Məhkəmə qərarları › İş №2-1(112)-1204/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1204/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1204/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi ” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ə.Hümmətovdan miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatından imtina əsassız olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq hüquqmüəyyənedici sənəd mövcuddur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, texniki pasportda payçı kimi digər fiziki şəxsin adı qeyd edilmişdir. Lakin həmin payçıya dair hər hansı sənəd mövcud deyildir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının X1 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İmtina əsası ilə bağlı məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ”nın1.11-ci bəndinə görə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçının mərhum atasının adına da məhz həmin sənəd, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olmuşdur. İmtinanın dəlili kimi həmin pasportda digər payçının adının olması, lakin hər hansı əlaqəli sənədin təqdim edilməməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı atasına məxsus hissəyə münasibətdə məxsus olma barədə arayışın verilməsini tələb edir. Belə ki, əmlakda iki payçının, yəni iddiaçının mərhum atası X2 və digər şəxsin olması iş materialları ilə müəyyən edilir. Əksi sübuta yetirilmədiyindən məhkəmə müəyyən edir ki, həmin əmlak ½ hissə olmaqla hər iki payçı arasında bölünmüşdür ki, iddiaçı da məhz atasına məxsus olan hissəyə məxsus olması haqqında arayışın verilməsini tələb edir. Bu səbəbdən də hazırkı halda cavabdehin imtinasının əsassızlığı öz təsdiqini tapmaqdadır. Nəzərə alınmalıdır ki, digər payçı ilə bağlı hər hansı əlaqəli sənədin olub-olmaması o halda əhəmiyyət daşıyar ki, iddiaçı həmin əmlaka münasibətdə də mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müraciət etmiş olsun. Digər iddiaçının adı mövcud olsa da, ata adı və soyadının olmaması barədə də məhkəmə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin şəxs iddiaçının əmisi, yəni mərhum Ə.Hümmətovun qardaşı Arif Hümbətov olmuşdur. Hazırkı halda həmin şəxsə məxsus hissə mübahisə predmeti təşkil etmədiyindən həmin şəxsin vərəsələrinin müəyyən edilməsi və məhkəmə icraatına cəlb edilməsi zərurəti mövcud olmadığından, tələb yalnız ½ hissə ilə bağlı olduğundan məhkəmə hazırkı araşdırma materiallarının tətqiqini kifayət hesab edərək qeyd edir ki, iddianın təminini istisna edən hal mövcud olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatından imtinanın halları konkretdir və hazırkı iş üzrə həmin imtina əsası mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüquqlarının X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar