Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12029/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X1 kаtibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciət bölməsinə dəyişiklik edilərək cavab məktubunun ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 12.07.2021-ci il tarixli cavab məktubunun surətinin e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsində (0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir) bərpa edilərək əvvəlki vəziyyətində qeyd edilməsi və sonradan e-sosial şəxsi kabinetdə ərizə və müraciətlər bölməsinə dəyişiklik edilərək saxta yolla düzəliş edilən cavab məktubunun ləğv edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının məhkəməyə ünvanladığı 25.11.2021-ci il tarixli ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbinə əsasən İddiaçı 25.06.2021-ci il tarixdə əyani müayinədən keçmiş, adına Laçın rayon Mərkəzi Xəstəxanasının 30.06.2021-ci il tarixli 0280003AAFMA nömrəli forma 88 tibbi göndərişi sistemə yerləşdirilmiş və onun əlilliyinin səbəb əlaqəsi 09.07.2021ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla dəyişdirilərək 5 il müddətinə 09.07.2026-cı il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş, bu barədə iddiaçının elektron kabinetində müvafiq qeyd aparılmışdır. 09.07.2021-ci il tarixdən 5 il müddətinə əlillik təyin edilməsi ilə bağlı iddiaçının elektron kabinetinə 13 ədəd məktub, o cümlədən 12.07.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. İddiaçının mövqeyinə görə cavabdeh sonradan qeyd edilən əlillik qiymətləndirilməsini elektron sistemdən silmiş və onun əlillik müddətini 12.10.2021-ci il tarixli qeyd etməklə diaqnozunu dəyişdirmişdir. Beləliklə, cavabdeh iddiaçıya 5 il müddətinə 2026-cı il tarixinə kimi verilmiş qiymətləndirilməni sistemdən silmiş və bu barədə 12.07.2021-ci il tarixli cavab məktubunun məzmun hissəsini dəyişdirmişdir. Hazırda iddiaçı 12.07.2021-ci il tarixli cavab məktubunun e-sosial şəxsi kabinetində ərizə və müraciətlər bölməsində əvvəlki vəziyyətinə bərpa edilməsini və sonradan düzəliş edilən cavab məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı iş üzrə iddiaçının iddia tələbi üzrə hüquqi marağı onun 09.07.2021-ci il tarixdən 5 il müddətinə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır. Belə ki, hazırkı iddia üzrə iddiaçı cavabdehin onun əlillik vəziyyətinin 09.07.2021-ci il tarixdə 0280003AAFMA nömrəli göndəriş əsasında qiymətləndirilib səbəbli əlaqəsinin dəyişdirilərək 5 il müddətinədək əlillik təyin etdiyini, bu barədə şəxsi kabinetində yerləşdirilmiş 12.07.2021-ci il tarixli cavab məktubunda da qeyd edilməsinə baxmayaraq sonradan əlillik müddətini 12.10.2021-ci il tarixədək dəyişdirərək həmin məktubun məzmununu da dəyişdirdiyini iddia edir və qeyd edilən 12.07.2021-ci il tarixli məktubun əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Halbuki, adıçəkilən 12.07.2021-ci il tarixli məktub inzibati akt olmamaqla həmin məktubun məzmunun dəyişdirilməsi və ya dəyişiklik edilmiş eyni tarixli məktubun ləğv edilməsi iddiaçının hüquqi vəziyyətinin dəyişdirilməsinə səbəb olmur. İddiaçının hüquqi marağı bilavasitə ona 2026-cı ilədək əlillik dərəcəsinin təyin edilməsi ilə bağlıdır ki, bu isə iddiaçı barəsində cavabdehin üzərinə qeyd edilən müddətə əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi ilə təmin oluna bilər. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8104/2021 saylı, 22.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Beləliklə, göründüyü kimi iddiaçı hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilmə müddətini digər inzibati iş üzrə mübahisələndirmişdir. Hazırkı iddia iddiaçının hüquqi marağına xidmət etmədiyindən və onun hüquqi marağı məhkəmənin icraatında olan 2-1(112)-8104/2021 saylı inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciət bölməsinə dəyişiklik edilərək cavab məktubunun ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-12029/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12029/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver