Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1202/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X10, cavabdehin nümayəndələri X6 və X9 iştirakları ilə X1 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sağlamlıqlarına bir başa ziyan vuran cavabdehin qeyri-hüquqi əməllərinin mülki hüquq pozuntusu kimi tanıyıb günahkar şəxslərin mülki məsuliyyətə cəlb edilməsi, sağlamlıqlarına dəymiş ziyana görə hər birinə ayrı-ayrılıqda manat ekvivalentində 15.000 Avro miqdarında təzminat ödəməklə onlara dəymiş bütün növ zərərlərin və ziyanların əvəzinin ödənilməsi, müalicə alacaqları mülki həkimlərin məsrəflərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 xx xxxx 1977-ci il tarixdə Qazaxstan SSR-nin Novıy-Uzen şəhərində doğulmuşdur, 5 yaşından həbs olunanadək (19 yaşınadək) idmanla - gimnastika ilə məşğul olmuşdur. 16 yaşında idman ustası adına layiq görülmüşdür. Azərbaycan və Qazaxstan Respublikalarının milli komandalarının üzvü, yerli və beynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur. Azərbaycan Dövlət X8 2-ci kursadək (həbs olunanadək) tələbə olmuşdur. Bakı Şəhər Məhkəməsinin xx xxxx 1997-ci il tarixli hökmü ilə ölüm cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəza 1998-ci ilin fevral ayından ömürlük azadlıqdan məhrum edilmə cəzası ilə əvəz olunmuşdur. xx xxxx 1998-ci il tarixdən Qobustan həbsxanasında saxlanılır. X3 x xxxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 1989 - 1992-ci illərdə keçmiş SSRİ, sonradan MDB və RF-nin silahlı qüvvələrində xidmət etmiş, Qarabağ müharibəsi başlandıqdan sonra 1992-ci ildə Azərbaycana qayıtmış və könüllü olaraq 130 saylı desant briqadasının tərkibində döyüşlərə qatılmışdır. Döyüşlər ərəfəsində bir neçə dəfə aldığı zədə və yaralara görə 1994-cü ildən döyüşlərdə iştirak edə bilməmişdir. 1995-ci ildən Rusiya Federasiyasına köçmüş, orada 1998-ci ilədək yaşamış, 1998-ci ilin oktyabr ayından həbs olunaraq Azərbaycana təhvil verilmiş, məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2001-ci ildən həbsxanada saxlanılır. İddiaçılar uzun illər ərzində sağlamlıqlarının durumu ilə əlaqədar şikayət edirlər. Sistematik şəkildə mümkün olan instansiyalar ünvanladıqları müraciətlər nəticəsiz qalmışdır. Fakt üzrə formal olaraq yoxlamalar aparılır və müayinələr həyata keçirilir, heç bir effekt verməyən müalicə kursları təyin edilir. Çox hallarda təyin olunmuş müalicə kursları da keçirilmir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi formal cavablar yazaraq bildirir ki, guya onların sağlamlığı qənaətbəxş durumdadır, onlar həkimlərin nəzarəti altındadır. Lakin onların sağlamlıq vəziyyətinin pisləşməsi, yeni xəstəliklərin yaranması, mövcud olan xəstəliklərin daha da ağırlaşması onu sübut edir ki, onlar keyfiyyətli və ixtisaslaşmış tibbi yardım almırlar. Bu durum "İnsan Hüquqları və Əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusuna gətirib çıxarır və pis, şərəf və ləyəqəti alçaldan rəftar kimi tanınır. Bu hal Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq müddəaların da təsiri altına düşür. Vaxtında tibbi yardım (müayinə, müalicə kursu, nəzarət altında saxlama və s.) göstərilmədiyinə, xəstəliklərin inkişafına diqqət yetirilmədiyinə, məhkumların sağlamlıq problemləri ilə bağlı Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin qarşısında müvafiq məsələlər qaldırılmadığına, onların sağlamlığı ilə bağlı bir çox səhlankarlığa görə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi məsuliyyət daşıyır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, X20 Baş İdarəsinə qarşı qaldırdığı iddia ərizəsində qeyd etdiyi mötəbər əsasları olmayan cəfəng fikirlərə söykənən iddialarından fərqli olaraq penitensiar müəssisədə cəza çəkdiyi dövrdə ona tibbi xidmət daim əlçatan olmuş, səhhəti ilə əlaqədar şikayətlərinə uyğun olaraq lazımi tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3 (h3); 93-5 (h3); 93-9 (h3); 94 b1, 6, 7, 8; 207 (h2); 220 (h2); 220 h4; 220-1 (h2); 234; 255 «B» maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş (cəzanın əvvəli - xx.xx.1998-ci il), 1971-ci il təvəllüdlü məhkum X12 xx.xx.1999-cu il tarixdən Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2001-ci il tarixdən isə o, Penitensiar Xidmətin Həbsxanasında cəza çəkir. X15 daxil olduğu dövrdə Tibb sanitar hissəsində həkim ftiziatr fəaliyyət göstərmişdir. Yalnız 2001-ci ilin iyun ayında məhkum Natiq Mirzəyevdə vərəm xəstəliyinin klinik əlamətləri müşahidə olunmuş, bu səbəbdən onun bəlğəmi bakterioloji müayinə edilmiş və nəticəsi müsbət olmuşdur. İxtisaslı müayinə və müalicə üçün N.F.Mirzəyev planlı qaydada x xxxx 2001-ci il tarixdə Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinə (İMM) göndərilmişdir. Burada aparılan təkrar müayinələr nəticəsində «Ağ ciyərlərin infiltrativ vərəmi» diaqnozu təsdiq olunmuş və o, vərəmə qarşı standartlaşdırılmış DOTS kursu üzrə müalicəyə cəlb edilmişdir. Müalicəyə o yeni xəstə kimi qoşulmuş və ilkin qəbul zamanı özünü son bir ayda xəstə hiss etdiyini bildirmişdir. Müalicə kursu proqram üzrə tam icra edilmiş və artıq müalicənin birinci fazasında bəlğəmin abasilləşməsi, kliniki və rentgenoloji olaraq isə müsbət dinamika müşahidə edilmişdir. 8 aylıq müalicə kursu tam başa çatdırıldıqdan sonra məhkum N.F.Mirzəyev sağalma ilə xx xxxxxx 2002-ci il tarixdə Həbsxanaya qaytarılmışdır. Sonrakı müddətdə məhkum N.F.Mirzəyevin səhhəti daim həkim nəzarətində olmuş, o, mütəmadi olaraq Həbsxananın Tibb-sanitar hissəsində (TSH) işləyən həkim tiziatr, eləcə də Müalicə Müəssisəsindən (MM) və mülki sektordan dəvət edilmiş müxtəlif ixtisaslı həkim mütəxəssislər tərəfindən dəfələrlə müayinə olunmuşdur. Qeyd edilən bütün müayinələr zamanı məhkum N.F.Mirzəyevdə vərəm xəstəliyinin kliniki olaraq sağaldığı qənaətinə gəlinmişdir. Eyni zamanda məhkum N.F.Mirzəyev cəza çəkdiyi müddət ərzində 2004- 2015-ci illərdə 12 dəfə MM-də ətraflı müayinə və müalicə olunmuşdur. O, 6 dəfə həzm sistemində olan şikayətlərlə əlaqədar daxili xəstəliklər şöbəsində, 5 dəfə isə sinir sistemində olan yüngül dəyişikliklərlə bağlı nevrologiya şöbəsində və 1 dəfə dişlərinin protezləşdirilməsi ilə bağlı stasionar şəraitdə müalicə edilmişdir. Hər bir halda o, kliniki, instrumental və laborator, o cümlədən rentgenologi, USM, EKQ, endoskopik müayinələrdən keçirilmiş, ona müxtəlif ixtisaslı mütəxəssislərin, o cümlədən Səhiyyə Nazirliyinin konsultantlarının baxışı təşkil olunmuşdur. Hər bir halda müayinələrin nəticəsində N.F.Mirzəyevdə vərəm xəstəliyinin kliniki sağalması, rentgenoloji olaraq ağ ciyərlərdə yalnız kalsinatlar formasında qalıq əlamətlərinin qalması müəyyən edilmiş, həzm traktında olan patologiya və nevroloji əlamətlər aparılmış müalicələr nəticəsində aradan qaldırlımışdır. Həbsxanada dispanser nəzarətdə saxlandığı müddətdə məhkum N.F.Mirzəyev epidemioloji cəhətdən ətrafdakılar üçün təhlükəsiz olduğu, səhhətində pisləşmə müşahidə edilmədiyi və öz xahişi nəzərə alınaraq ümumi saxlanma kamerasında olmuşdur. 2016-cı ilin yanvar ayında məhkum N.F.Mirzəyev xroniki babasillə əlaqədar TSH-nə müraciət etmişdir. Həbsxana TSH-də cərrah tərəfindən ona baxış keçirilmiş, təcili cərrahi müdaxiləyə zərurət olmadığı bildirilmiş və müalicə təyin olunmuşdur. Buna baxmayaraq məhkum N.F.Mirzəyevdə baş ağrıları, yuxusuzluq və sair əlamətlər yenidən təzahür etdiyindən o, xx.xx.2016-cı il tarixdə MM-ə göndərilmişdir. Məhkum N.F.Mirzəyev ərizə ilə müraciət edərək babasilin cərrahiyyə yolu ilə aradan qaldırılması üçün həkimə müraciət etdiyindən xx.xx.2016-cı il tarixdə cərrahiyyə şöbəsində ona «Hemorrektomiya» əməliyyatı icra olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, yara birincili sağalmışdır. Aparılmış kompleks müalicələr nəticəsində məhkum N.F.Mirzəyevin narahatçılığı aradan qaldırılmış və xx.xx.2016-cı il tarixdə kafi vəziyyətdə həbsxanaya qaytarılmışdır. 2016-cı il tarixdə müxtəlif vaxtlarda səhhəti ilə bağlı həkim müayinəsindən keçmiş və onda stasionar şəraitdə müalicə tələb olunan patalogiya izlənilməmişdir. MM-də verilən təyinatlar tam icra olunmuşdur. 2016-cı ilin noyabr ayında N.F.Mirzəyev baş ağrılarından, yuxusuzluğdan şikayət etmiş və əlamətlər yüngül nevrosteniya kimi qiymətləndirilərək sakitləşdirici ambulator təyinat və tövsiyələr verilmişdir. Təyinatdan sonra N.F.Mirzəyevin şikayətləri azalmışdır. Sonraki dövrdə 2017-ci ilin aprel ayının ortalarında N.F.Mirzəyevin baş ağrısı, yuxusuzluq şikayətləri təkrarlanmış və o, planlı qaydada xx.xx.2017-ci il tarixdə MM-ə köçürülmüşdür. O, kliniki, laborator, həmçinin rentgenologi, USM, EKQ müayinələrdən keçirilmiş, müxtəlif ixtisaslı həkimlərlə konsultasiya olunmuşdur. Nəticədə N.F.Mirzəyevdə əvvəllər keçirdikləri xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin kəskinləşmədiyi müəyyən edilmiş, şikayətləri boyun fəqərələrinin osteoxondrozu ilə əlaqələndirilmiş bununla bağlı müalicə kursu təyin edilmişdir. Həmçinin USM müayinəsi nəticəsində sidik çıxarıcı yollarında duz kristalları olduğu üçün və ödün evakuasiyasını yaxşılaşdıran əlavə dəstəkləyici təyinat verilmişdir. xx.xx.2017-ci il tarixdə məhkum ərizə ilə (müraciət edərək müalicəsini dayandıraraq cəzaçəkmə müəssisəsinə qayıtmasım xahiş etmişdir. Xəstənin xahişi nəzərə alınaraq ambulator müalicələr davam etdirilmə şərti ilə kafi vəziyyətdə cəzaçəkmə müəssisəsinə geri qaytarılmışdır. MM-də verilmiş təyinatlar tam icra olunmuş və xəstədə subyektiv şikayətlər (baş ağrısı, yuxusuzluq və s) aradan qalxmışdır. Sonrakı ötən dövrdə də, N.F.Mirzəyevin səhhəti həkim nəzarətində olmuş, arabir boyun fəqərələrinin osteoxondrozu ilə bağlı şikayətləri kəskinləşdikdə ambulator müalicə ilə narahatçılıqları aradan qaldırılmışdır. 2018-ci ilin mart ayında profilaktik məqsəd üçün keçirilmiş ağciyər flüoqrafiyası müayinəsi zamanıda vərəm xəstəliyinin kəskinləşmədiyi izlənilmişdir. Qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlinir ki, cəzaçəkmə müəssisələrində saxlandığı müddət ərzində N.F.Mirzəyev vəziyyətinə uyğun olaraq tələb olunan həcimdə tibbi yardım almışdır. Şikayətlərinə müvafiq o, bütün lazımi instrumental və laborator müayinələrdən keçirilmişdir. Aparılan müalicələrin hamısı onun vəziyyətinə adekvat olmuşdur və sağalması ilə nəticələnmişdir. 2001-ci ilin iyun ayından 2002-ci ilin fevral ayına kimi İMMdə həyata keçirilən ağciyər vərəminin və 2004-2018-ci illərin müxtəlif vaxtlarında MM-də mədə xorasının və digər xəstəliklərin müalicələri nəticəsində həmin xəstəliklərin sonradan N.F.Mirzəyevi narahat etməməsi aparılan müalicələrin effektliyini bir daha təsdiq edir. Hazırda N.F.Mirzəyevin vəziyyəti kafidir, orqanizminin fizioloji göstəriciləri (boyu 179 sm, çəkisi 98 kq) norma daxilindədir, təcili tibbi yardıma və stasionar şəkildə müalicəyə ehtiyac duyulmur. On iki barmaq bağırsaqda olan xora çapıqlaşmışdır, nevroloji şikayətləri yoxdur. Arabir boyun osteoxandrozu ilə əlaqələndirilən narahatçılığı bildirir. N.F.Mirzəyev Tibb Baş İdarəsinə qarşı sağlamlığına vurulmuş ziyanın ödənilməsi tələbinə dair bir neçə dəfə məhkəmələrə əsassız iddia ərizələri ilə müraciət etsə də müxtəlif instansiya məhkəmələrində iddiaları təmin edilməmişdir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-8/09 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2596/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2029/2011 saylı, xx xxxx 2011-ci il tarixli qərarı ilə N.F.Mirzəyevin iddialarının tam əsassız olduğu görünür. Əsassız iddiasının təmin edilməməsinə baxmayaraq N.F.Mirzəyev eyni məzmunlu iddia ərizələri ilə digər dövrlərdə də məhkəməyə müraciətləri olmuş, iddiaları təmin edilməmişdir. 1977-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1, 4, 5, 6, 7-ci bəndləri; 145-ci maddəsinin 2-cı hissəsinin 1, 2, 3 və 6-cı bəndləri; 149-cu maddənin 2-cı hissəsi və 38-ci maddə ilə ömürlük azadlıqdan məhrum edilmiş (cəzanın əvvəli-xx.xx.1996-cı), xx.xx.1996cı il tarixdə 1 saylı İstintaq Təcridxanasına daxıl olmuş, cəza müddəti təyin edildikdən sonra xx.xx.1998-ci il tarixdə Həbsxanaya köçürülmüşdür. Həqiqəti təhrif edən, heç bır tutarlı fakta əsaslanmayan iddialarından tam fərqli olaraq Penitensıar müəssisələrdə saxlandığı bütün dövr ərzində İddiaçı1 səhhətinə tibbi nəzarət edilmiş, tibbi xidmət ona daim əlçatan olmuş, səhhəti ilə bağlı hər bir müraciəti zamanı müvafıq tibbi yardımlar göstərilmişdir. Məhkum İddiaçı1 səhhəti ilə bağlı şikayətləri 2004-cü ilin dekabr ayından qeyd edilmişdir. O, öd ifrazı yollarında olan narahatçılıqla əlaqədar xx.xx.2004-cü il tarixdə həkimə müraciət etmiş və ertəsi gün müayinə uçün Müalicə Müəssisəsinə (MM) köçürülmüşdür. Burada İddiaçı1 həkim laborator instrumental müayinələrdən keçirilmiş, o cümlədən ultrasəs müayinəsi ilə daxılı orqanlarının və səhhəti yoxlanılmışdır. Rentgen edilərək ağciyərləri və döş qəfəsi orqanları yoxlanılmış, elektrokardioqrafiya ilə ürək-qan dövranı fəaliyyəti öyrənilmişdir. Aparılan müayinələrdən sonra məhkum İddiaçı1 səhhətində ciddi patologiya aşkar edilməmiş, ürək-qan dövranın və döş qəfəsi orqanlarının fəaliyyəti normal qiymətləndirilmiş, sağ bağırsağının sallanması və öd kisəsində yüngül iltihabı əlamətlər olmuşdur. Aparılmış dəstəkləyici müalicələrdən sonra məhkum İddiaçı1 şikayətləri azalmış və o, kafi vəziyyətdə Həbsxanaya qaytarılmışdır. Sonrakı 2005-2015-ci illər ərzində məhkum İddiaçı1 mütəmadi olaraq dəfələrlə istər Həbsxanada, istərsə də MM-də müxtəlif ixtisaslı həkimlərin baxışlarından keçirilmiş, instrumental müayinələr olunmuş, laborator analizlər edilmişdir. Tibbi tədbirlərə Həbsxananın həkimləri ilə yanaşı MM-ın Tibb Baş İdarəsinin Hospitalının və Poliklinikasının müxtəlif ixtisaslı həkimləri də cəlb olunmuşlar. Belə ki, 2005-2015-ci illər ərzində məhkum İddiaçı1 dəmirov (dəridə kəpəklənən səpgi), kolit (yoğun bağırsaq xəstəliyi), burun çəpərinin əyriliyi, bel-oma radikuliti və nevrosteniya diaqnozları ilə dəfələrlə Həbsxananın Tibb-sanitar hissəsində (TSH) və altı dəfə MM-də müvafiq müayinə və müalicələrə cəlb edilmişdir. Həyata keçirilən tibb tədbirlərlə əlaqədar məhkum İddiaçı1 TBİ rəhbərliyinə xx.xx.2009-cu il tarixli təşəkkür məktubu ünvanlayaraq məhkumlara göstərilən tibbi xidmətə, kadrların seçilməsinə və tibbi yardımın səviyyəsinin yüksəlməsi istiqamətində aparılan ardıcıl islahatlara və nümunə kimi Həbsxananın TSH-nin rəisi t/x mayoru Niyazi Eyvazovun xidmətinə görə minətdarlıq etmişdir. 2012-ci ilin mart ayında MM-də olarkən Səhiyyə Nazirliyindən dəvət olunmuş otlarinqoloq tərəfindən cərrahiyyə əməliyyatı yolu ilə məhkum İddiaçı1 burununda mövcud olan patologiyalar aradan qaldırılmışdır. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, onun burun tənəffüsü ilə əlaqədar şikayətləri azalmışdır. 2015-ci ilin yanvar-fevral aylarında dəri üzrə olan səpgilərin, yəni mövcüd dəmirov xəstəliyinin əlamətlərində kəskinləşmə olduğu üçün məhkum İddiaçı1həkimlərə müraciət etmiş və MM-ə göndərilməsini tələb etmişdir. Xəstəliyinin xroniki gedişli olduğu, səpgilərin kürək nahiyəsində səhti müşahisə edildiyi, xəstəliyin diaqnozunun məlum olduğu, əlavə müayinələrə zərurət olmadığı nəzərə alınaraq Həbsxanada müalicəsinin aparılması məqsədəuyğun hesab edilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixdə məhkum İddiaçı1 Həbsxanada MM-nin dəri-zöhrəvi şöbəsinin rəisinin baxışı təşkil edilmiş və mütəxəssis kürək nahiyəsinin dərisində qeyd olunan kəpəklənən səpgilərlə bağlı ambulator təyinat vermişdir. Bununla yanaşı 2015-ci ilin mart-aprel aylarında Həbsxanada məhkum İddiaçı1 həkim terapevtin, nevroloqun, psixiatrın, cərrahın, oftalmoloqun, dəri-zöhrəvi həkiminin birgə baxışı keçirilmiş, EKQ, rentgen müayinə olunmuş, qanı ümumi və biokimyəvi analiz edilmişdir. Müayinə nəticəsində məhkum İddiaçı1 stasionar müalicə tələb edən xəstəlik aşkar olunmamış, xırda xroniki patologiyalarla əlaqədar ambulator olaraq dəstəkləyici təyinat verilmişdir. Lakin məhkum İddiaçı1 təkidlə MM-ə göndərilməsini tələb edərək bir müddət sonra təyinatlardan imtina etmişdir. xx.xx.2015-ci il tarixdə İddiaçı1 psixiatrın baxışı keçirilmiş, psixopatologiya aşkar edilməmişdir. xx.xx.2016-cı il tarixdə qanında şəkərin təyin edilməsi məqsədilə müayinə edilmişdir və nəticə norma civarında olmuşdur. xx.xx.2016-cı il tarixdə müayinələrdən keçmək üçün MM-nə aparılmışdır. xx.xx.2016-cı il tarixdə rentgen və digər müayinələrdən keçmiş, ixtisaslı həkimlərin baxışı keçirilmiş, müvafiq məsləhətlər verilmişdir. Müayinələr nəticəsində məhkuma vegetativ damar distoniyası və onurğa sütunun osteoxondrozu diaqnozu qoyulmuş və öz cəzaçəkmə müəssəsində həkim nəzarətinə yazılmışdır. İddiaçı1 xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə Həbsxananın TSH-də həkim baxışı keçirilmiş, həkimə əsəbilik, diqqətin zəifləməsi, tez yorulma, bel və sağ qabırğa nahiyyəsində ağrılardan, ishaldan, ağzında acılıqdan şikayət etmişdir. MM-də verilən müalicə təyinatları davam etdirilmişdir. xx.xx.2017-ci il tarixdə TSH-da məhkuma baxış zamanı boyununun sağ tərəfinin ön səthində bir ədəd kəsilmiş yara müəyyən edilmiş, ilkin tibbi yardım göstərilərək yarası antiseptik məhlulla yuyularaq sarğı edilmişdir. İddiaçı1 xx.xx.2017-ci il tarixdə oftalmoloqun baxışı keçirilmiş və eynək təyin olunmuşdur. İddiaçı1 2017-ci ilin oktyabr ayından yuxusuzluq, baş ağrıları, əsəbilik şikayətləri ilə tibb işçilərinə müraciət etmiş və “Nevrosteniya” diaqnozu ilə yüngül sakitləşdiricilər ilə ambulator müalicə almışdır. Lakin İddiaçı1 şikayətlərinin davam etdirildiyini bildirərək MM-nə köçürülməsini təkidlə tələb etsə də stasionar müalicəyə zərurət olmaması səbəbindən bu məsələ qaldırılmamışdır. 2018-ci ilin fevral ayında məhkum sol diz oynağında ağrılar, hərəkət məhdudluğu ilə əlaqədar həkimə müraciət etmiş, MM-nin həkim travmoloqu tərəfindən həbsxanada konsultasiya olunmuş, narahatzılığı oynağın artrozu ilə əlaqələndirilmiş və ambulator təyinat verilmişdir. Təyinat icra edilmiş və narahatzılıq aradan qaldırılmışdır. Lakin sonrakı dövrdə İddiaçı1 diz oynağındakı patologiyanı qabardaraq bir neçə dəfə MM-nə göndərilməsi məsələsini qaldırmışdır. Amma stasionar müalicəyə ehtiyac duyulmadığından həbsxana rəhbərliyi tərəfindən Tibb Baş İdarəsinə İddiaçı1 MM-nə göndərilməsi ilə əlaqədar müraciət daxil olmamışdır. 2018-ci ilin aprel ayında profilaktik məqsədilə ağciyər flüoqrafiyası edilmiş, hər hansı patologiya aşkar edilməmişdir. 2019-cu ilin sentyabr ayında İddiaçı1 kardioloqla konsultasiya edilmiş, EKQ olunmuş və müalicə tələb edilən patologiya aşkarlanmamışdır. Məhkum həkimə inamsızlıq göstərdiyi üçün çəkilmiş EKQ lentiinin surəti öz istədiyi həkimə təqdim etməsi üçün ona verilmişdir. 2019-cu ilin oktyabr ayının sonlarında İddiaçı1 kəskin respirator xəstəlik əlamətləri izləndiyi üçün ona ambulator təyinat verilmiş və müalicə ilə qısa müddətli narahatçılığı aradan qalxmışdır. Sonuncu dəfə İddiaçı1 xx.xx.2019-cu il tarixdə Həbsxananın TSH-nə xroniki babasilin kliniki əlamətləri ilə bağlı müraciət etmiş və ona rektal şam, iltihab əlehi preparatla ambulator təyinat verilmişdir. Hazırda İddiaçı1 vəziyyəti kafidir, orqanizminin fizioloji göstəriciləri (boyu 170 sm., çəkisi 78 kq.) norma daxilindədir, təcili tibbi yardıma və stasionar şəkildə müalicəyə ehtiyac duyulmur, xroniki babasillə bağlı təyinatı davam etdirilir. Əlavə müayinələrdən keçirilməsi üçün İddiaçı1 planlı qaydada MM-nə köçürülməsi təklif edilsə də o növbəti həftələrə ləngidilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərdən aşkar şəkildə görünür ki, pentensiar müəssisələrdə saxlandığı dövrdə məhkum İddiaçı1 səhhəti Tibb Baş İdarəsı və tabe qurumları adekvat tibbi nəzarətfə saxlanmışdır və zərurət olduğu hər bir halda o tam həcmdə tibbi yardımla təmin olunmuşdur. Onun xəstəliyi vaxtında müəyyən edilmiş, təyinatlar tam yerinə yetirilmiş, effektiv müalicə kursları ilə narahatçılığı aradan qalxmış, dövrü müayinələrdən keçirilərək sağlamlıq durumu nəzarətdə saxlanılmış və onda heç bir zaman həyati təhlükəli ağırlaşma izlənilməmişdir. Əlavə olaraq bildirilir ki, Həbsxananın stasionar palataları olan TSH-si 44 çarpayılıq fəaliyyət göstərir. Burada rentgenolojı, stomatoloji kabinetlər, laboratoriya, EKQ və USM müayinə avadanlıqları mövcuddur. TSH-də 8 həkim, 1 feldşer işləyir. Zərurət yarandıqda ƏN-nin poliklinikasının, hospitalının və X4 Müəssisəsinin müxtəlif ixtisaslı həkimləri məhkumların müalicə və müayinələrinə cəlb edilirlər. Həmçinin SN-nin aparıcı klinikalarının mütəxəssisləridə Həbsxananın TSH-nə dəvət edilməsinə imkanlar mövcuddur. Bununla yanaşı Cəzaların İcrası Məcəlləsinin 93.6-cı maddəsinə əsasən məhkumların tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Beləliklə etirazın təsviri hissəsində qeyd olunmuş işin faktiki hallarına əsaslanaraq N.F.Mirzəyevin və İddiaçı1 Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə qarşı sağlamlığına vurulmuş ziyanın ödənilməsi tələbini əsassız hesab edərək ərizənin təmin edilməməsi xahiş olunur. X2 və İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X11 və X16 tərəflərindən verilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər və əlavə olaraq bildirdilər ki, məhkəmə icraatı dövründə məhkumlar Natiq Mirzəyev və İddiaçı1 xx.xx.2019-cu il tarixində Müalicə Müəssisəsinə köçürülərək tibbi tədbirlərə cəlb olunmuşlar. Öncədən Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq xx.xx.2019-cu il tarixdə N.Mirzəyev Respublika Neyrocərrahiyyə xəstəxanasına konvoy müşayiəti ilə daşınaraq maqnit-rezonans tomoqrafiya (MRT) müayinəsi edilməsinə cəhd olunsa da bədən çəkisinin 110 kq çox olduğuna görə aparatın texniki imkanları ona bu müayinələrin aparılmasına imkan verməmişdir. 110 kq yüksək çəkisi olan şəxsə MRT müayinəsi aparmağa imkan verən texniki avadanlıq Bakı şəhərində 2 özəl klinikada mövcuddur. İddiaçı1 isə bütün zəruri müayinələr, o cümlədən kliniki laborator müayinələrdən keçirilmiş, müxtəlif ixtisaslı həkimlər, o cümlədən oftalmoloq və neyrocərrahla konsultasiya olunmuşdur. Görməsinin korreksiya etdirilməsi üçün eynək təyin olunmuş, osteoxondroz və xroniki qastroduodenit əlamətlərinə uyğun təyinatlar verilmişdir, İddiaçı1 eynəklə təmin olunmuş və müalicə təyinatları tam icra olunmuşdur. İddiaçı1 göstərilən tibbi tədbirlərlə bağlı minnətdarlığını ərizələri ilə bildirmişdir. Osteoxondroz proseslərinin mövcud vəziyyətini öyrənmək üçün neyrocərrahın tövsiyəsi ilə onurğa sütununun MRT müayinəsi planlaşdırılmış və Səhiyyə Nazirliyinə tibbi tədbirlərin həyata keçirilməsi üçün tibb müəssisəsinin müəyyən olunması barədə müraciət edilmişdir. Müalicə kursları tamamlandıqdan sonra məhkumların müraciəti əsasında xx.xx.2019-cu il tarixdə onlar Həbsxanaya geri qaytarılmışlar. MRT müayinəsinin vaxtı xx.xx.2020-ci ilə təyin edilmiş və İddiaçı1 xx.xx.2020-ci ildə yenidən X5 köçürülmüş, təkrar kliniki instrumental müayinələrə cəlb edilmiş, X13rğanın döş, bel və oma sahəsi MRT müayinəsindən keçirilmişdir. İddiaçı1 neyrocərrahla konsultasiya edilmiş, hazırda heç bir cərrahi müdaxiləyə ehtiyac olmadığı bildirilmiş, tövsiyələr verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 kafi vəziyyətdə Həbsxanaya geri qaytarılmışdır. Qeyd olunanlardan görünmüşdür ki, N.Mirzəyevə və İddiaçı1 tibbi tədbirlər daim davam etdirilir, hazırda onların səhhətləri stabildir və həyatı təhlükəli hal izlənilmir. Məhkəmə cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmələri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar cavabdeh tərəfindən müraciətləri ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 və İddiaçı1 iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1202/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1202/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver