Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1201/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X2na qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X2na (bundan sonra – Cavabdeh) göndərilmişdir. Cavabdeh **********6 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 16 il təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il sığorta stajına uyğun olaraq 12193,12 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialda aparılan araşdırmaya əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Təmir-tikinti sahəsinin və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Ziyarət" İnşaat-ticarət firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sığorta stajını təsdiq edən əlavə sənəd təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. İddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu 10 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. 1974-cü ildən 2003-cü il tarixədək hərbi xidmətdə və ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, 65 yaşının tamam olmasını nəzərə alaraq cavabdeh orqana əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********6 saylı məktubla pensiya təyin olunmasından imtina etmişdir. Onun hərbi xidmətdə olduğu xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə və bundan sonrakı dövrlərdə işlədiyi müddət cəmi 16 il iş stajı Sosial Fond tərəfindən mübahisələndirilmir, ancaq xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Təmir-tikinti sahəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" İnşaat ticarət firmasında işlədiyi 10 il mübahisələndirilir və həmin müəssisələrinin arxiv sənədlərinin saxlandığı ünvanının müəyyən edilmədiyi qeyd olunur. Hazırda həmin müəssisələrdən təmir-tikinti sahəsinin fəaliyyətini dayandırmışdır, həmin idarənin arxiv sənədlərinin harada olması və saxlanması ona məlum deyil. Digər müəssisə "xxxx" İnşaat ticarət firması fəaliyyət göstərir. Göstərilən müəssisələrin və ya onların arxiv sənədlərinin harada saxlanmasını müəyyənləşdirmək onun səlahiyyətinə aid deyil. Qanuna əsasən onun həmin müəssisələrdə işləməsi əmək kitabçası ilə tam təsdiqini tapır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun, Sosial Ödənişlərin Təyinat X2 tərəfindən qanunsuz olaraq nəzərə alınmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və əlavə olaraq göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə olunmuş xx.xx.1977-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən İddiaçı sığorta stajı xx.xx.1974-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 26 il 25 gün təşkil edir. Sosial ödənişlərin Təyinatı X2n sözügedən qurumda xx.xx.2021-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş Təsərrüfathesablı İxtisaslaşmış Təmir-tikinti sahəsinin və "xxxx" İnşaat-Ticarət Firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin illərin ümumi sığorta stajını araşdırmaq mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması X2na sorğular verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il **********11 nömrəli cavab məktubunda "xxxx" İnşaat-Ticarət Firması barədə məlumatın olmadığı, “Təsərrüfathesablı İxtisaslaşmış Təmir-Tikinti” sahəsinin isə əvvəlki tabeçiliyi və ünvanı göstərilmədiyindən məlumatların dəqiqləşdirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********618800 nömrəli cavab məktubunda "xxxx" İnşaat-Ticarət Firmasının xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alındığı, “Təsərrüfathesablı İxtisaslaşmış Təmir-Tikinti” sahəsinin bazasında yaradıldığı və onun hüquqi varisi olduğu qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, hazırda "xxxx" İnşaat-Ticarət Firmasının fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/1390 nömrəli cavab məktubunda “Təsərrüfathesablı İxtisaslaşmış Təmir-Tikinti” sahəsinin tabeçiliyi məlum olmadığından sorğunu icra etməsi mümkün olmamışdır. Eyni zamanda "xxxx" İnşaat-Ticarət Firmasının arxiv sənədlərinin mühafizə üçün Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il 01/3-2858 nömrəli cavab məktubunda "xxxx" İnşaat-Ticarət Firmasının (VÖEN:**********) xx.xx.1998-ci il tarixdən qeydiyyatda olduğu qeyd olunmuşdur. Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması X2nın xx.xx.2022-ci il **********1 nömrəli cavab məktubunda "xxxx" İnşaat-Ticarət Firması və “Təsərrüfathesablı İxtisaslaşmış Təmir-Tikinti” sahəsinin hesabat məlumatlarının aşkarlanmadığı qeyd olunmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının mübahisələndirilən sığorta stajına xx.xx.1993-cü il tarixdən 14 01.1998-ci il tarixədək Təmir-tikinti sahəsində işlədiyi dövrlər (5 il 4 gün) və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" İnşaat-Ticarət Firmasında işlədiyi dövrlər (5 il 12 gün) daxildir. İddiaçının ümumi mübahisələndirilən stajı 10 il 16 gün təşkil edir. Bu halda İddiaçı mübahisələndirilməyən ümumi stajı 16 il 9 gün təşkil edir ki, bu halda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin avqust ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 2021-ci ilin sentyabr ayında artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubdan görünür ki, vətəndaşın mübahisəsiz 16 il 9 gün sığorta stajına uyğun olaraq pensiya sığorta kapitalı 12.193,12 manat, 26 il 25 gün sığorta stajına uyğun olaraq 19.813,82 manat təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının pensiya hüququnun yarandığı tarixə tələb olunan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat təşkil edir. Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ordubad rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli 265 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə ordu sıralarında xidmıət etmişdir. İşdə olan iddiaçıya məxsus 15 aprel 1977-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixə kimi Ordubad Rayon İstehlak Cəmiyyəti S.Vurğun məhəlləsində olan qarışıq mallar mağazasında müvəqqəti olaraq müdir-satıcı, xx.xx.1974-xx.xx.1974-cü il tarixlərində müvəqqəti olaraq A.Əndəmic kəndində olan mağazada müdir-satıcı vəzifəsində işləmiş, xx.xx.1974-xx.xx.1976-cı il tarixləri arasında Sovet Ordusu sıralarında xidmət etmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azərelektroterm” İstehsalat Birliyi Bakı Təcrübə zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ordubad Rayon İstehlak Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1993-xx.xx.1998-ci il tarixlərində “Azərəlvanmetaltəmirtikinti” trestinin Təsərrüfat hesablı ixtisaslaşmış təmir-tikinti sahəsində iqtisadçı, xx.xx.1998xx.xx.2003-cü il tarixlərdə "xxxx" inşaat-ticarət firmasında təchizatçı vəzifəsində işləmişdir. İşdə olan ИВ seriyalı, 023420 nömrəli 24 sentyabr 1983-cü il tarixli diplomun surətindən görünür ki, iddiaçı 1973-cü il tarixdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olmuş və 1983-cü ildə orada sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan 16 iyun 1986-cı il tarixli 4045 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1984-1986-cı il tarixlərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsininin nəzdində Marksizm - Leninizm Universitetinin Naxçıvan filialında təhsil almışdır. Ordubad rayon dövlət arxivinin 168 nömrəli, 26 oktyabr 2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçı Ordubad Rayon İstehlak Cəmiyyətinə sərəncam N: 151/3 ilə xx.xx.1982-ci il tarixdə mal daşıyan vəzifəsinə qəbul edilmiş, sərəncam N: 268 ilə xx.xx.1992-ci il tarixdə işdən azad edilmiş və 1982-1992-ci illərdə aylar üzrə əmək haqqı qazanması kitablarda göstərilmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə cəmi 27 il 9 ay 12 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi də ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998ci il tarixinədək Təmir-tikinti sahəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Ziyarət" İnşaat-ticarət firmasında işlədiyi dövrləri onun sığorta stajına daxil etməmiş, buna görə də iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Təmir-tikinti sahəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Ziyarət" İnşaat-ticarət firmasında işlədiyi dövrlər onun əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin qeydlərdə düzəliş edilməsinə istinad edərək onları mübahisələndirmiş, bununla bağlı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə kompleks texniki və xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: - ekspertizaya təqdim olunmuş, İddiaçı adına olan 15 aprel 1977-ci il tarixli əmək kitabçasının 2-ci, 3-cü səhifələrində olan 1-ci, 2-ci əlyazma qeydlər və “Кадрларын рəиси” sözlərinin qarşısındakı imza ilə əmək kitabçasının 2-ci, 3-cü, 4-cü, 5-ci səhifələrində olan 3-cü, 4-cü əlyazma qeydlər və “Kadrlar idarəsinin rəisi” sözlərinin qarşısındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur; - Tədqiqata təqdim edilmiş əmək kitabçasının 2-ci, 3-cü səhifəsində əks olunmuş 1-ci və 2-ci qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar; - Tədqiqata təqdim edilmiş əmək kitabçasının 2-ci, 3-cü, 4-cü və 5-ci səhifəsində əks olunmuş 3-cü və 4-cü qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar; - Tədqiqata təqdim edilmiş əmək kitabçasının 2-ci, 3-cü səhifəsində əks olunmuş 1-ci və 2-ci qeydlərlə əmək kitabçasının 2-ci, 3-cü, 4-cü və 5-ci səhifəsində əks olunmuş 3-cü və 4-cü qeydlər rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında fərqli qələmlə icra olunmuşdurlar; - Rəyin sənədlərin texniki ekspertizası üzrə tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadın 6-cı “xx.xx.1977-ci il tarixli əmək kitabçasının 2-ci, 3-cü, 4-cü və 5-ci səhifəsindəki 1-ci, 2-ci, 3-cü və 4-cü qeydlər eyni tarixdə icra edilmişdirmi?” sualı üzrə tədqiqat aparılmadı. Göründüyü kimi, ekspert qarşısında qoyulmuş suallara verilən cavablarla iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə olan şübhələr təkzib edilmişdir. Bundan başqa, məhkəmə araşdırması ilə bağlı verilmiş sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarədə olan reyestr məlumatlarına əsasən xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" İnşaat-Ticarət Firması (VÖEN: **********) Təsərrüfat hesablı İxtisaslaşdırılmış Təmir Tikinti sahəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" İnşaat-Ticarət Firmasının hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Həmçinin işdə olan "xxxx" İnşaat Ticarət Firmasının 03 nömrəli, 02 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı "xxxx" İnşaat Ticarət Firmasında xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək təchizatçı vəzifəsində çalışıb. Müəssisə bir müddət fəaliyyətini dayandırdığından sənədlər baxımsız qalmış, islanaraq yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən tələb olunan sənədləri təqdim etmək mümkün deyil. Göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövründə müvafiq müəssisə mövcud olmuş, onun işləməsi həmin müəssisənin özü tərəfindən də təsdiq edilmişdir. Beləliklə, işin araşdırılan halları ilə iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Təmir-tikinti sahəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Ziyarət" İnşaat-ticarət firmasında işləməsi öz təsdiqini tapmış, cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına salmamasını əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1993- 2003-cü illərə aid sığorta stajını qəbul etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən onun bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 10 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X2nın üzərinə qoyulsun. İş üzrə 127 (bir yüz iyirmi yeddi) manat məhkəmə ekspertizası xərci cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Filialından tutularaq dövlət büdcəsinə (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1201/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1201/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver