Məhkəmə qərarları › İş №2-1(112)-12034/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12034/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12034/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2004-cü ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə üçüncü dərəcə ilkin əlillik təyin edilmişdir. Əlilliyin diaqnozu – “döş qəfəsəsinin sol tərəfinin və sol bazu oynağı nahiyyəsinin yanıqdan sonra geniş həcmli kobud dartıcı çapıqları, sol bazu oynağının kontrakturası” qeyd edilmişdir. xx.xx.2014-cü ildə iddiaçıya eyni diqanozla ümumi xəstəlik səbəbindən 1 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci ildə iddiaçıya eyni diqanozla ümumi xəstəlik səbəbindən 1 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı ildə iddiaçıya eyni diqanozla ümumi xəstəlik səbəbindən 5 il müddətinə təkrar üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə iddiaçıya göndərişin natamam doldurulması əsası ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və iddiaçıya əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli, X00020482ZYY nömrəli göndəriş əsasında ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, aldığı ağır bədən xəsarətləri ilə əlaqədar, Bakı şəhəri, Nizami rayonu 2 saylı TSE-nin xx.xx.2003-cü il tarixli rəyinə əsasən 3-cü qrup əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən etibarən əlillik pensiyasi verilmişdir. Hər il 26 saylı Bakı şəhər Poliklinikasında tibbi müayinədən keçmiş və həmin Poliklinikanın təqdim etdiyi tibbi sənədlər üzrə TSEK-dən tibbi ekspertizadan keçmişdir. Növbəti 2021-ci ildə tibbi ekspert rəyin verilməsi üçün 26 nömrəli Bakı şəhər Poliklinikasında müayinə olunmuş və müayinədən keçdikdən sonra Poliklinika tərəfindən “yanğın xəstəliyi: sol bazu, döş, qarın, kürək, belin İİİ dərəcəli termik yanığı, gövdənin sol yarısını, sol bazunun qoltuqaltı nahiyəsinin yanğından sonrakı dartıcı atrofik-hipertrofik qapaqları, çapıq nahiyyəsində trofika və hissiyyətin pozulması, əzələ atrofiyası, sol yuxarı ətraf çiyinin qurşağı əzələlərinin hipotrofiyası, əmək funksiyasının itirilməsi ilə fəaliyyətin məhdudlaşması, özünə xidməti zamanı köməyə ehtiyacı, sol bazu oynağında daimi ağrılar, gövdənin sol yarısı, sol yuxarı ətraf dərinin kobud çapıqları və fibrozu, ətrafın funksiyalarının pozulması, sol bazu oynağının yaxınlaşdırıcı kəskin kontrakturası, hərəkət məhdudluğu açma, bükmə, uzaqlaşdırma 10 dərəcə tibbi diaqnozu ilə tibbi sənədlər xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində əliliyin təkrar verilməsi üçün TSEK-ə göndərmişdir. Lakin TSEK əlillik dərəcəsini təsdiq etməkdən imtina etmişdir. Göstərilən müddətdə onun sağlam olmağı istisna olunur, sadəcə olaraq həmin müddət üçün cavabdeh bəhanələr gətirməklə bilə-bilə qəsdən pensiya hüququnu pozmaqda davam edir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, müddəti ötürərək məhkəməyə vaxtında şikayət etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə iddiaçının iddia müddətini ötürməsi barədə cavabdehin vəsatətini əsassız hedab edir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli göndəriş əsasında iddiaçıya əlavə müalicəyə ehtiyacının olması səbəbindən imtina edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə əlillik təyinatının aparılması barədə müraciətlər etmişdir. İddiaçının sonuncu müraciəti cavabdehə xx.xx.2023-cü il tarixli məktubla olmuşdur. Həmin məktubun xx.xx.2023-cü il tarixdə cavabdeh quruma çatıdırılması barədə poçt göndərişlərindən elektron çıxarış iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddiaçının həmin müraciətinə cavab verməmiş və iddiaçı xx.xx.2023cü il tarixdə məhkəmədə iddia qaldıraraq iddia müddətinə əməl etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin narazılığı, iddiaçıya xx.xx.2022-ci il tarixli göndəriş əsasında əlillik təyinatının aparılmasından imtina ilə bağlıdır. Cavabdeh bu imtina ilə razılaşmamış və iş materiallarında olan məktublardan görünür ki, bir neçə dəfə məktubla cavabdehə müraciət etmişdir. Cavabdeh isə, iddiaçının əyani müayinəyə cəlb etmədən, onun əlavə müalicəyə ehtiyacının olub-olmamasını sonrakı müraciətlərində araşdırmadan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Ona görə də, iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkünsüz hesab edilməsi barədə cavabdehin vəsatəti əsassızdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2004-cü il tarixdə əlillik təyinatı aparılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçıda həmin xəstəliyin yaranma tarixi xx.xx.1995-ci il tarixdir. İddiaçıya 2021-ci il tarixədək eyni diaqnozla İİİ dərəcə əlillik təyinatı aparılmışdır. Lakin sonuncu göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi iddiaçının əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İddiaçı hazırda cavabdehin həmin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2022ci il tarixli göndəriş əsasında baxılmış və yuxarı ətrafın donmasının, termiki və kimyəvi yanığının nəticələri, Gövdənin ön və sol yan səthinin, sol çiyin qurşağının,sol qoltuqaltının.sol bazunun çoxsaylı yanıqdan sonrakı dartıcı hipertrofik çapıqları. diaqnozu qoyulmuşdur. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı göstərilən xəstəliklərdən 1995ci ildən əziyyət çəkir, həmin tarixdən də tibb müəssisəsində qeydiyyatda olmaqla mütəmadi olaraq ambulator müayinələrdə olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı ona qeyd edilənlərə əsasən “gövdənin sol yarısının, sol bazunun, sol qoltuqaltı nahiyənin yanıqdan sonrakı kobud dartıcı atrofik-hipertrofik çapıqları. Çapıq nahiyəsində trofikanın, hissiyatın pozulması, sol döş əzələsinin sol çiyin qurşağı əzələlərinin hipotrofıyası, sol bazunun dartıcı yaxınlaşdırıcı (uzaqlaşma defisiti) kontrakturası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması. XBT 10 kodu ilə- (T21.3, T22.3, L90.5, L90.1, M24.5, M62.5, R52.2, T95.1, T95.2, Z73.6, Z74.1)” diaqnozu müəyyən edilmişdir. İddiaçı 2014, 2015 və 2016-cı illərdə əlillik təyin olunarkən onun əlillik dərəcəsinin təyini zamanı qoyulan diaqnoz ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsinin qiymətləndirilməsi üçün təqdim edilmiş tibbi sənədlərdə qeyd olunan xəstəlik diaqnozu arasında heç bir fərq yoxdur. Belə ki, ona qoyulmuş diaqnozlarla əlaqədar əlilliyin təyini aldığı yanıq travmasından sonra olmuşdur. Əsas dəyişikliklər və ağırlaşmalar isə travmadan müəyyən müddət keçdikdən sonra baş verir. İddiaçı xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda müayinəsi zamanı müəyyən edilmiş “Gövdənin sol yarısının, sol bazunun, sol qoltuqaltı nahiyənin yanıqdan sonrakı kobud dartıcı atrofik-hipertrofik çapıqları. Çapıq nahiyəsində trofikanın, hissiyatın pozulması, sol döş əzələsinin sol çiyin qurşağı əzələlərinin hipotrofiyası, sol bazunun dartıcı yaxınlaşdırıcı (uzaqlaşma defisiti) kontrakturası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması” aparılan müalicə ilə tam reabilitasiya olunmurlar. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2003-cü il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçının xəstəliklərin tam müalicəsinin olmaması göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinasının və etirazının əsası kimi istinad edilən hal, yəni iddiaçının əlavə müalicəyə ehtiyacının olması halı təqdim olunmuş sübutlara əsasən öz təsdini tapmır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Emin İntiqam oğluna əlillik təyin edilməsindən imtinası qanunsuz hesab edilsin. xx.xx.2022-ci il tarixli, X00020482ZYY nömrəli göndəriş əsasında İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar