Məhkəmə qərarları › İş №2-1(112)-12024/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12024/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12024/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əhmədli Bələdiyyəsinə (üçüncü şəxs X3) qarşı “qərarda dəyişiklik edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əhmədli Bələdiyyəsinə qarşı “qərarda dəyişiklik edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin qərarı əsasında 150 kv.m torpaq sahəsi X2 ayrılmışdır. Torpaq sahəsində inşa edilən 62 kv.m fərdi yaşayış evi iddiaçı kimi onun mülkiyyətinə verilmiş, lakin torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Ərizə ilə müraciət etsə də, 150 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, 150 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bələdiyyə qərarı əsasında ayrılmış 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Bələdiyyənin 22 noyabr 2007-ci il tarixli qərarında X1 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsinin həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə xüsusi olaraq iddiaçının hüquqi marağına uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı növ iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Zahirən hazırkı tələb inzibati aktda dəyişikliyin edilməsi üzrə mübahisələndirmə növü ilə oxşarlıq göstərsə də, məzmun baxımından iddiaçı qərarda dəyişikliyin edilməsinə yönələn hərəkətləri 150 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsinə yönəlmişdir. Həmin sənədləşmə isə müvafiq dəyişiklik edilmə ilə əlaqədar qərarın qəbulu ilə mümkün olacağından, məhkəmə hesab edir ki, hazırda iddiaçının hüquqi marağına uyğun olan iddia AR İPM-nin 52-ci maddəsinin tələbi də əsas götürülməklə məcburetmə növündə olan 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Bələdiyyənin 27 noyabr 2007-ci il tarixli qərarında X1 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsi, yəni torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə yeni qərarın qəbul edilməsi ilə əlaqədardır. AR İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Cavabdehin məktubunda qeyd edilmişdir ki, Əhmədli qəs, R.Quliyev küçəsi 10 B ünvanda yerləşən torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi bələdiyyənin səlahiyyətinə daxil deyildir. Çıxarışdan görünür ki, həmin ünvanda yerləşən 62 kv.m fərdi yaşayış evi iddiaçının mülkiyyətində, 0,007220 kv.m torpaq sahəsi isə istifadəsindədir. Üçüncü şəxs, köhnə mülkiyyətçi İ.Eyvazovun adına verilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış sahəsinin yerləşdiyi tikili altı sahə 0,00731 ha olsa da, faktiki sahə 0,0158 ha təşkil edir. Cavabdehin qərarından çıxarışdan görünür ki, həmin ünvanda yerləşən 150 kv.m torpaq sahəsi X1 adına ayrılmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, fərdi yaşayış evi iddiaçıya həmin şəxs tərəfindən satılmışdır. İddiaçının adına verilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış sahəsinin yerləşdiyi tikili altı sahə 0,0073 ha olsa da, faktiki və hüquqmüəyyənedici sənəd üzrə sahə 0,0158 ha təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, adıçəkilən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına dair iddiası mümkün sayılmamışdır. Ərizələrdən görünür ki, üçüncü şəxs ona ayrılmış torpaq sahəsinin iddiaçının adına ayrılmasına razılıq vermişdir. Qeyd olunmalıdır ki, Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə”nin:

4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir.

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “İnzibati icraat haqqında”Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Torpaq Məcəlləsinin: Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İşin faktiki hallarından göründüyü kimi hazırkı inzibati mübahisə bələdiyyə orqanının qərarında dəyişiklik edilməklə 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə əlaqədardır. İşin faktiki halları ilə aydın olur ki, 150 kv.m torpaq sahəsi bələdiyyə qərarı əsasında üçüncü şəxsə ayrılmış, həmin şəxs orada fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış sahəsinə mülkiyyət hüququ əldə edərək, iddiaçıya fərdi yaşayış evi satılmışdır. İş materiallarında olan texniki pasportdan da görünür ki, fərdi yaşayış evinə aid torpaq sahəsi iddiaçı tərəfindən iddia olunan 150 kv.m torpaq sahəsinə uyğundur. Göstərilən işin faktiki hallarına uyğun olaraq da iddiaçı əvvəllər üçüncü şəxsə ayrılmış torpaq sahəsinin ona ayrılmasını xahiş etmişdir. Cavabdehin imtinası isə onunla əlaqədar olmuşdur ki, göstərilən məsələ cavabdehin səlahiyyəti xaricindədir. Məhkəmə, həmin imtina dəlili ilə razılaşmayaraq onun qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin səlahiyyətində saymadığı məsələ onun ayırmış olduğu 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsin torpaq ayırma barədə 22 noyabr 2007-ci il tarixli inzibati aktında müvafiq dəyişiklik edilməklə həmin sahənin digər şəxsin adına sənədləşdirilməsi ilə əlaqədardır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı cavabdehdən hər hansı yeni torpaq sahəsi tələb etməmiş, tələb etmə əvvəllər bələdiyyənin səlahiyyətli saydığı torpaq ayırmaya dair inzibati aktında qanuni əlverişli inzibati aktın tərəfi kimi üçüncü şəxsin də razılığı əsasında onun adının iddiaçının adı ilə dəyişdirilməsi, beləliklə də torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə əlaqədar olmuşdur. Nəzərə alınmalıdır ki, bələdiyyənin 22 noyabr 2007-ci il tarixli qərarı inzibati orqan tərəfindən qəbul edilmiş, ləğv edilməmiş, hüquqi qüvvəsi olan inzibati aktdır. Həmin akt əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, onun üzərində inşa edilmiş tikilinin dövlət qeydiyyatı həyata keçirilmiş, həmin sahə texniki pasportda öz əksini tapmış, mülki dövriyyə üzrə torpaq sahəsinin bir hissəsinin istifadəsi, üzərində inşa edilmiş tikilinin isə mülkiyyət hüququnun iddiaçıya keçidi müqavilə ilə rəsmiləşdirilmiş və əmlak orqanı tərəfindən də buna dair növbəti çıxarış verilmişdir. Göründüyü kimi bələdiyyə qərarının legitimliyi şübhə altında olmamaqla etibarlılığı əmlak orqanı və bələdiyyə orqanı tərəfindən tanınmışdır. Belə ki, məhz bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsində inşa edilmiş tikilinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı aparılmışdır ki, tikilinin torpaq sahəsinə sənədin mötəbərliliyinin tanınması onun özbaşına tikili olmaması hüququn qeydiyyatının aparılması ilə öz təsdiqini tapmışdır. Lakin, əmlak orqanı torpaq sahəsindən istifadə hüququnu tanıyarkən torpaq sahəsinin ümumi ölçüsünü yox, tikili altı sahənin istifadəsini müəyyən etmişdir ki, iddiaçı istifadə hüququ mövcud olan həmin sahə və bələdiyyə qərarında və texniki pasportda əvvəlki mülkiyyətçidə olan və sonradan evin alqı-satqısı ilə ona keçən 150 kv.m sahənin mülkiyyət hüququnun aparılması üçün bələdiyyə orqanına müraciət etmişdir ki, məhkəmə hesab edir ki, hazırkı iddia üzrə bələdiyyə orqanının imtinası qanunsuz və əsassız olmuşdur. Bələdiyyə orqanı nəzərə almamışdır ki, onun ayırmış olduğu torpaq sahəsi qərarda göstərilən ölçüdə X2 ayrılmış, onun üzərində tikilmiş fərdi yaşayış evinin mülkiyyətçisi dəyişmiş, torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisinin hazırkı vəziyyətdə eyni olmaması kimi şəraitin dəyişməsi ilə əlaqədar uyğunsuzluq həm iddiaçının müraciəti, həm də İ.Eyvazovun razılığı olmasına baxmayaraq həmin hal nəzərə alınmamış, formal imtina verilmişdir. Halbuki, hər hansı qanunla qorunan maraqlar pozulmasına yol verilmədiyi və inzibati icraat iştirakçılarının maraqlarına uyğun olduğu halda torpaq sahəsinin ayrılmasına dair qərarda dəyişiklik xarakteri daşıyan, fərdi yaşayış evinin mülkiyyətçinin adına torpaq sahəsinin sənədləşdirilməsi inzibati icraatla bağlı qanunvericilik baxımından mümkün olmuşdur ki, cavabdeh həmin halı nəzərə almasan müraciətin təmininə münasibətdə qanunsuz olaraq özünü səlahiyyətsiz saymışdır. Yuxarıda istinad olunan normaların, eləcə də Torpaq Məcəlləsinin tələbindən də görünür ki, Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Qeyd olunan səbəbdən də, iddiaçı köhnə mülkiyyətçiyə məxsus olmuş fərdi yaşayış evinin altında və həyətyani sahəsini əhatə edən və bələdiyyə orqanının ləğv edilməmiş qərarı əsasında ayrılmış 150 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh isə nə həmin normanın tələbini, eləcə də inzibati icraat iştirakçılarının mövqeyini, üçüncü şəxsin addan-ada keçirmədə razılığını nəzərə almamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, o cümlədən şəxslərin mülkiyyətinə vermək, torpaq sahəsini zəruri olduğu halda geri qaytarmaq, məzmun etibarı ilə də həmin torpaq sahəsinin başqa şəxsin adına da sənədləşməsinə münasibətdə sərəncam vermək kimi səlahiyyətlərə malikdir. Hazırkı halda da, iddiaçı torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə sərəncam verilmə səlahiyyətinin icrasını xahiş edir ki, həmin müraciət qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda, bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının torpaq sahəsinə hüququn mövcudluğunu dolayısı ilə tanınması, eləcə də fərdi yaşayış evinə dair texniki pasportda 150 kv.m ölçünün hüquqmüəyyənedici sənəd üzrə olan qrafada da xüsusi olaraq göstərilməsi və digər işin halları nəzərə alınmaqla 150 kv.m torpaq sahəsi üzərində bələdiyyə orqanının qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək hüququ iddiaçıya izah edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 150 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Əhmədli Bələdiyyəsinin 22 noyabr 2007-ci il tarixli 186 nömrəli qərarında X1 adının əvəzinə iddiaçının adının qeyd edilməsi formasında dəyişiklik edilməsi( yəni, torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi) barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Əhmədli Bələdiyyəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar