Məhkəmə qərarları › İş №2-1(112)-1203/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1203/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1203/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi xx.xx.2024-cü il tarixli rəyi ləğv edərək, əlillik meyarlarının faizinin dəqiqləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Vətən Müharibəsi iştirakçısıdır, müddətdən artıq 161- saylı hərbi hissədə xx.xx.2014-cı ildən xidmət aparmışdır. Ağır döyüşlərdə iştirak etmiş və yaranlanmışdır. ’’Cəsur Döyüşçü” medalına layiq görülmüşdür. Son döyüşlərdə aldığı yaralanmalar kəllə beyin kantyuziyası iddiaçı hərbi hissənin hərbi komissiyası tərəfindən hərbi xidmətə yararsız, müharibəyə yararlı 210 nömrəli xx.xx.2023cü il tarixli rəy verərək istefaya buraxılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 4708 nömrəli xx.xx.2020-ci il tarixli epikrizində “xidmətdə olan zamanlar aldığı xəsarətlər nəticəsində hərbi xidmət etməyə yararsızdır” qərarı alınmışdır. Aldığı çoxsaylı mərmi partlayışı nəticəsində beynində ağrılar və problemlər yaranmış, bununla yanaşı çox saylı qəlpələr hələ də bədənindən çıxarılmamışdır. Cavabdeh xx.xx.2024-ci ildə cavab olaraq rəy veriblər ki, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə. Qeyri-stabil stenokardiya şiddətlənən stenokardiya. Eşitmə sinirinin xəstəlikləri. (qeyd edilmişdir) İmtina edilib. Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Bu imtina qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətina sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və "Diaqnozun mətni: Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə. Qeyri-stabil stenokardiya şiddətlənən stenokardiya. Eşitmə sinirinin xəstəlikləri. Mərkəzə göndərilmənin, imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Ağdam rayon sakini xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən,əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, özünə xəsarətdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin-xrono, Ketilept, Klonozepam qəbul etdiyini, həmçinin bu preparatlardan çoxsaylı qəbul edərək intihar cəhdi olaraq bildirmişdir. Nümayişkar olaraq əllərində qan ləkəsi olan şəkillər göstərmiş, bu kəsikləri xəstəxanada dərman ala bilmədiyi üçün etdiyini bildirmiş, hər iki saidin üst səthlərində həyati təhlükəsi olmayan səthi kəsik izlər müşahidə edilmişdir. Müayinə zamanı düşüncəsi aydın, zahirən gərgin, bələdliliyi tam qorunmuşdur. Bir çox şikayət bildirmiş, aqravasiya elementləri nəzərə çarpmışdır. Müayinənin sonuna yaxın verilən spesifik sualları cavablandırmaqdan yayınaraq qəfildən otağı tərk etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranışla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə Ağdam RƏD tərəfindən L00158040QİQ nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) verilmiş, göndərişdə iddiaçıya “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş, xx.xx.2024-cü il tarixdə diaqnozun öz təsdiqini tapmaması əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1653/2024 nömrəli qərarından görünür ki, iddiaçı həmin qərardan şikayət vermiş, şikayətə əsasən onun əyani müayinəsi keçirilmiş və müəyyən edilmişdir ki: “Ağdam rayon sakini xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 210 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, postkommosion sindrom, davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltı nitqinin sol qulaqda 3,5 (üç tam onda beş) metr, saq qulaqda 4,5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol əlin İ (birinci) və İİ (ikinci) barmaqlarının dəri çapığı, İİ (ikinci) barmağının distal falanqasının bitişmiş sınığı, yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İ (birinci) funksional sinif. Simptomatik arterial hipertenziya. Aorta və tac arteriyaların aterosklerozu. Ateroskleroz kardioskleroz. Hər iki gözün sadə hipermetropiyası Hm 1,50D nəticəsində görmə itiliyinin sağda 0,8-ə, solda 0,5-ə gədər azalması, korreksiya ilə 1,0 olmağla. Əngdə 13, 14, 16, 24, 26, 27-ci dişlərin olmaması. Çənədə 46, 47-ci dişlərin olmaması. Lokal paradontit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11663/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış gapah kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1957 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13775/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, özünə xəsarətdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Depakin-xrono, Ketilept, Klonozepam qəbul etdiyini, həmçinin bu preparatlardan çoxsaylı qəbul edərək intihar cəhdi olaraq bildirmişdir. Nümayişkar olaraq əllərində qan ləkəsi olan şəkillər göstərmiş, bu kəsikləri xəstəxanada dərman ala bilmədiyi üçün etdiyini bildirmiş, hər iki saidin üst səthlərində həyati təhlükəsi olmayan səthi kəsik izləri müşahidə edilmişdir. Müayinə zamanı düşüncəsi aydın, zahirən gərgin, bələdliliyi tam qorunmuşdur. Bir çox şikayət bildirmiş, aqravasiya elementləri nəzərə çarpmışdır. Müayinənin sonuna yaxın verilən spesifik sualları cavablandırmaqdan yayınaraq qəfildən otağı tərk etmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranışla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda cavabdehin bu qərarı ilə razılaşmayaraq, ona əlillik əyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş ilə: - əsas diaqnoz F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri ilə” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 7.6.2-ci bəndinə əsasən F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3043 saylı ekspert rəyndən görünür ki, ekspert müəyyən etmişdir ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, özünə xəsarət yetrirmələrlə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən “Barotravma” xəsarətini alması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli şəhadətləndirilərək “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, postkommosion sindrom, davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor aqıreşitmə, pıçıltılı nitqinin sol qulaqda 3,5 (üç tam onda beş) metr, saq qulaqda 4,5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020), sol əlin İ (birinci) və İİ (ikinci) barmaqlarının dəri çapığı, İİ (ikinci) barmağının distal falanqasının bitişmiş sınığı, yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlarının müəyyən edilməsi, sonradan psixi vəziyyətində yaranan pozuntular (aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, özünə xəsarətlər yetirməsi, əhvalruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək cəhdlərinin olduğunu, iş qabiliyyətini itirməsi), göstərilənlərlə əlaqədar AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, özünə xəsarət yetrirmələrlə” diaqnozu ilə stasionar müalicədə olması, xx.xx.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasında professor B.Əsədovun baxışında olaraq ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, dissosiativ daxilolmalar, özünə xəsarət yetrirmələrlə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, özünə xəsarətlər yetirməsi, əhval-ruhiyyəsi enməsi, vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək dərman içərək özünü öldürməyə cəhd göstərməsi, kəsmələrlə özünə xəsarətlər yetirməsi, hazırki müayinə zamanı sağlamlığı ilə bağlı əsəbilik, gün ərzində heysizlik, halsızlıq, sıxıntı hisslərinin gəlməsi, gələcəyə ümidsizliklə yanaşması, beyninə intihar etmək barəsində teztez fikirlər gəlməsi, yuxusunun qırıq-qırıq olması, səhərlər əzgin halda oyanması, baş ağrılarından əziyyət çəkməsi şikayətlərini bildirməsi və s.) sübut edir. Göründüyü kimi, göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olması ekspert tərəfindən təsdiq edilir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli göndərişdə iddiaçının dəfələrlə intihara cəhd etdiyi göstərilib. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən diaqnozun əlillik təyin etməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı X1 xx.xx.2024-cü il tarixdən əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar