Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12029/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “öz arzusu ilə hərbi xidmətdən ehtiyyata buraxılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2013-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2015-ci ildən leytenant rütbəsini almış, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 08 iyun 2025-ci il tarixdə iddiaçının zabit kimi xidmətinin 10 ili başa çatmışdır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən iddiaçı ilə əlaqədar (ehtiyyata buraxılmağına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə iddiaçının özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında iddiaçının ehtiyyata buraxılmağı təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin raportun verilməsinə və üzərindən xeyli müddət keçməyinə baxmayaraq iddiaçının ehtiyyata buraxılmağı ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. İddiaçı 15 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Mərkəzi Hərbi Poliklinikanın Dispanzerizasiya bölməsinin rəisinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raportuna imtina cavabı verilmişdir. Belə ki, iddiaçının zabit kimi xidmət ilinin 10 illiyində o, ehtiyata buraxılmağını yazılı şəkildə bəyan etsə də, qanunvericiliyin tələblərinə əsasən heç bir bəhanə gətirilmədən tərxis olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı 01 iyun 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində dinləyici kimi davam etdirmiş, 05 iyun 2015-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin Tibb məntəqəsinin həkimi vəzifəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş 06 dekabr 2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına Dispanserizasiya bölməsinə ordinator vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixədək xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 15 may 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. İddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 11 yanvar 2021-ci il tarixdə təhsilini bitirmişdur, bu da onu göstərir ki, iddiaçı 4 il 2 ay 15 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il 6 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır. Belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. İddiaçı cavabdehin iddia ərizəsinə qarşı mülahizəsində göstərmişdir ki, ona münasibətdə qanundakı dəyişikliklərin tətbiq edilməsi yolverilməzdir. Qeyd olunan hallar hərbi xidmətdən könüllü şəkildə ehtiyyata buraxılma hüququnun həyata keçirilməsinə, sosial təminat, qanunvericilikdə ağırlaşmaların geriyə şamil edilməməsi və bərabərlik prinsiplərinə ziddir. Sonradan “Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə”yə edilmiş dəyişikliklər iddiaçının hərbi xidmətə və rezidentura təhsilinə başladığı dövrdən xeyli sonra, o cümlədən rezidentura təhsilini bitirdiyi dövrdən 3 il sonra qüvvəyə minmişdir. İddiaçı hərbi xidmətə və rezidenturaya başladığı, rezidentura təhsilini bitirdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, qarşındakı xidmət perspektivləri tam aydın idi. İddiaçının seçim yalnız iki alternativdən ibarət olmuşdur: Xidmətimi sona qədər davam etdirərək daimi hərbi zabit kimi qalmaq, 10 (5) illik xidmət müddətini başa vurduqdan sonra qanunvericiliyə uyğun olaraq öz istəyi ilə ehtiyata buraxılmaq və mülki həyatda fəaliyyətini davam etdirmək. İddiaçı bu seçimləri həmin dövrdə qüvvədə olan hüquqi əsaslara uyğun olaraq etmiş, həyat və peşə planlamanı da buna əsasən qurmuşdur. Lakin sonradan qanunvericilikdə aparılmış dəyişikliklər barədə ona əvvəlcədən məlumat verilməmiş, bu dəyişikliklərin iddiaçıya münasibətdə hansı qaydada tətbiq ediləcəyi barədə aydın hüquqi göstəriş təqdim olunmamışdır. Bu vəziyyət hüquqi baxımdan qanunvericiliyin sabitliyinə və vətəndaşın qanuna etimad prinsipinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində, yaxud müraciətin edildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məcburetmə haqqında hazırkı iddiası ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubla tələbi təmin etmədiyindən xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsasızdır. Belə ki, Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş AT №001368 nömrəli X1 Təhsili Diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı hərbi həkim işi ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş AR №002450 nömrəli Rezidentura Təhsili Diplomundan görünür ki, İddiaçı 2017-ci ildən 2021-ci ilədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində “Daxili xəstəliklər” ixtisası üzrə rezidenturada təhsil almışdır. Yekun Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli 02 nömrəli qərarı ilə ona “Daxili xəstəliklər” ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilmişdir. İddiaçı şəxsi işindən çıxarışdan görünür ki, o, xx.xx.2013- xx.xx.2015-ci illərdə Hərbi Tibb Fakültəsində kursant vəzifəsində, xx.xx.2015- xx.xx.2017-ci illərdə 888-ci motoatıcı briqadada tibb məntəqəsinin həkimi vəzifəsində, xx.xx.2017-xx.xx.2021-ci illərdə ATU Hərbi Tibb Fakültəsində hərbi tibb fakültəsinin rezidenti vəzifəsində, xx.xx.2021-ci ildən hal-hazıradək MN Mərkəzi Hərbi Poliklinikasında dispanserizasiya bölməsinin ordinatoru vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə yuxarı orqana raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2025-ci il tarixli, 86/3237 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının zabiti tibb xidməti kapitanı İddiaçı xx.xx.2015-ci il tarixdən Azərbaycan Ordusunda zabit kimi xidmət edir və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar yazdığı raporta baxılmış, Azərbaycan Ordusunda həkim-mütəxəssislərin çatışmazlığını nəzərə alaraq ehtiyata buraxılması müvəqqəti olaraq təxirə salınması məqsədəuyğun hesab edilmişdir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: -maddə 8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. - 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Həmin maddəyə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunla əlavə edilmiş, xx.xx.2024-cü il tarixdən qüvvəyə minən “Qeyd” hissəsinə əsasən: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.”; Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Həmin maddəyə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanunla əlavə edilmiş xx.xx.2024-cü il tarixdən qüvvəyə minən “Qeyd” hissəsinə əsasən: Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. İstinad olunan normalardan görünür ki, zabit heyəti vəzifələrində işləyən hərbi qulluqçuların təqvim hesabı ilə azı 10 il xidməti olduqda, öz arzuları ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüquqları mövcuddur. xx.xx.2024-cü ildən etibarən qanunverici müəyyən etmişdir ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılma üçün nəzərdə tutulan təqvim müddətinə daxil edilmir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2025-ci il tarixli, 86/3884 nömrəli sorğuya cavab məktubundan görünür ki, tibb xidməti kapitanı İddiaçı xidmət müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək kursant kimi, xx.xx.2015-ci il tarixdən hal-hazıradək zabit kimi xidmət dövrünə daxil edilir. İddiaçının xx.xx.2015-ci ildən zabit vəzifəsində xidmət etdiyini nəzərdə aldıqda aydın olur ki, onun zabit heyəti vəzifələrində təqvim hesabı ilə 10 il xidmət müddəti xx.xx.2025-ci ildə tamam olur. Lakin xx.xx.2024-cü ildə qüvvəyə minmiş və iddiaçının 10 il xidmətinin tamam olduğu xx.xx.2025-ci il tarixdə qüvvədə olan “Qeyd” hissəyə əsasən rezidenturada əyani təhsil müddəti öz arzusu ilə ehtiyata buraxılma üçün 10 illik müddətə daxil edilmir. İddiaçının xx.xx.2017-xx.xx.2021-ci illərdə Azərbaycan Tibb Universitetində rezidentura səviyyəsi üzrə təhsil aldığı müəyyən edildiyindən, həmin müddətin, yəni 4 il 2 ay 16 günün onun öz arzusu ilə ehtiyata buraxılma üçün 10 illik müddətə daxil edilməsi istisna edilir. Belə olan halda aydındır ki, iddiaçının yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən öz arzusu ilə ehtiyata buraxılma üçün tələb olunan xidmət müddəti olmadığından, belə bir hüququ mövcud deyil. İşdən görünür ki, iddiaçı tələbinin əsası kimi, xidmətə qəbul edildiyi xx.xx.2015-ci ildə “Qeyd” hissənin olmamasına, qazanılmış hüquqa istinad edir. Məhkəmə qeyd edir ki, "qazanılmış hüquq" (latın dilində iura quaesita) prinsipi — şəxsin müəyyən bir normanın qüvvədə olduğu dövrdə qanuni əsaslarla əldə etdiyi və onun hüquqi statusunun ayrılmaz tərkib hissəsinə çevrilmiş subyektiv hüquqlar məcmusunu ifadə edir. Qazanılmış hüquqlar, hüquqi dövlət prinsipinin tərkib hissəsi olan "hüquqi müəyyənlik" (legal certainty) və "etimadın müdafiəsi" prinsiplərinə söykənir. Bu o deməkdir ki, fərd dövlətin qəbul etdiyi qanunlara inanaraq öz davranışını nizama salırsa və bunun nəticəsində konkret hüquqi nəticə əldə edirsə, dövlət sonradan qanunvericiliyi dəyişməklə həmin nəticəni geriyə doğru ləğv edə bilməz. Qeyd edilməlidir ki, bir vəziyyətin "qazanılmış hüquq" hesab olunması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: hüquqi əsas: Hüquq, əldə edildiyi zaman qüvvədə olan qanunvericiliyə tam uyğun olmalıdır. faktiki reallaşma: Hüququn yaranması üçün tələb olunan bütün hüquqi faktlar (məsələn: stajın dolması, mülkiyyətin qeydiyyatı, müqavilənin bağlanması) başa çatmalıdır. subyektiv xarakter: Bu, ümumi bir imkan deyil, konkret şəxsə aid olan mülkiyyət, sosial təminat və ya inzibati icazə statusu daşımalıdır. Məhkəmə onu da vurğulayır ki, qazanılmış hüququ "hüquqi gözlənti" (legitimate expectation) anlayışından fərqləndirmək lazımdır. Belə ki, qazanılmış hüquqda şəxs qanunvericiliyə dəyişiklik edilənə qədər artıq müvafiq hüququ əldə etmişdir. Hüquqi gözlənti zamanı isə şəxs gələcəkdə müəyyən şərtlər daxilində hüquq əldə edəcəyinə ümid edir (məsələn, pensiya yaşına çatmayıb, lakin qanunvericiliyin dəyişməyəcəyinə inanır). Qazanılmış hüquqların qorunması mütləq olduğu halda, gözləntilərin qorunması ilə bağlı belə bir tələb yoxdur. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, qanunvericiliyə dəyişiklik edilənə qədər, yəni xx.xx.2024-cü il tarixə kimi iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmaq hüququ yaranmamışdır. Belə olan halda aydındır ki, onun həmin məsələ ilə bağlı qazanılmış hüququ olmamışdır. İddiaçı yalnız hüquqi gözləntiyə istinad edə bilər, hansı ki, hazırkı halda dövlət, ictimai maraqlar nəzərə alınmaqla onun bu gözlətisinin qanunla qorunması ilə bağlı hər hansı bir müddəa müəyyən etməmişdir. Belə ki, hərbi xidmət keçmə sahəsi dövlətin milli təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə birbaşa bağlıdır. Dövlət hərbi kadr potensialını qorumaq üçün xidmət müddətlərini və qaydalarını dəyişməkdə geniş diskresion (mülahizə) səlahiyyətinə malikdir. İctimai maraq (ordunun kadr komplektləşdirilməsi) fərdin daha tez ehtiyata çıxmaq gözləntisindən üstün tutulur. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixindən sonra xidmətini davam etdirdiyi üçün həmin tarixdə qüvvədə olan qanunlara tabedir. Bu, qanunun geriyə şamil edilməsi deyil, qanunun dərhal tətbiqi (effet immédiat) prinsipidir. Belə olan halda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbindən imtina üçün əsas olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-12029/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12029/2025
24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver