Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12042/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakibaştikinti İdarəsinin 304 nömrəli Tikinti idarəsində işlədiyi dövrün onun ümumi stajına daxil edilməsi və xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.1975-xx.xx.1977-ci illərdə sovet ordusunda hərbi xidmət etmiş, xx.xx.1974xx.xx.1975, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1980 və xx.xx.1980-xx.xx.2003-cü illərdə müxtəlf müəssisələrdə isehsalatda işləmişdir. Onun 26 il 11 ay, 22 gün əmək stajı vardır. xx.xx.2022-ci il tarixdə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edərək yaşa görə sosial müavinət təyin etmişdir. İmtina aşağıdakı qaydada əsaslandırılmışdır: “Təqdim edilmiş əmək kitabçası və hərbi biletə əsasən sığorta stajı 24 il, 6 ay və 6 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Dövlət Arxivinin Bakı filalının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixi nədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. 304 saylı Tikinti idarəsində əmək fəaliyyəti dövrünün doldurma qaydası pozulmuşdur. Göstərilən səbəbdən xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiya hüquqlarının m nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası. Göründüyü kimi hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək BBT-nin 304 nömrəli Tikinti İdarəsində olan iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də onun həmin dövrdə işlədiyi barədə əmək ktibaçasında müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən sözügedən dövr əmək pensiyası hüququ verən ümumi iş stajına daxil edilməlidir. Cavabdeh tərəfindən imtinada göstərilən hallar onun təqsirilə bağlı deyildir və müvafiq olaraq iddiaçının pensiya hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdehin bu dəlilləri ilə bağlı iddiaçı qeyd edir ki, cavabdeh qeyd etdiyi qarşılıqlı yoxlamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci yarımbəndinə əsasən həyata keçirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmiş, həmçinin yeni Qaydaların təsdiq ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə 17 nömrəli qərarın 1-ci və 2-ci hissələri ləğv edilmişdir. Başqa sözlə cavabdehin istinad etdiyi Qaydalar hazırda qüvvədən düşmüş, yeni Qaydalarda isə cavabdehə belə səlahiyyət verilməmişdir. Eyni zamanda iddiaçı bildirir kki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə üyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hıququnun nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Göründüyü kimi mövcud Qaydalar “Əmək pensiyları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüququnun nəzərə alınması üçün sosial sığorta stajının əmək ktabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı yasa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Qeyd edilir ki, iddiaçının sosial sığorta stajı 24 il 6 ay 6 gün olduğundan qanunvericiliklə müəyyən edilmiş pensiya təminatına imkan vermir. İddiaçının mübahisələndirilən sığorta stajını, 3 il 8 ay 17 gün, yəni xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr təşkil edir. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə iddiaçının yaşa görə pensiyaya hüququ xx.xx.2022-ci il tarixdən yaranacaqdır. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1980-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin Bakı filialının arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri Filiala təhvil verilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasında qeyd edilmiş BBTİ 304 saylı Tikinti İdarəsində əmək fəaliyyəti dövrünün doldurulma qaydası pozulmuşdur (işdən çıxmaya dair qeydlər rus dilində yazılmışdır). Qeyd olunanlara əsasəm bildirilmişdir ki, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, 01.01,2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 28 aprel 2022-ci tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -ASAN 2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ********№li şə şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -H3 №3226547 hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -xx.xx.1977-ci il tarixdən doldurulmağa başlamış iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək M.Vəliyev adına sovxozun 1 №li təsərrüfat briqadasında fəhlə işləmişdir. xx.xx.1975-ci tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Qusar rayonunun M.Vəliyev adına sovxozun 1 №li təsərrüfat briqadasında fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək 3 saylı sexdə 3-cü dərəcəli operator, xx.xx.1980-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Bakıbaştikinti İdarəsinin Vısotjilstroy təşkilatının SU-304-ün 3-cü və 4-cü bölmələrində suvaqçı, inşaatçı-mühəndis, mühasib işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubunda Bakı Şəhər İcra Hakimiyyətinin “Bakıbaştikinti” İdarəsinin “Tamamlamatikinti” trestinin 304 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsinin keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edildiyi, həmin Nazirliyin digər 30 aprel 2001-ci il tarixli, 92 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılmasının məqsədəuyğun hesab edildiyi bildirilmişdir. Məktubda eyni zamanda 304 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Tikinti və Şəhərin İnkişafı Departamentinin “Tamamlamatikinti” trestinin tabeliyində olan müəssisə kimi dövlət əmlakının Registrində qeydiyyata alındığı qeyd olunmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 304 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1957-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1980-cı il tarixli, 204/k saylı əmrlə xx.xx.1980-cı il tarixdən 1-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunması, xx.xx.2003-cü il tarixli, 03/1-c saylı əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad olunması və 1993, 1994, 1997, 1998, 1999-cu illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatların mövcud olduğu, həmin idarənin 1995-1996, 2000-2003-cü illərə dair arxiv sənədlərinin əmək haqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Məktubda mövcud illər üçün tərtib olunmuş əmək haqqı cədvəli təqdim edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır. Cavabdeh iddiaçının 24 il, 6 ay, 6 gün stajının olması qənaətindədir və iddiaçının işlədiyi BBTİ 304 saylı Tikinti İdarəsinin xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrü sığorta stajına daxil etməmiş, bunu müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və eyni zamanda iddiaçının əmək kitabçasının doldurulma qaydasının pozulması ilə əsaslandırmışdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2021 - 30 iyun 2022-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina əsaslarına münasibətdə bildirir ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək BBTİ-nin 304 nömrəli Tikinti İdarəsindəki əmək fəaliyyəti dövrü ilə bağlı onun əmək kitabçasında müvafiq qeydiyyat aparıldığından, habelə aparılan araşdırma ilə müəssisənin mövcudluğu təsdiqləndiyindən həmin dövr iddiaçının əmək pensiyası hüququ verən ümumi iş stajına daxil edilməlidir. Belə ki, müəssisənin mübahisəli dövrə aid əməkhaqqı cədvəllərinin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə isə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Vurğulanmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək BBTİ-nin 304 nömrəli Tikinti İdarəsində işlədiyi dövrdə əməkhaqqı ödənilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan da, müəssisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Belə ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının doldurulması işəgötürənin vəzifəsi olduğundan iddiaçı üçün hər hansı neqativ nəticələr yaratmamalıdır. Digər tərəfdən, iş materiallarında olan dövlət arxivinin arayışından göründüyü kimi, BBTİ-nin 304 nömrəli Tikinti İdarəsinin əmr kitablarında iddiaçının xx.xx.2003-cü il tarixli, 03/1-c saylı əmrlə öz xahişi ilə işdən azad edilməsi barədə məlumatlar mövcuddur. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (24 il 06 ay, 06 gün) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, iddiaçının 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.2000-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi müddət ümumi iş stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakibaştikinti İdarəsinin 304 nömrəli Tikinti idarəsində işlədiyi dövr onun ümumi stajına daxil edilməklə, xx.xx.2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-12042/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12042/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver