dair texniki pasportun surətindən görünür ki, qeyd edilən bağ sahəsi bir mərtəbəli olmaqla ümumi sahəsi 74,8 kv.m olmaqla yalnız “A” tikilisindən ibarətdir.
21. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
25. Cavabdeh qurum müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin sayğac quraşdırmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Eyni zamanda məhkəmə qeyd edir ki, elektrik sayğacı üzrə hesablanmış borc və ödənilməsi istehlak münasibətlərindən irəli gəldiyindən mülki məhkəmə araşdırmasının predmetidir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
30. İPM-in 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
31. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evinə işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulmalı və iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehdən tutulmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs., 604K saylı bağ evinə işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə qoyulsun. İş üzrə ekspertiza xərci cəmi 102 (bir yüz iki manat) cavabdeh “Azərışıq” açıq səhmdar cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X1; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ**********0000003944; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva