Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12030/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Yevlax rayonunun Bünyadabad kəndində qeydiyyatda olan, Yeni Çobankərə kəndində yaşayan) iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə hazırlıq icraatı ilə əlaqədar açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1342/2021 saylı 14 oktyabr 2021-ci il tarixli Qərardadına əsasən inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara almışdır. Qərardad üzrə Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 365-VİQD nömrəli Qanununun 1.1-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunmuş və maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilmişdir: "Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;" Həmin Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş və Qanunun 2.2-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində edilmiş həmin dəyişikliklə öhdəliyin icrası haqqında iddialar üçün yeni aidiyyət qaydası müəyyən edilsə də, 01.10.2021-ci ilədək verilən iddia ərizələrinə münasibətdə əvvəlki aidiyyət qaydası tətbiq edilməlidir. İddiaçı hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna və məhkəməyə 01.10.2021-ci ildən əvvəl verildiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə uyğun olaraq, həmin iddiaya cavabdehin yerləşdiyi yerin inzibati məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq Şəki İnzibati Məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, məhkəmə İPM-nin müvafiq maddəsinə istinad etməklə Qanunun müddəasını fərqli təfsir etmiş və bu hal ərazi aidiyyəti baxımından məhkəmələr arasında fikir ayrılığına səbəb olmuşdur. Odur ki, məhkəmələr arasında aidiyyətlə bağlı mübahisə olduğundan işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, ilk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 02 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı qeydiyyat ünvanı Yevlax rayonunun Bünyadabad kəndidir. Belə olan halda məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəmənin əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şəki İnzibati Məhkəməsində baxılması daha əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə o cümlədən qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbi baxımından məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi məhkəmə iclasında həll edilən məsələlərə aid edildiyindən və İnzibati Prosessual Məcəlləyə edilən 01.10.2021-ci il tarixli dəyişiklikdən sonra Şəki İnzibati Məhkəməsi qeyd olunan işə baxılması ilə əlaqədar X1 8.2-ci maddəsinin tələbi baxımından artıq 14.10.2021-ci il tarixdə səlahiyyətli olduğundan, sözügedən mübahisəyə həmin məhkəmədə baxılaraq qərar qəbul edilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi Qanunvericiliyin ərazi aidiyyətinin müəyyənləşdirilməsində, o cümlədən “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 365-VİQD nömrəli Qanununa əsasən İnzibati Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (19.12-ci bənd). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə məhkəmələr arasında işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından inzibati iş məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12030/2021 saylı iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-12030/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12030/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver