Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1202/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Kaspiyets-2” Kooperativində yerləşən, İddiaçı məxsus olan 26 saylı qarajın sökülməsi nəticəsində 20.000 (iyirmi min) manat məbləğində vurulan ziyanın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 12/829 saylı Qərarı ilə Xəzər Gəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi barədə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması üçün xx.xx.1987-ci ildə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı Qərarı ilə “Kaspiets-1”, sonradan isə “Kaspiets-2” və “Kaspiets-3” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı rayonu XDS İK-nın xx.xx.1987-ci il tarixli 11/938 saylı və sonrakı müvafiq qərarları ilə kooperativlərin üzvlərinin siyahısı təsdiq edilmişdir. xx.xx.1987-ci il tarixli 6 nömrəli Protokoldan görünür ki, X3 və digərləri “Kaspiets-2” kooperativinə üzv qəbul edilmişdir və onun adına 26 nömrəli order verilərək qaraj ayrılmışdır. Daha sonra isə X1 və İddiaçı xx.xx.2003-cü il tarixli ərizələri nəzərə alınaraq Y.Yevqeniyeviçin əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzv qəbul edilmiş, həmçinin Y.Yevqeniyeviçə ayrılmış qarajın əvəzi (********** manat) İddiaçı tərəfindən ödənilməklə 26 nömrəli qaraj İddiaçı adına keçirilmişdir. Bununla bağlı İddiaçı adına 26 nömrəli arayış-order verilmişdir. Elə həmin vaxtdan da iddiaçı kooperativin üzvü olaraq həmin ərazidə tikilmiş qarajın mülkiyyətçisi və qanuni istifadəçisi olmuşdur. “Kaspiets-1” kooperativi üzrə 29 ədəd, “Kaspiets-2” kooperativi üzrə 70 ədəd, “Kaspiets-3” kooperativi üzrə 20 ədəd, cəmi 119 qaraj mövcud olmuşdur. Qeyd edildiyi kimi iddiaçı qarajın qanuni əsaslarla istifadəçisi olmuşdur. Bu Bakı şəhəri 26 Bakı Komissarı rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş 263 saylı, “A" seriyalı arayış-orderlə tam təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən iddiaçı “Kaspiyets-2” kooperativinin payçısıdır. Azərbaycan Respublikası Prezidentinin X6 yaradılması ilə bağlı xx.xx.2007-ci il tarixli 2504 N nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2008-ci il tarixli 580N-H sərəncam vermişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Sərəncamı icrası ilə əlaqədar olaraq iddiaçının qanuni əsaslarla istifadəsində olmuş qaraj sökülmüş və ona bununla bağlı kompensasiya ödənilməmişdir. İddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən və ona bununla bağlı hər hansı kompensasiya məbləği ödənilmədiyindən, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin, onun müraciətinə hər hansı cavab verilməmişdir. Həmçinin, “Kaspiyets-2” kooperativinin payçıları olan digər fiziki şəxslər tərəfindən məhkəmədə iddialar qaldırılmış və məhkəmə qərarları ilə onların iddiaları qismən də olsa təmin edilmişdir. Məhkəmələr tərəfindən qarajların hər bir kv.m bazar dəyəri 300 manat təşkil etsə də, keçən müddət ərzində manatın 2 dəfə devalvasiya olunması və hal-hazırda davam edən inflyasiya nəzərə alınaraq iddiaçıya məxsus, sahəsi 31,1 kv.m olan qarajın sökülməsi nəticəsində ona ən azı 20.000 (iyirmi min) manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin 01 avqust 1986-cı il tarixli qərarına əssən X9 Donanmasının müraciətinin təmin olunaraq QXD-ya 26 Bakı Komissarı adına rayonun 29-cu məhəlləsində zabitlər üçün qarajlar tikintisinə icazə verilmişdir. Bakı şəhər X5 İcraiyyə Komitəsinin 11/197 saylı, 14 aprel 1987-ci il tarixli qərarına əsasən X9 Donanmasının müraciəti nəzərə alınaraq 26 Bakı Komissarı adına rayonun 29cu məhəlləsində ayrılmış sahədə zabitlər üçün qaraj tikinitlərinin layihələşdirilməsinə icazə verilmişdir. Bakı şəhər 26 Bakı Komissarı adına rayon X5 98/9015 nömrəli, 15 may 1987-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması məqsədilə “Kaspiyets-1” kooperativinin təşkil edilməsi qərara alınmışdır. Bakı şəhər 26 Bakı Komissarı adına rayon X5 99/9080 nömrəli 22 may 1987-ci il tarixli qərarına əsasən ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparılması məqsədilə “Kaspiyets-2” kooperativinin təşkil edilməsi qərara alınmış, həmin kooperativin üzvlərinin siyahısı təsdiq edilmiş, nizamnaməsinin üzvlərinin ümumi yığıncağında qəbul edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 580 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, F.Mehdiyev küçəsi 1 saylı yaşayış binasında mənzili olan vətəndaşlara və F.Mehdiyev küçəsi 9 saylı ünvandakı şəxsi evin sahibinə ünvan 1 verilməsi Bakı şəhər Mənzil Kooperativ İdarəsinə həvalə edilmiş, ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, mənzil sahəsi ilə təmin olunmuş vətəndaşların yaşadığı mənzillərdən köçürülməsi, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Hazırkı tələbində iddiaçı “Kaspiets-2” kooperativinin üzvü olaraq onun sözügedən ərazidə 26 saylı qarajın qanuni əsaslarla istifadəçisi olduğunu, Bakı Şəhər İcra Hakimiyyətinin adıçəkilən xx.xx.2008-ci il tarixli 580N-H sərəncamının icrası ilə əlaqədar həmin qarajın söküldüyünü, bununla bağlı kompensasiya ödənilmədiyini iddia edərək qarajın sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 20.000 manat kompensasiyanın ödənilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 580 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən həmin ünvanda söküntü və tikinti işlərin aparıldığı işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçının sökülən ərazidə iddia olunan qaraja dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” varmı? İddia tələbindən görünür ki, iddiaçı “Kaspiets-2” koperativində 26 nömrəli qarajın əvvəlcə X2 məxsus olduğunu, bu barədə ona 26 nömrəli order verildiyini, daha sonra X3 ilə öz aralarında razılaşmaya əsasən ayrılmış qarajın əvəzinin Y.Yevqeniyeviçə ödənilməklə, hər ikisinin xx.xx.2003-cü il tarixli ərizələri nəzərə alınmaqla həmin 26 nömrəli qarajın İddiaçı adına keçirildiyi və bununla bağlı sonuncunun adına 26 nömrəli arayış-order verildiyinə istinad etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, “Kaspiyets-2” kooperativi üzvlərinin 6 nömrəli xx.xx.1987-ci il tarixli protokoluna əsasən X4 “Kaspiyets-2” kooperativinin üzvlüyünə qəbul edilmişdir. 26 Bakı Komissarı X5 icraiyyə komitəsinin 31/3248 nömrəli xx.xx.1989-cu il tarixli qərarı əsasında A seriyalı 26 nömrəli orderinə əsasən vət. V.E.Yakovlevə “Kaspiets-1” qaraj tikinti kooperativində maşın saxlamaq (boks) üçün yer tutmağa icazə verilmişdir. Göründüyü kimi X3 “Kaspiets-2” kooperativinin üzvlüyünə qəbul edildiyi halda A seriyalı 26 nömrəli order V.E.Yakovlevə “Kaspiets-1” kooperativi tərəfindən və həmin koperativə aid ərazidə maşın saxlamaq üçün yer tutmağa icazə verilmişdir. Eyni zamanda qaraja dair hüquqmüəyyənedici sənəd olan orderdə hansı nömrəli qarajın V.Y.Yakovlevə aid olduğu qeyd edilməmişdir. Bundan əlavə X4 və iddiaçının adından adi gözlə müşahidə ediləcək dərəcədə eyni şəxs tərəfindən yazılmış yazı mətni olan xx.xx.2003-cü il tarixli ərizələr iddia ərizəsinə əlavə edilsə də, iddiaçı ilə V.E.Yakovlev arasında qaraja dair alqı-satqı aktı tərtib olunmamışdır. Eyni zamanda istinad edilən “Kaspiets-2” koperativinin V.Yakovlevin üzvlükdən çıxarılması, onun əvəzinə İddiaçı “Kaspiets-2” kooperativinə üzvlüyə qəbul edilərək ona 26 nömrəli boksun ayrılması barədə 90/03 nömrəli xx.xx.2003-cü il tarixli protokolu “Kaspiets- 2” kooperativinin sonuncu qanuni təmsilçisi “A.Eldarxanov” tərəfindən imzalanmışdır. İddiaçının kooperativ üzvlüyünə qəbulu xx.xx.2003-cü il tarixli protokol əsasında həyata keçdiyi halda adına A seriyalı 26 nömrəli arayış-order X1 üzvlüyə qəbul edilməsi barədə olan Səbail rayon İcraiyyə Komitəsinin 31/3248 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına istinadən verilmişdir. Həmçinin, işdə olan xx.xx.2003-cü il tarixli protokol “Kaspiets-2” koperativinin rəhbəri “A.Kuzmenko” tərəfindən imzalanmadığı və kooperativin möhürü ilə təsdiq edilmədiyi (“A.Eldarxanov” tərəfindən imzalandığı) halda iddiaçının adına olan arayış-order “Kaspiets- 2” koperativinin keçmiş rəhbəri “A.Kuzmenko” və komendant “B.Dubrovin” tərəfindən imzalanmışdır. Nəhayət, iş materiallarına iddia olunan 26 nömrəli qarajın texniki göstəricilərini ifadə edən sənəd- plan (sxem) əlavə edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2023-cü il tarixli **********11 nömrəli məktubundan da müəyyən olunur ki, “Kaspiets-2” koperativinə aid 26 saylı qaraja dair daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanda texniki pasport aşkar edilməmişdir. Beləliklə, kompensasiya tələb edilən Kaspiets-2” koperativinə aid 26 saylı qarajın iddiaçının istifadəsinə verilməsi ilə bağlı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, iddia olunan qarajın daş tikili olmaqla, ölçüsü, texniki parametrləri, yerləşdiyi yer (cizgi) göstərilməklə əmlakın naturada mövcud vəziyyətdə mülki dövriyyənin obyekti olmasını təsdiq edən texniki pasportu təqdim edilməmişdir. Belə olan halda yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin predent hüququna əsasən iddiaçının qeyd edilən qaraja dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Mübahisəli tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1202/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1202/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver