Məhkəmə qərarları › İş №2-1(112)-12027/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12027/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12027/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 680 kvadrat metr torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixdə təsdiq etdiyi layihə və 18/03-8/6488 saylı məktubuna əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 403 №-li sərəncamı ilə ailəsinin xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən iki otaqlı fərdi fin tipli yaşayış evinin yerləşdiyi 680 kvadrat metr torpaq sahəsində yeni 2 mərtəbəli evin tikintisinə icazhə verilmişdir. Tikintiyə Sərəncam alarkən, həmin ərazinin vaxtilə, yəni Sovetlər dönəmində Dövlət Neft Şirkətinin işçilərinin yaşadığı ərazi olduğunu, fin tipli evlərin məhz 1948-1950-ci illərdə neftayırma zavodunun işçiləri üçün tikildiyi bildirilmiş və Neft şirkətindən razılıq almağa yönəldilmişlər. Bütün tələb olunan prosedurlara əməl etmək üçün keçmiş İqtisadi İnkişaf Nazirliyinə müraciət edərkən öyrənmişdir ki, Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirmə Departamentinin xx.xx.2003-cü il tarixli 92 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında “Xətai Tikinti Mexanizasiya" ASC yaradılmış və yaşadıqları ərazi də daxil olmaqla əmlaklar (torpaq sahələri) özəlləşdirilənədək onların sərəncamına verilmişdir. Bu baxımdan 22 mart 2004-cü il tarixdə "xxxx" ASC-yə müraciət etmiş və Cəmiyyət xx.xx.2004-cü il tarixli 01/206 saylı məktubu ilə istifadəsində olan torpaq sahəsindən xeyrinə imtina etmişdir. Məhz, Cəmiyyətin bu razılıq məktubunu da nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2004-cü il tarixdə evin layihəsini təsdiq etmiş və 18/03-8/6488 saylı məktubla tikintiyə icazə vermiş və Nizami rayon İcra Hakimiyyəti başçısı da həmin razılıq məktublarını, təsdiq olunmuş layihəni əsas tutaraq xx.xx.2004-cü il tarixli 403 №-li müvafiq Sərəncamı vermişdir. Bütün tələb olunan sənədləri aldıqdan sonra tikintiyə başlamış və müvafiq yaşayış evini 2005-ci ilin sonunda tikib qurtarmışdır. 18 ilə yaxındır ki, həmin evdə yaşayırlar. Mövcud qanunlara və normativ sənədlərə uyğun olaraq su, işıq, qaz, telefon və digər kommunal xidmətlərlə təmin olunmuşlar. Lakin illərdir ki, yaşadıqları və bütün hüquqi sənədlərinin mövcud olduğu yaşayış evinə mülkiyyəti təsdiq edən sənəd (çıxarış) ala bilmirlər. Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etsələr də, torpaq sənədi ilə bağlı çatışmazlıq olduğunu bildirərək müraciəti qəbul etmir və qeyri-rəsmi şəkildə imtina verirlər, arxivdən torpağa aid sənəd tələb edirlər. Halbuki qeyd edilən ardıcıllıqla on illərdir istifadələrində olan 680 kvadrat metr torpaq sahəsində evin tikildiyi və bütün razılıq sənədlərində, ərazinin və evin təsdiq olunmuş layihəsində bunun əks olunduğu aydın şəkildə göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini keçirən qurumdur. 18 ilə yaxındır ki, həmin fərdi yaşayış evində yaşayırlar, övladlarını böyütmüşlər, artıq nəvələri də var. Lakin əmlak üzərində mülkiyyət hüququnu əldə edə bilmirlər. Fərqli paspost qeydiyyatındadırlar. Bu illər ərzində 13059 manat işıq pulu, 25500 manat qaz pulu, 11200 manat su pulu, həmçinin bələdiyyə vergisi, MİS xərcləri ödəmişlər. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək cavabdeh qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi və fərdi yaşayış evinə və altındakı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddia tələbində qeyd olunan fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 464 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı 680 kv.m torpaq sahəsində yerləşən fin tipli evin sökülüb, razılaşdırılmış eskiz planına əsasən yenidən tikintisinə icazə verilməsi barədə olmuşdur. Lakin İdarənin mütəxəsisləri tərəfindən xx.xx.2023- cü il tarixdə göstərilən fərdi yaşayış evinə yerli baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan mənzil faktiki sökülməmiş, sözügedən fərdi yaşayış evi mənzilin yaxınlığında yerləşən və ərizəçi tərəfindən hasarlanmış sahəsi 535 kv.m olan torpaq sahəsində inşa edilmişdir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evi dövlət mülkiyyətində olmaqla ümumi istifadə üçün nəzərdə tutulan torpaq sahəsində inşa edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları İddiaçı və X8 arasında Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən 09 iyun 2017-ci il tarixdə təsdiq edilmiş 4Ə-407 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu halda həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı- ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-02/2-M-0412-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Qanunda nəzərdə tutulmuş müvafiq sənədlərlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına müraciət edəcəyi təqdirdə sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatının aparılması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/6488 saylı xx.xx.2004-cü il tarixli məktubda bildirilmişdir ki, onun M-72 saylı, xx.xx.2004-cü il tarixli məktubuna cavab olaraq və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2004-cü il tarixli, 01/206 saylı razılıq məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı məxsus olan fərdi yaşayış evinin yenidən tikintisinə dair qaldırdığı məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 403 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Özbəkistan küçəsi ev 24-də yaşayan vətəndaş İddiaçı müraciət edərək, xüsusi mülkiyyətində olan (ÖM № 179619; xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi) fın tipli evin 1950-ci illərdə tikildiyini, uzun illər istismar nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşdüyünü bildirməklə, evin sökülüb yerləşdiyi 680m2 torpaq sahəsində əlavə olunan layihəyə əsasən yenidən tikintisinə icazə verilməsi haqqında xahiş etmişdir. Rayon İcra Hakimiyyəti göstərilən məsələyə baxılması haqqında Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə xx.xx.2004-cü il tarixli, M-72 №-li məktubla müraciət etmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2004cü il tarixli, 18/03-8/6488 №-li məktubunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2004cü il tarixli, 01/206 saylı razılıq məktubunu nəzərə alaraq, Rayon İcra Hakimiyyətinin qeyd olunan məktubda vət. Y.S.Memmədxanlıya məxsus olan fərdi yaşayış evinin yenidən tikintisinə dair qaldırılan məsələnin qanun çərçivəsində həll edilməsinə etiraz etmədiyini bildirməklə, təqdim olunmuş eskiz layihəsini razılaşdırmışdır. Özbəkistan küçəsi 24 №-li evdə yaşayan vətəndaş İddiaçı təsdiq olunmuş baş plana uyğun 680 kv.m torpaq sahəsində yerləşən fın tipli evinin sökülüb razılaşdırılmış eskiz layihəsinə əsasən yenidən tikintisinə icazə verilmişdir. Vətəndaş İddiaçı tapşırılmışdır: 1. Fərdi yaşayış evinin tikintisini razılaşdırılmış layihəyə uyğun, tikinti norma və qaydalarına əməl olunmaqla aparılması; 2. İnşaat işləri zamanı ətraf sahənin sanitar təmizliyinə riayət edilməsi. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 92 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında (bu sərəncama 1 nömrəli əlavədə göstərilən struktur bölmələr daxil edilməklə) "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01/206 saylı xx.xx.2004-cü il tarixli məktubunda bildirilmişdir ki, göstərilən ərazi "xxxx" ASC-nin (keçmiş “Xəzərdəniz-neftsosialtikinti” tresti) tikinti sahəsinə düşür. “Xəzərdənizneftsosialtikinti” tresti, “Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi” Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevirilmişdir. Mövcud Qanuna görə "xxxx" ASC “Xəzərdənizneftsosialtikinti” trestinin hüquqi varisidir və həmin sahədə tikinti işləri aparmaq hüququ Cəmiyyətə məxsusdur. Lakin maliyyə çətinliyi ilə əlaqədar, həmin ərazidə yaşayan sakinlərin çoxluğunu, həmçinin həmin ərazidəki mənzillərin vətəndaşların şəxsi mülkiyyətində olduğunu nəzərə alaraq göstərilən ünvanın ərazisində "xxxx" ASC tərəfindən tiknti işlərinin aparılması planlaşdırılmır və aparılmayacaq. Bakı Şəhər Nizami Bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmış 04/146 saylı xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, Nizami rayonu Özbəkistan küçəsi 24 saylı evdə yaşayan vətəndaş İddiaçı, Nizami Bələdiyyəsinə müraciət edərək ona məxsus şəxsi mülkiyyətində olan (ÖM № 179619, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi) fın tipli evin yerləşdiyi 680m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004cü il tarixli 18/03-8/6488 saylı razılaşdırılmış eskiz layihəsini, Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 403 saylı sərəncamını nəzərə alıb həmin torpaq sahəsini vətəndaş İddiaçı mülkiyyətinə verilməsinə Nizami Bələdiyyəsi etiraz etməmiş və münasibət bildirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 30472/2023 **********72 saylı xx.xx.2023-cü il tarixli məktub ilə ünvan 3 ünvanında yerləşən mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X3 və İddiaçı arasında bağlanılmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən 8-km. Özbəkistan küçəsi ev 24 yaşayış sahəsi 33,0 kv.m ümumi sahəsi 54,4 kv.m olan ikiotaqlı şəxsi fin ev İddiaçı satılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 179619 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 24 saylı evin 33,0 yaşayış sahəsindən ibarət iki otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 853 saylı reyestr kitabında (128186-cı səhifə qeydəalma nömrəsi 30/30795) xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 09A5/292 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 8 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 128186 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən ünvan 3 mənzil - (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 96, M1, m1) İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı və X8 arasında bağlanılmış AN – İ seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 mənzil - (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 96, M1, m1) X1. Özbəkistan küçəsi bina 24 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2017-ci il tarixli müayinə (baxış) aktından görünür ki, mənzil birmərtəbəli fin tipli ağac materialındandır. Eskiz fakta əsasən tərtib olunmuşdur. Təqdim olunmuş eskizə dəyişiklik yoxdur. X5 istifadəsində 3,8 kv.m giriş (açıq eyvan) sahəsi və 170,0 kv.m həyətyanı torpaq sahəsi var. Mənzil faktiki olaraq fərdi yaşayış evinə çevrilmiş, ayrı girişi və qonşuya 2 ədəd əlavə qapısı var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən ünvan 3 mənzil - X5 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən ünvan 9 ünvanında yerləşən yaşayış evinin eskiz layihəsi təqdim edilmişdir. Özbəkistan küçəsi 24 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, mənzil həyət tipli 1 mərtəbəli binanın bir hissəsində yerləşən dranka mənzildir. Məzilin ətrafında torpaq sahəsi hasarlanmış və ərizəçi tərəfindən həmin torpaq sahəsində 2+ mansard mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinin ayrılmasına dair ancaq Nizami Rayon İcra Hakimiyyətinin № 464, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən fin tipli evin sökülərək onun yerləşdiyi 680.m2 torpaq sahəsində BŞİH-nin razılaşdırdığı eskiz əsasında fərdi yaşayış evinin tikintisi nəzərdə tutulmuşdur. Lakin baxış zamanı məlum olmuşdur ki, qeyd olunan fin tipli mənzil faktiki sökülməmiş razılaşdırılmış fərdi yaşayış evi mənzilin yaxınlığında yerləşən və ərizəçi tərəfindən hasarlanmış 535,0 kv.m torpaq sahəsində tikilmişdir. Mənzilin ətrafında olan 167.0 m2 torpaq sahəsi isə qonşulara gediş gəliş üçün nəzərdə tutulmuş ümümi istifadə torpağıdır. Mənzilin və fərdi yaşayış evinin mövcud koordinatları və yerləşmə sxemi akta əlavə edilmişdir. Sözügedən daşınmaz əmlakın sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 54,4 kv.m qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; İşin materiallarından da göründüyü kimi, iddiaçı həm məhkəməyədək inzibati icraat, eləcə də məhkəmə araşdırması zamanı iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci (8.0.1, 8.0.9 və ya 8.0.10) maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 680 kvadrat metr torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 680 kvadrat metr torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar