Məhkəmə qərarları › İş №2-1(112)-12016/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12016/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12016/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil "Aztyajpromostroy" tərəfindən 1988-ci ildə iddiaçıya verilmişdir. Mənzil iddiaçının və ailə üzvlərinin istifadəsinə verildiyi vaxtdan o həmin mənzilə qeydiyyata alınmış və halhazıradək orada yaşayır. Mənzildən istifadə və sahiblik hüququnun həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə mövcud deyildir. 1988-ci ildən daimi sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun tanınaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti təmin edilməmiş və cavabdehin imtinasından Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş № 2-1(112)- 1804/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında iddianın təmin edilməməsinin əsası kimi qeyd edilmişdir ki, mübahisə predmeti olan mənzil ictimai mənzil fondu olmaqla "Azərağırsənayetikinti" Trestinin balansında olmuş, hazırda dövlət mənzil fonduna aid olmaqla Nərimanov RİH-nin balansındadır, mənzil fondunun idarəedicisi qismində Nərimanov Rayon İcra Hakimiyyəti çıxış edir. Hazırkı mənzilin balanssaxlayıcısı olan qurum sözügedən mənzilə aid şəxsi hesabın ilkin olaraq X2 adına açıldığını qeyd etsə də, lakin yuxarıda sadalanan normalara əsasən mərhum X2 adına verilmiş order (ailə üzvü kimi İddiaçı da adının olduğu order) və ya X6 ilə bağlanmış kirayə müqaviləsi yoxdur. Eyni zamanda İddiaçı özəlləşdirilməsini tələb etdiyi həmin mənzilin onun istifadəsinə verilməsini təsdiq edən yerli icra hakimiyyəti orqanının sərəncamını və ya müvafiq sərəncam əsasında balansaxlayıcı ilə bağlanmış kirayə müqaviləsini təqdim etməmişdir. Lakin məhkəmə qərarı qəbul edildikdən sonra, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 160 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi dəyişdirilərək, İddiaçı adına kirayə müqaviləsinin bağlanması, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilməsi tövsiyə edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamını əldə etdikdən sonra iddiaçı yenidən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət emiş, lakin müraciətim təkrarən təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunan mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi barədə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2022-ci il tarixlidir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzil ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzilin yaşayış sahəsi 31.4 kv.m, ümumi sahəsi isə faktiki olaraq 51.7 kv.m təşkil edir. Mənzilə artırma sahələr mövcuddur, həmin sahələrdə yerli baxışın keçirilməsinə şərait yaradılmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 160 №li Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq Dövlət Reyestrində Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********72 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 4A, saylı evin 2 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli ərizəsinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə ünvan 4 ünvanında qeydiyyatdadır. - Nərimanov Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nərimanov rayonu, E.İsaqzadə küçəsindəki 4a №-li evin 2 №-li mənzilinə X3 adına mənzil kirayəçisi kimi ərazi aidiyyətli 55 №-li MKİS tərəfindən 0181 KOD №-li, 31 mart 1959-cu il tarixli maliyyə-şəxsi açılmışdır. Bu və ya digər səbəblərdən C.Q.Məmmədovla MKİS arasında bağlanmış həmin tarixə təsadüf edən mənzil-kirayə müqaviləsi saxlanılmadığından onun təqdim edilməsi mümkün deyildir. Qeyd olunan məktub əsasında məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, - Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 622393 №-li, xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüş, bu barədə xx.xx.2013-cü il tarixdə 470 № ilə ölüm akt qeydi aparılmışdır. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən 000150№li Forma 2 arayışından görünür ki, şəxsi maliyyə haqq-hesabı 31 mart 1959-cu ildə açılmışdır. İddiaçı ailə üzvləri X12, X13 və X9 ilə birlikdə E.İsaqzadə küçəsi, ev 4a, ünvanda yerləşən 2 nömrəli mənzildə yaşayır. - 55 saylı MKİS-nin 0181 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, E.İsaqzadə küçəsi, ev 4a, 2 nömrəli mənzilin yaşayış sahəsi 33,0 kv.m, köməkçi sahəsi 23,1 kv.m, ümumi sahəsi 56,1 kv.m-dir. X11 (ölüb). Mənzildə İddiaçı, X10, X14, X7 yaşayırlar. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, X7, X10 və X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, E.İsaqzadə küçəsi, ev 4a, 2 nömrəli mənzilə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına etiraz etmədiyini bildirmişlər. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 160 №li Sərəncamından görünür ki, “Azərəğırsənayetikinti” tərəfindən 31 mart 1959-cu il tarixli, 70 №-li order əsasında verilmiş “Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə 4a №-li evin 2 №-li mənzilinin yaşayış sahəsinə köçürülməsinə dair" Pasporta əsasən X4 verilmiş E.İsaqzadə küçəsindəki (keçmiş 205-ci qəsəbə) 4a №-li evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m, köməkçi sahəsi 23.1 kv m olan 2 №-lı mənzilin kirayə müqaviləsi onun ölümündən sonra həmin ünvanda yaşayan qızı İddiaçı adına dəyişdirilərək İddiaçı qeyd olunan mənzilin kirayəçisi hesab edilmişdir. Məhkəmə icraatı gedişində iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 05 yanvar 2017-ci il tarixdə 55 saylı MKİS ilə İddiaçı arasında bağlanan Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi ev 4A ünvanında yerləşən 2 №li mənzil ailə üzvlərindən X10, X15 və X7 da nəzərə alınmaqla İddiaçı adına rəsmiləşdirilmiş, sonradan 10 iyun 2022-ci il tarixə eyni şərtlətlərdə və eyni məzmunlu yeni müqavilə bağlamışdır. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin "Aztyajpromostroy" tərəfindən 1988-ci il tarixdə iddiaçının və ailə üzvlərinin istifadəsinə verildiyi əsası ilə cavabdeh inzibati orqana müraciət edərək qeyd olunan mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı həmin imtinanı məhkəmə icraatında mübahisələndirmiş, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1804/2022 saylı qərarına əsasən iddia təmin edilməmişdir. Qeyd olunan məhkəmə Qərarında müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan mənzil ictimai mənzil fondu olmaqla "Azərağırsənayetikinti" Trestinin balansında olmuş, hazırda dövlət mənzil fonduna aid olmaqla Nərimanov RİH-in balansındadır, mənzil fondunun idarəedicisi qismində çıxış edən yerli icra hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti çıxış edir. Hazırkı mənzilin balanssaxlayıcısı olan qurum sözügedən mənzilə aid şəxsi hesabın ilkin olaraq X2 adına açıldığını qeyd etsə də, lakin yuxarıda sadalanan normalara əsasən mərhum X2 adına verilmiş order (ailə üzvü kimi İddiaçı da adının olduğu order) və ya X6 ilə bağlanmış kirayə müqaviləsi yoxdur. Eyni zamanda İddiaçı özəlləşdirilməsini tələb etdiyi həmin mənzilin onun istifadəsinə verilməsini təsdiq edən yerli icra hakimiyyəti orqanının sərəncamını və ya müvafiq sərəncam əsasında balansaxlayıcı ilə bağlanmış kirayə müqaviləsini təqdim etməmişdir. İddiaçı qeyd olunanlardan sonra Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzilin kirayəçisi hesab edilən atasınn vəfatı ilə əlaqədar mənzil kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 31 may 2022-ci il tarixli 160 saylı Sərəncamına əsasən “Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə 4a №-li evin 2 №-li mənzilinin yaşayış sahəsinə köçürülməsinə dair" Pasporta əsasən X4 verilmiş E.İsaqzadə küçəsindəki (keçmiş 205-ci qəsəbə) 4a №-li evin 2 otaqlı, yaşayış sahəsi 33,0 kv.m, köməkçi sahəsi 23.1 kv m olan 2 №-lı mənzilin kirayə müqaviləsi onun ölümündən sonra həmin ünvanda yaşayan qızı İddiaçı adına dəyişdirilmiş və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçı bəhs olunan mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı ilə Bakı Şəhər Mənzil-Kommunal İstismar Sahəsi arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2022-ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə iddiaçının atasının adına 31 mart 1959-cu il tarixdən şəxsi-maliyyə haqq-hesabı açılmışdır. Həmçinin, “Azərəğırsənayetikinti” Trestinin 31 mart 1959-cu il tarixli, 70 №-li orderi əsasında verilmiş “Bakı şəhəri, Nərimanov rayonu, 205-ci qəsəbə 4a №-li evin 2 №-li mənzilinin yaşayış sahəsinə köçürülməsinə dair" Pasportun surətindən iddiaçının mənzilin əvvəlki kirayəçisi olan Cabir Məmmədovun ailə üzvü kimi həmin mənzildə yaşadığı müəyyən edilir. Həm qeyd olunan sənədlərdən, həm də məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər materiallardan göründüyü kimi iddia olunan mənzilə dair iddiaçı ilə 2022-ci il tarixdə kirayəsi müqaviləsi bağlanılsa da, onun həmin mənzilə dair mənzil münasibətləri 2009-cu ilin oktyabr ayından əvvəlki dövrlərdən yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı cari ilin may ayında verilsə də, mənzil münasibətləri 2009-cu ilin 1 okyabr tarixindən əvvəlki dövrə aid olduğu məhkəmə araşdırması ilə təsdiq olunduğundan, Mənzil Məcəlləsinin xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş 146.4-cü maddəsi iddiaçının mənzilinə münasibətdə tətbiq olunmamalıdır. Belə olan halda, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 160 №li Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 160 №li Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar