Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1202/2024 10.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və üzərindəki tikiliyə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 329 saylı 0,53 ha olan bağ sahəsinin mərhum X7 mülkiyyət hüququnun məxsus olmasına dair müvafiq arayışın verilmədi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bağın icarəyə verilməsi haqqında 02 iyul 1962-ci il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,53 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. İddiaçı həmin müqavilə əsasında iddia olunan bağ sahəsinin mərhum X7 məxsus olması barədə arayışın verilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 329 saylı (köhnə nömrə ilə) bağ sahəsinin icarəyə verilməsinə dair X11 ilə X13 arşında 43 nömrəli müqavilə bağlanılmışdır. Daha sonra bağ sahəsinə 1074 nömrəsi verilmiş və onunla 0.25 hektar torpaq sahəsi olan 1074 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Arxiv qovluğunda 1074 saylı bağ sahəsinə dair mərhumla bağlanılmış son xx.xx.1987-ci il tarixli, 43 nömrəli müqavilə mövcuddur. X4 vəfatından sonra X2 və İstismarı Birliyi ilə mərhumun həyat yoldaşı X10 arasında 1074 saylı bağ sahəsinə dair xx.xx.1996-cı il tarixli 43 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Lakin iddiaçı tərəfindən X10 ilə aralarında hər hansı əlaqələndirici sənəd təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, göstərilən torpaq sahəsinin bir hissəsi 1073 nömrəli bağ sahəsinin yerinə uyğun gəlir və iddiaçı sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti zamanı iddiaçı tərəfindən ümumi hasarlanmış ərazi göstərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X16 iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Axundova (daha sonra Məmmədova) Şəfiqə Həbib qızı arasında 03 noyabr 1948-ci il tarixdə nikah bağlanmışdır. Bağın icarəyə verilməsi haqqında 02 iyul 1962-ci il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,53 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Bağın icarəyə verilməsi haqqında 23 mart 1963-cü il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Bağın icarəyə verilməsi haqqında 12 avqust 1970-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 329 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Bağın icarəyə verilməsi haqqında 05 aprel 1985-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Bağın icarəyə verilməsi haqqında 25 iyun 1987-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X11 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X11 22 fevral 1989-cu il tarixdə ölmüşdür. İdarənin arxivində saxlanılan ərizənin surətindən görünür ki, X14, X5 və İddiaçı öz imzaları ilə 1074 nömrəli bağ sahəsinin X3 icarəsinə verilməsinə və onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdirlər. Bağın icarəyə verilməsi haqqında 02 sentyabr 1996-cı il tarixli 43№-li müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair X10 ilə X2 və İstismarı Birliyi arasında müqavilə bağlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan bağ massivində 329 (yeni nömrə ilə 1074) saylı bağ sahəsinin hər hansı şəxsin mülkiyyəti kimi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan icarə müqaviləsindən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair son icarə müqaviləsi iddiaçının anası X6 adınadır. Belə ki, bağ sahəsinə dair bağlanılmış icarə müqavilələrindən də göründüyü kimi bağ sahəsinin icarədarı ilkin olaraq X11 olmuş, onun vəfatından sonra isə övladlarının razılıq ərizələri nəzərə alınmaqla bağ sahəsinin icarədarı X12 olmuşdur. Göründüyü kimi mübahisə predmetini təşkil edən 1074 nömrəli bağ sahəsi üzərində zamanında mərhum X4 hüquqları mövcud olsa belə, onun vəfatı ilə əlaqədar bu hüquq onun arvadı X1 ki, hal-hazırda bağ sahəsinə dair qüvvədə olan müqavilədə məhz sonuncunun adınadır. İddiaçının iddia tələbində istinad etdiyi 1962-ci il tarixli icarə müqaviləsinin hüquqi qüvvəsinə gəldikdə isə Məhkəmə bildirir ki, həmin müqavilə öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, İdarənin arxivində saxlanılan icarə müqavilələrindən də göründüyü kimi, 1962-ci il tarixli icarə müqaviləsinə əsasən iddia olunan bağ sahəsinin ilkin ölçüsü 0,53 ha, nömrəsi isə 329 olmuşdur. Daha sonra növbəti illərdə mərhum X11 ilə həmin bağa dair bağlanmış 43 № -li müqavilələrdə bağın nömrəsinin və ölçüsünün dəyişdirildiyi, nəticədə ölçünün 0,25 ha, nömrəsinin 1074 olması müəyyən olunmuşdur. Göründüyü kimi mərhumun sağlığında belə bağlanmış icarə müqavilələrdə bağ sahəsinin ölçüsü və nömrəsi ilə bağlı dəyişikliyin olması açıq aşkar şəkildə görünür. 1962-ci il tarixli icarə müqaviləsi öz hüquqi qüvvəsini itirdiyindən, həmin müqavilə əsasında torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi istisna olunur. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə izah edir ki, iddia olunan bağ sahəsinə dair Bağın icarəyə verilməsi haqqında 02 sentyabr 1996-cı il tarixli 43№-li müqavilə əsasında X3 (iddiaçının anası) Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki tələb 0,25 ha ilə bağlı deyil, məhz 0,53 ha ilə bağlı olduğundan, həmçinin torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı olduğundan iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov