Məhkəmə qərarları › İş №2-1(112)-12033/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12033/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12033/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi) qarşı “dövlət nümunəli təhsil sənədinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1996-cı il tarixdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Mühəndis sistemləri və qurğuları” fakültəsinin qiyabi şöbəsində təhsilini başa vurduğunu nəzərə alaraq, onun xx.xx.1996-cı il tarixdə məzun olması və adına yeni dövlət nümunəli təhsil sənədinin verilməsi barədə əmrin verilməsi, o cümlədən həmin məlumatların Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” X3 sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona Dövlət imtahan komissiyasının 1996-cı il 25 iyun tarixli qərarı ilə verilmiş HB seriyalı 950437 nömrəli diplom haqqında məlumatların “Tələbə-məzun” X3 sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstutunun (hazırki Azərbaycan Memarlıq və İnşaat Universiteti) mühəndis sistemləri və qurğuları fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. xx.xx.1993cü ildə ölkədə baş verən məlum hadisələrlə bağlı universitetə gedə bilmədiyi üçün İV kursdan xaric edilmişdir. xx.xx.1996-cı ildə Universitetin mühəndis sistemləri və qurğuları fakültəsinin qiyabi şöbəsinə bərpa edilmiş və həmin dövrdə də institutu bitirmişdir. İkinci Ali təhsili davam etdirmək üçün 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyatın maliyyə və kredit fakültəsinə daxil olaraq, 2003-cü ildə həmin Universiteti fərqlənmə diplomu ilə qurtarmışdır. 1991 -ci ildən əmək fəaliyyətinə başlamaqla müxtəlif vəzifələrdə çalışmışdır. Bu yaxınlarda ona Azərbaycan Memarlıq və İnşaat Universitetindən ona bildirmişlər ki, diplomu dövlət nümunəli deyil. Bununla bağlı məsələnin araşdırılması üçün cavabdehə müraciət edilmiş və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 09 iyun 2023-cü il tarixli, 31/328 saylı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci il 341 r saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Mühəndis sistemləri və qurğuları” fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, xx.xx.1993-cü il tarixli, 388 u/p saylı əmrlə universitetdən Vİ kursundan xaric olunmuş, xx.xx.1996-cı il, 24u/p saylı əmrlə həmin Universitetin “Mühəndis sistemləri və qurğuları” fakültəsinin qiyabi şöbəsinə Vİ kursuna qəbul olunmuşdur. Lakin 1996-cı ildə universiteti bitməsi əmri arxiv sənədləri içərisində aşkar edilməmişdir. İddiaçı diplomundakı imzalar həmin dövrdə rektor vəzifəsində olan mərhum prof. Qeybulla Qeybullayevə və Tədris şöbə müdiri mərhum dos. Cəlal Əzimova məxsusdur. Diploma vurulan möhür universitetin möhürüdür. Beləliklə, diplomun universitet tərəfindən verilməsi təsdiq olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət X1 tərəfindən 09 iyun 2023-cü il tarixli 31/328 saylı məktub ünvanlanmışdır. Azərbaycan Memarlıq və İnşaat Universiteti 31/497 saylı xx.xx.2024-cü il tarixli məktubla müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırılma zamanı universitetin məzunu olmuş İddiaçı dövlət nümunəli diplomunun verilməsi barədə əmrin iş qovluğunda olmaması və ona verilmiş diplomun DİM “Tələbə-məzun” X3 sistemində müəyyən edilmədiyi səbəbindən müraciəti təmin etmək mümkün olmamışdır. Bu imtina tam əsassızdır. İddiaçı qanuni şəkildə qeyd edilən ali təhsil müəssisənə daxil olmuş, təhsil müddətində vaxtlı-vaxtında dərslərdə iştirak etmiş, tədris planında nəzərdə tutulanları tam yerinə yetirmiş, yekun dövlət attestasiyasından müvəfəqiyyətlə keçmiş və təhsil haqqı borcu olmamışdır. Cavabdeh iddiaya yazılı münasibətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı 1990-cı ildə Azərbaycan İnşaat Mühəndislik İnstitutuna daxil olmuş və 1996-cı ildə İnstitutu bitirmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 15 05.2023-cü il tarixli 9-3/2-1012/2023 saylı məktubunda İddiaçı adına verilmiş HB seriyalı 950437 saylı diplomun “Tələbə Məzun" X3 sisteminə daxil edilmədiyi barədə məlumat daxil olmuşdur. Universitet tərəfindən xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci il tarixli 341 r saylı Əmrə əsasən Azərbaycan İnşaat Mühəndislik İnstitutunun ‘Mühəndis sistemləri və qurğuları” fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuşdur. xx.xx.1993-cü il tarixli 388 u/p saylı əmrlə Universitetin İV kursundan xaric olunmuş və xx.xx.1996-cı il tarixli 24 u/p saylı Əmrə əsasən universitetin İV kursunun qiyabi şöbəsinə bərpa olunmuşdur. Lakin, 1996-cı ildə Universiteti bitirmə əmri arxivdə aşkar edilməmişdir. Diplomdakı imzalar həmin dövrdə rektor vəzifəsində olmuş Qeybulla Qeybullayevə və tədris şöbəsinin müdiri Cəlal Əzimova məxsusdur. Diplomun üzərindəki möhür universitetin möhürüdür. İddiaçı universitetə daxil olma, xaric olma, bitirmə əmrlərinin arxivdə olması, diplomunun ona verilməsi və sairə kimi sənədlərin mövcud olmasına baxmayaraq, universitetin bitirməsi barədə əmrin surəti arxivdə aşkar edilməməsinin səbəbini izah etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1996-cı il tarixli НВ №950437 nömrəli diplomdan görünür ki, İddiaçı 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universiteti istilik qaz təchizatı və ventilyasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1996-cı il 25 iyun tarixli qərarı ilə ona inşaat mühəndisi ixtisası verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən xx.xx.1996cı il tarixli, HB seriyalı 950437 nömrəli diplom X2 Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmişdir. İşdən görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, onun xx.xx.1996-cı il tarixdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Mühəndis sistemləri və qurğuları” fakültəsinin qiyabi şöbəsində təhsilini başa vurduğunu nəzərə alaraq, onun xx.xx.1996-cı il tarixdə məzun olması və adına yeni dövlət nümunəli təhsil sənədinin verilməsi barədə əmrin verilməsi, o cümlədən həmin məlumatların Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” X3 sisteminə daxil edilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, aparılmış araşdırma zamanı universitetin məzunu olmuş İddiaçı dövlət nümunəli diplomunun verilməsi barədə əmrin iş qovluğunda olmaması və ona verilmiş diplomun DİM “Tələbə-məzun” X3 Sistemində müəyyən edilmədiyi səbəbindən müraciəti təmin etmək mümkün olmamışdır. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 7 sentyabr tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nizamnaməsinə əsasən: - Bənd 1.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universiteti (bundan sonra – Universitet) Azərbaycan Memarlıq və İnşaat Universitetinin çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. -bənd 1.2. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. -bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Universitetin vəzifələri aşağıdakılardır: 3.1.21. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Tələbə-məzun” X3 sisteminə qoşulmaq; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” X3 sistemi haqqında Əsasnaməyə əsasən: -bənd 1. Bu Əsasnamə “Tələbə-məzun” X3 sisteminin (bundan sonra – Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir. -bənd 2. Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir. -bənd 3. Sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir. - bənd 4. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin bu Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır. -bənd 5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir. -bənd 11. Məlumat bazasının informasiya təminatı Sistem administratoru, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. -bənd 15. Təhsil müəssisəsi olan istifadəçilər: 15.1. informasiyanın mühafizəsi və doğruluğunu təmin etmək üçün məsul şəxsi və məlumat axtarışını icra edən və yeni məlumatları mərkəzi serverə daxil edən operatoru (operatorları) təyin edir; 15.2. mərkəzi serverə tələbələri və magistrantları haqqında aşağıdakı məlumatları daxil edir: 15.2.1. soyad, ad və ata adında ola biləcək dəyişikliklər; 15.2.2. akademik müvəffəqiyyət haqqında məlumat; 15.2.3. ixtisas dəyişmələri; 15.2.4. təhsildə fasilələr; 15.2.5. tələbələr sırasından xaric edilmələr; 15.2.6. bərpalar; 15.2.7. təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar; 15.2.8. bir təhsil müəssisəsindən digərinə köçürmələr, o cümlədən təhsil müəssisəsinə xarici ölkədən köçürülmüş tələbələr haqqında məlumatlar; 15.2.9. təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilər haqqında məlumatlar; 15.2.10. diplom əmrləri və diplom haqqında məlumatlar. -bənd 16. Məsul şəxs Sistem administratoru ilə birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin edir və məlumatların yenilənməsinə, düzgünlüyünə, tamlığına və mühafizəsinə görə cavabdehlik daşıyır. Məsul şəxs təhsil müəssisəsindəki yeni məlumatların tam və vaxtında (10 gün ərzində) məlumat bazasına daxil edilməsini təmin etməlidir.

17. Təhsil müəssisəsi olan istifadəçilər mərkəzi serverdən onlara verilmiş məlumata çıxış statusuna uyğun olaraq öz işçi stansiyasında çalışan operator vasitəsilə yalnız özlərinin tələbələri, magistrantları və məzunları barədə məlumatlara baxa və orada bu Əsasnamənin 15.2-ci bəndinə əsasən müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. İstinad olunan normalardan görünür ki, təhsil müəssisəsi tələbələr barədə bütün məlumatları, o cümlədən diplom əmrləri və diplom haqqında məlumatları “Tələbə-məzun” X3 sisteminə daxil edir. İddiaçının 1990-1996-cı il tarixlərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alması, ona xx.xx.1996-cı il tarixli HB seriyalı 950437 nömrəli diplom verilməsi işin mübahisəsiz halını təşkil edir. İddiaçıya HB seriyalı 950437 nömrəli diplomun verilməsi barədə əmrin iş qovluğunda olmaması isə iddiaçının məsuliyyətində olan hal deyil və bu hal iddiaçının hüquqlarının pozulması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin edilsin. İddiaçı Dövlət imtahan komissiyasının 1996-cı il 25 iyun tarixli qərarı ilə verilmiş xx.xx.1996-cı il tarixli HB seriyalı 950437 nömrəli diplom haqqında məlumatların “Tələbəməzun” X3 sisteminə daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar