Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12045/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “travma haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “travma haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: SX № ******* №-li hərbi biletə əsasən İddiaçı xx.xx.2020-ci ildə N saylı hərbi hissədə Füzuli, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya müharibə iştirakçısı olmasını təsdiq edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 10 yanvar 2024-cü il tarixdə verilmiş M/V 139123 №-li vəsiqə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888 №-li Hərbi Hissəyə (bundan sonra – cavabdeh) müraciət edərək travma haqqında arayış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və 5.09.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “...müraciətinizə baxılmış və 44 günlük Vətən Müharibəsi zamanı yaralanmanız ilə bağlı 2020-ci ilin tibb məntəqəsinin qeydiyyatı kitablarında heç bir qeydiyyatınız olmadığı üçün sizin barənizdə “Travma haqqında arayışı (Qoşma-11)” tərtib edilməsi mümkün olmamışdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirlyinin N saylı Hərbi Hissəsinin üzərinə 2020-ci il oktyabr ayının 14-də Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğası nəticəsində yaralanmağı barədə travma arayışının verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cavabdeh hərbi hissənin hərbi qulluqçusu kimi döyüşərək iştirak etmişdir. 2020-ci il oktyabr ayının 14-də Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğası nəticəsində yaralanmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddianın mümkünsüz sayılmasını xahiş edilmişdir. Etirazın onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli, 282 nömrəli əmrindən çıxarışdan görünür ki, X6, xx.xx.2020-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 14 nömrəli əmrindən çıxarışdan görünür ki, X6, xx.xx.2021-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissənin təqdim etdiyi arayışdan görünür ki, iddiaçı X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissənin təqdim etdiyi arayışdan görünür ki, iddiaçı X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gedən döyüş əməliyyatları zamanı yaralanması (zədələnməsi) ilə bağlı 2020-ci ilin N nömrəli hərbi hissənin tibb məntəqəsinin “zədələnmələrin (yaralanmaların) qeydiyyatı” kitablarında heç bir məlumat və qeydiyyat olmadığı üçün onun barəsində “Travma haqqında arayış (Qoşma-11)” tərtib edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış və bütün növ təminatlara daxil edilmiş, 01.2021-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və ona cavabdeh tərəfindən müharibə veteranı statusu verilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona döyüşlərdə iştirakı zamanı yaralanması barədə travma haqqında arayışın verilməsinə yönəlmişdir. İddiaçı bildirir ki, 2020-ci ilin oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğası nəticəsində yaralanmış, lakin tibb müəssisəsinə müraciət etməmiş əsgər yoldaşlarının köməyin ilə döyüşə davam etmişdir. Cavabdeh isə iddiaçıya qeyd edilən arayışın verilməsindən imtina edərkən bildirir ki, iddiaçının yaralanması ilə bağlı 2020-ci ilin tibb məntəqəsinin qeydiyyatı kitablarında heç bir qeydiyyatı olmadığı üçün iddiaçıya “Travma haqqında arayışı (Qoşma-11)” tərtib edilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq yenidən inzibati icraatın aparılması cavabdehə həvalə edilməlidir. Belə ki, işdən göründüyü kimi, cavabdeh iddiaçının müraciətini təmin etməkən imtina edərkən onun tibb müəssisəsinin qeydiyyatı kitabında yaralanması barədə qeydlərin olmamasına istinad edir. Lakin cavabdeh nəzərə almır ki, iddiaçı özü ərizəsində tibb müəssisəsinə getmədiyini bildirmişdir. İddiaçının tibbi müəssisəsinə müraciət etməməsi, onun döyüşlər zamanı yaralanamasına qənaətinə gəlmək üçün əsas təşkil etmir. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X8 Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə F 07.0. X1, əsgər X11, əsgər X4, əsgər X7 və əsgər X15 tərəfindən imzalanmış xx.xx.2024cü il tarixli akta əsasən 44 günlük X5 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğası nəticəsində N saylı hərbi hissənin 1-ci tabor 1-ci bölüyün pulemyotçusu əsgər İddiaçı yaralanmışdır. İlk tibbi yardımı döyüş meydadında manqa komandiri X18 tərəfindən göstərilmiş və döyüşü davam etdirmişdir. İddiaçı tibb müəssisəsinə getməkdən imtina etdi. Buna baxmayaraq səhhətində ağrılar davam edirdi. Belə ki, döyüş bitənə qədər ayağın qıc olması, təzyiqin düşməsi, ürək bulanmaları, mütəmadi baş ağrıları, yuxusuzluq, psixoloji halların sağ çiynində və belində ağrıların tez-tez baş verməsinə şahid olmuşlar. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan şəxsin travma alması barədə məlumatlar onun tabeliyində olduğu hərbi hissə tərəfindən verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı X2 və Respublikası Psixitariya Xəstəxanası tərəfindən verilmiş Ambulayor Kitbçadan çıxarışlardan görünür ki, iddiaçı üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu ilə ambulator müayinələrdə olmuşdur. İş materiallarında göründüyü kimi, iddiaçının döyüş zamanı travma almasına (yaralnmasına dair) sübutlar mövcud olduğu halda, cavabdeh heç bir icraat aparmadan, qeyd edilən sübutlara qiymət vermədən, sadəcə iddiaçının tibb məntəqəsinin qeydiyat kitabında adının olmamasına istinadla kifayətlənərək iddiaçıya travma haqqında arayışın verilməsindən imtina etmişdir. Odur ki, qeyd eilən sübutlar və məhkəmənin mövqyeyi nəzərə alınaraq cavabdeh orqan yenidən inzibati icraat apararaq iddiaçının müraciətinə yenidən baxmalıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə inzibati orqanı əvəz edərək onun yerinə inzibati icraat aparmalı deyil. Məhkəmə inzibati orqan tərəfindən aparılmış inzibati icraatı tamamlaya və təzələyə bilər. İPM-in: 33.3-cü maddəsinə əsasən, inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir; 33.4-cü maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır; 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə qeyd edir ki, hazırkı halda İPM-in 73.3.1-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddiaçının tələbinə uyğun məcburetmə haqqında qərar qəbul edilməsi mümkünsüzdür. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edilməli olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Cavabdeh inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, inzibati icraatın bərabərlik və etimad prinsiplərini nəzərə alaraq müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı yaralanması barədə travma arayışının verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Cavabdeh orqan iddiaçının müraciətinə baxarkən iş materiallarında olan sadalanan sübutlara qiymət verməli, iddiaçının iştirakını təmin etməklə inzibati icraat aparmalı, zərurət yaranarsa iddiaçı ilə birgə xidmət etmiş və hazırda xidmətini davam etdirən hərbi qulluqçuları icraata cəlb edərək izahatını almalı, iddiaçının döyüş əməliyyatları zamanı yaralanıb-yaralanmasını müəyyən etməli, bunun üçün zərurət yaranarsa həmçinin iddiaçının tibbi müayinəsini aparmaqla onun müraciətinə yenidən baxmalıdır. Məhkəmə qərarından şikayət verilməsi hüquqi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı qərar, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqanın üzərinə yenidən inzibati icraatın aparılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyinin qoyulması barədədir və tərəflər iddia tələbinin mahiyyəti təmin edilməsi və ya rədd edilməsi barədə yekun hüquqi nəticə yaratmır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan narazı qaldığı təqdirdə iddiaçının həmin qərarı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmənin hazırkı qərarından şikayət verilə bilməməsi barədə oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1108/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında (üç ulduzla işarəlnəmiş) da ifadə edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hazırki qərarındakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin üzərinə İddiaçı 2020-ci il oktyabr ayının 14-də Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralanması barədə travma haqqında arayışın verilməsinə dair müvafiq qərar verilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-12045/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12045/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver