Məhkəmə qərarları › İş №2-1(112)-1205/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1205/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1205/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, üçüncü şəxs Cavabdeh2 BOKT açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Cavabdeh2 BOKT açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Cavabdeh2 BOKT açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “kompensassiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh2Bank" ASC (indiki “Cavabdeh2" BOKT ASC) ilə onun arasında xx xxxxxx 2014-cü il tarixli, 485/14/PBQ saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 23 faizlə, 36 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində çətinliklər olmuş və o, uzun müddət kredit borcunu ödəyə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı verildikdən sonra o, həmin Fərmana uyğun olaraq ona kompensasiya verilməklə qalıq məbləğ restrukturizasiya edilməsini gözləyirdir. Lakin bir müddət sonra məlum oldu ki, o, həmin Fərmanın təsiri dairəsinə düşməmişdir. Bank tərəfindən ona əvvəlcə Fərmanın təsirinə düşməyi bildirilsə də, sonradan X5 Palatası tərəfindən verilən siyahıda adı çıxmamışdır. Bundan sonra iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz hesablanmış faiz və dəbbə pulunun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilən Məhkəmə Mühasibatlıq Ekspertizasının 11703 saylı rəyi ilə tanış olduqdan sonra onun Banka kredit müqaviləsi üzrə əsas borca görə 9.219.8 ABŞ dolları borcu olduğu müəyyən edildi. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən qalıq borcu 10000 ABŞ dollarına qədər olan və gecikmə günlərinin sayı 360 gündən çox olan borcalanlara kompensasiya verilməklə qalıq məbləğləri restrukturizasiya edilməlidir. Bununla bağlı olaraq xx.xx.2020-ci il tarixində Mərkəzi Banka müraciət edərək kredit müqaviləsi üzrə kompensasiya hesablanması və qalıq əsas borcunun restrukturizasiya edilməsinə köməklik edilməsini xahiş etmişdir. X9 tərəfindən onun bu müraciətinə heç bir cavab verilməmişdir. Bank tərəfindən borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edilsə də digər məhkəmə prosesinə görə Xaçmaz Rayon Məhkəməsində başlanan mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 1 və 5.1-ci bəndlərinə əsaəsn iddiaçıya da xx xxxxxx 2014-cü il tarixli, 485/14/PBQ saylı kredit müqaviləsi üzrə kompensasiya verilməklə qalıq məbləğin restrukturizasiyası şamil edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı adı Fərman çərçivəsində kompensasiya alacaq və kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına daxil edilməmişdir. Belə ki, qeyd edilən məlumat bazalarına daxil edilmiş qeydlərə əsasən “Cavabdeh2Bank” ASC (indiki Cavabdeh2 BOKT ASC) ilə İddiaçı (FİN: xxxxxxx) arasında xx.xx.2014-cü il tarixində 19.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə borclunun xx.xx.2015-ci il tarixində devalvasiyanın baş verdiyi günə qədər 19.000,00 ABŞ dolları məbləğində əsas kredit borcu, xx.xx.2015-ci il tarixində isə 14.756,61 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən fiziki şəxslərə müvafiq kompensasiyaların verilməsi devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklarda 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə onlara şamil edilir. İddia tələbinin “kredit borcunun restrukturizasiya edilməsi” hissəsinə gəlincə isə qeyd olunmalıdır ki, Fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə İddiaçı “Cavabdeh2Bank” ASC ilə xx.xx.2014-cü il tarixində bağladığı kredit müqaviləsi üzrə 9.075,97 ABŞ dolları (15.429,14 manat ekvivalentində) məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin “xxxx” ASC ilə bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.995,11 manat əsas kredit borcu ödənilməmiş qalmışdır. Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. İddiaçı məlum devalvasiyaların baş verdiyi günlərə əsas kredit borcunun ümumu qalıq məbləği 10.000 ABŞ dollarından artıq olduğu üçün kompensasiya hissəsində, Fərmanın qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixində bütün kredit təşkilatlarında (Cavabdeh2 BOKT ASC və “xxxx” ASC-də) əsas kredit borclarının cəmi 17.000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində düzgün olaraq müvafiq siyahıya daxil edilməmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X7 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, “Cavabdeh2Bank” ASC ilə (indiki Cavabdeh2 BOKT ASC) İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üzrə borclu tərəfindən gecikmələr olmuşdur. “Cavabdeh2Bank” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Bankın bir sıra filialları bağlandığı üçün həmin filialın müştəriləri başqa filiala köçürülmüşdür. Bu səbəbdən Mərkəzi Kredit Reyestrində müştərinin gecikmə günlərinin sayı az görünür. İddiaçı xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı ümumilikdə 1005 gün təşkil edir. Məhkəmə işin materiallarını araşdıraraq, üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1974-cü ildə Xaçmaz şəhərində doğulmuş İddiaçı Xaçmaz şəhəri C.Əzizov küç., ev 4 ünvanda qeydiyyatdadır. 485/14/PBQ nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə müəyyən olunur ki, “Cavabdeh2bank” ASC ilə İddiaçı (“Borcalan”) arasında xx.xx.2014-ci il tarixdə bağlanmış 485/14/PBQ saylı kredit müqaviləsinə əsasən bank tərəfindən “Borcalan”a illik 23 faiz olmaqla, 36 ay müddətinə 19.000 (on doqquz min) ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11703 nömrəli xx.xx.2018-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları xx xxxxxx 2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə İddiaçı “Cavabdeh2Bank” ASC-yə olan borcu 9.938,92 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 9.219,8 ABŞ dolları, faiz borcu 719,12 ABŞ dolları. “Cavabdeh2 BOKT” ASC tərəfindən verilmiş xx xxxxxx 2019-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, “Cavabdeh2 BOKT” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsinə əsasən arayışın verildiyi tarixə borc qalıqları aşağıdakı kimi olmuşdur: 9.075,97 ABŞ dolları əsas borcu; 1.415,11 ABŞ dolları faiz borcu; 7.314,45 ABŞ dolları dəbbə, cəmi borc 17.805,53 ABŞ dolları. “Cavabdeh2 BOKT” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxx 2019-ci il tarixli 1055/PB №li məktubda göstərilmişdir ki, “Cavabdeh2Bank” ASC ilə (indiki Cavabdeh2 BOKT ASC) İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə öhdəliyin icrası üzrə borclu tərəfindən gecikmələr olmuşdur. “Cavabdeh2Bank” ASC-nin lisenziyasının ləğv edilməsindən sonra Bankın bir sıra filialları bağlandığı üçün həmin filialın müştəriləri başqa filiala köçürülmüşdür. Bu səbəbdən Mərkəzi Kredit Reyestrində müştərinin gecikmə günlərinin sayı az görünür. İddiaçı xx.xx.2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı ümumilikdə 1005 gün təşkil edir. Məhkəmənin müvafiq sorğusuna əsasən “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə sorğu edilən tarixlərə (xx.xx.2015, xx.xx.2015 və xx.xx.2019) İddiaçı heç bir borcu yoxdur. Sözügedən kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2014-cü il tarixdə icra edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh tərəfindən cavab verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X3 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X3 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qanunla (“İnzibati İcraat haqqında”) müəyyən edilmiş səlahiyyətlərindən istifadə olunmaqla kifayət qədər araşdırma aparılmamış və nəticədə Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəaları onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “Cavabdeh2Bank" (hazırda Cavabdeh2 BOKT) açıq səhmdar cəmiyyəti ilə bağladığı xx xxxxxx 2014-ci il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “Cavabdeh2Bank" (hazırda Cavabdeh2 BOKT) açıq səhmdar cəmiyyəti ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 485/14/PBQ saylı kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar