Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1203/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinin yeri müəyyən edilməklə yerləşmə cizgisinin çəkilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarı ilə vətəndaş X2 adına ayrılmış, Maştağa-Nardaran massivi, 75-ci kvartal, sahə 14 ünvanında yerləşən 600.0 kv.metr torpaq sahəsinin plan sxeminin çəkilməsini və təsdiqlənməsini cavabdehlər Sabunçu RİH-nə və Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarı ilə vətəndaş X2 adına ayrılmış, Maştağa-Nardaran massivi, 75-ci kvartal, sahə 14 ünvanında yerləşən 600.0 kv.metr torpaq sahəsinin yerini müəyyən edərək, yerləşmə cizgisinin çəkilməsi və təsdiqlənməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
3. Hazırki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarı ilə vətəndaş X2 adına ayrılmış, Maştağa-Nardaran massivi, 75-ci kvratal sahə 14 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsi və təsdiqlənməsinin Cavabdehnə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Daha sonra məhkəmə tərəfindən Qərardadda yol verilmiş formal xəta aradan qaldırılaraq iddia tələbi iddiaçı tərəfindən təqdim edilən ərizədə qeyd olunduğu “Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarı ilə vətəndaş X2 adına ayrılmış, Maştağa-Nardaran massivi, 75-ci kvratal sahə 14 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin yerini müəyyən edərək yerləşmə cizgisinin çəkilməsi və təsdiqlənməsi öhədliyinin Cavabdehnə həvalə edilməsi” kimi qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarı ilə vətəndaş X2 adına, Maştağa-Nardaran massivi, 75-ci kvartalda fərdi yaşayış evinin tikintisi üçün 14 saylı sahədə, 600.0 kv.metr torpaq sahəsi ayrılmışdır. Elə həmin ildə, vətəndaş X4, ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazini həyat yoldaşı İddiaçı göstərmiş və torpaq sahəsinin hasarlanması üçün bir neçə maşın mişar daşı alaraq əraziyə tökdürmüşdü. 1990-1995-ci illərdə respublikada baş verən məlum hadisələrlə əlaqədar hasarlanma işi yarımçıq qalmış və vətəndaş X4 qazanc əldə etmək üçün Rusiya Federasiyasına işləməyə getmişdir. 2011-ci ildə xəstəliyi səbəbindən işləyə bilməmiş və Rusiya Federasiyasından həmişəlik vətənə dönmüşdür. 20 il ərzində Maştağa-Nardaran massivi, 75-ci kvartal ərazisində aparılmış çox saylı tikintilər və torpaqların hasarlanması səbəbindən, vətəndaş X4 onun adına ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazini aşkar edə bilməmişdi. X4 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Maştağa-Nardaran massivi, 75-ci kvartal, 14 saylı sahəyə qonşu ərazilərin arxivdə saxlanılan sxematik xəritəsinin surətini və həmçinin keçmiş Lenin rayon XDS İK-nin 18 aprel 1989-cu il tarixli, 11/54 saylı qərarın qeydiyyatdan keçib-keçməməsi barədə arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, **********37 saylı məktubunda keçmiş Lenin rayonu XDS İK-nin 11/54 saylı xx.xx.1989-cu il tarixli qərarının dövlət reyestrində qeydiyyatdan keçməməsi bildirilmişdir. X4 01 aprel 2013-cü il tarixdə xroniki ağ ciyər, ürək çatışmamazliğından vəfat etmişdir. Mərhum X2 həyat yoldaşı İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazidə bir dəfə olmuş və hal-hazırda həmin ərazini tapmaqda çətinlik çəksə də, təxminən həmin 75-ci kvartalı tanıyır və bu səbəbdən xx.xx.2022-ci il tarixdə Sabunçu RİH-nə Z-2/3-091 № li ərizə ilə müraciət edərək Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa-Nardaran massivi, 75-ci kvartal, 14 saylı sahədəki 600.0 kv.metr torpaq ərazisinin Sabunçu RİH-nin arxiv xəritəsinə əsasən müəyyən edilərək ona təqdim olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Sabunçu RİH-nin xx.xx.2022-ci il tarixli, Z-2/3-091 № li cavab məktubunda Lenin rayon kvartal, 14 saylı sahədə, 600.0 kv.metr torpaq sahəsinin yerləşmə sxeminin verilməsi təmin edilməmişdir. Səbəb kimi torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Sabunçu RİH-ndə hər hansı bir məlumatın olmaması bildirilmişdir. İddiaçı hesab edir ki, Sabunçu RİH-nin imtinası əsassız və qanunsuzdur. Tələb olunan ayrıc aktı vətəndaşlara verilmir. Ayrıc aktı inzibati orqana aiddir. Bundan əlavə, Maştağa Rayon XDS İcraiyyə Komitəsinin və Lenin Rayon XDS İK-nin bu tipli qərarlarına dair Sabunçu RİH tərəfindən kifayət qədər yerləşmə cizgiləri verilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, X3 600 kv.m torpaq sahəsi ayrılarkən torpaq sahəsini ayıran qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Cavabdehndə məlumat yoxdur. İddiaçının atasına ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından cavabdeh orqan hesab edir ki, imtina əsaslı olmuşdur. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin həqiqətən onun iddia etdiyi yerdə yerləşməsi barədə heç bir sübut yoxdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, iddiaçının müraciəti əsasında torpaq sahəsinin kordinatların müəyyənləşdirilməsi mümkün olmamışdır. Belə ki iddiaçı özü belə torpaq sahəsinin harada olması barədə məlumatı yoxdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 11/54 saylı qərarı ilə Maştağa-Nardaran yaşayış massivi, kvartal 75-də ayrılmış 14 saylı 600,0 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığından xahişin təmin edilməsi mümkün deyil.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı torpaq sahəsinin yerini dəqiq tanımadığı üçün idarənin mütəxəsisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır (torpaq sahəsi iddiaçının istifadəsində deyil).
8. Lenin rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli, 11/54 saylı Qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X3 Maştağa-Nardaran yaşayış massivi, kvartal 75-də, 14 saylı sahəsi 600,0 kv.m. olan torpaq sahəsi ayrılmış və torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə ölmüşdür.
10. İddiaçı məhkəmənin hazırkı, eləcə də əvvəlki iclasları barədə xəbərdar edilsə də, hər dəfə yaxın qohumunun vəfat etməsi ilə əlaqədar məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak etməməsinə dair məhkəməyə teleqram ünvanlamışdır. Cavabdehin iddia tələbinə münasibəti aydın olduğundan məhkəmə iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
14. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
15. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
16. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsinə cizgisinin verilməsinə dair iddiaçının “qanuni gözləntisi” yoxdur. Belə ki, torpaq sahəsi hazırda iddiaçının istifadəsində deyil, iddia ərizəsində iddiaçı tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazini tapmaqda çətinlik çəkdiyi, torpaq sahəsinin yerini bilmədiyi qeyd edilmiş və məhz mübahisələndirilən torpaq sahəsinin yeri müəyyən edilərək yerləşmə cizgisinin verilməsi xahiş edilmişdir. Eyni zamanda torpaq sahəsinin yerini müəyyən etməyə əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından torpaq sahəsinin faktiki mövcudluğu da aydın deyil.
20. Odur ki, iddia tələbinin predmeti olan torpaq sahəsinin mövcudluğu və iddiaçının qanuni istifadəsində torpaq sahəsi olduğu faktiki olaraq müəyyən edilmədiyindən, iddiaçının həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini tələb etməyə “qanuni gözləntisi” yoxdur, belə ki, əmlak mövcud deyil.
21. Bu səbəbdən məhkəmə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığı qənaətindədir.
22. Odur ki, iddia mümkün sayılmamalıdır.
23. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva