Məhkəmə qərarları › İş №2-1(112)-12051/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12051/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12051/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “sərəncamın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı (üçüncü şəxs X3 göstərilməklə) “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 01 may 2025-ci il tarixdə ünvanlamış müraciətin (şikayətin) cavablandırılmamasının (hərəkətsizliyinin) əsassız (qanunsuz) hesab olunması və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli binanın zirzəmisində yerləşən, rnülkiyət hüququ ilə iddiaçıya məxsus olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metrdən ibarət olan hissəsi barədə qəbul etdiyi, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli beş mərtəbəli binanın zirzəmisində yerləşən 32.8 kv.metr qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu hüququ keçmiş AR İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş, 10 iyun 2003-cü ıi tarixli, 000669 nömrəli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış sahəsi bu günə qədər mülkiyyətində olmaqla, eləcə də qanuni sahiblik və istifadəsindədir. Həmçinin, xx.xx.2025-ci il tarixli çıxarışla, eləcə də xx.xx.2025ci il tarixli texniki pasportla hüquqları tam olaraq müəyyənləşmişdir. Bununla belə, qeyd edilən qeyri-yaşayış sahəsi ümumilikdə 78 kv.metrdir və mülkiyyətinə daxil olan hissədən əlavə olaraq, 45 kv.metr hissəsi mülkiyyətində olmasa da, ona məxsus olan sahə ilə birlikdə uzun illərdir ki, qanuni sahiblik və istifadəsindədir. Çünki qeyd edilən qeyri-yaşayış sahəsinə hələ mülkiyyət hüquqlarının yaranmasından qabaq, icarəyə götürən kimi qanuni sahiblik və istifadə etməklə, hal-hazırda bu hərəkətlər davam edir. Bundan başqa, mülkiyyətində olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinə daxil olmaq, ondan istifadə etmək və digər hüquqlarını həyata keçirmək üçün vahid, yəni bir giriş qapısı vardır ki, yalnız həmin qapıdan içəri daxil olmaqla bu mümkündür. Lakin Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Suraxanı rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e- 16(010)-283/2024 nömrəli qəradadını əsas gətirməklə, haqqında danışılan sahədən (mülkiyyətim də daxil olmaqla), ümumilikdə 78 kv.metr olan hissədən istifadə olunması və digər qadağaların tətbiqi barədə rəsmi məlumat verilməklə qeyri-yaşayış sahəsinə girişi qadağa etmişdir. Düzdür, sonradan həmin qərardad verilmiş şikayət üzrə aradan qaldırılmış olsa da, lakin işlə tanış olarkən məlum olmuşdur ki, qərardadın qəbul edilməsini istəyən, hal-hazırda bu iş üzrə üçüncü şəxs olan X3 olmuş və onun tərəfindən də məhkəməyə 30 avqust 2024-cü il tarixli, 5112 nömrəli "Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında Müqavilə" təqdim etmişdir. Müqaviləni əldə etdikdən sonra, bəlli olmuşdur ki, bu müqavilənin bağlanmasının hüquqi əsası kimi, Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamı çıxış etmişdir (bu barədə müqavilənin 1.1-ci maddəsində göstərilir). Ancaq həmin Sərəncamın verilməsi (qəbul edilməsi, çıxarılması və s.) zamanı Xidmətin əməkdaşları yerdə baxış keçirməmişlər, icarəyə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin uzun illərdir sahiblik və istifadəsində olmaqla yanaşı, mülkiyyətində olan sahə ilə vahidlik, yəni tamlıq təşkil etdiyini də nəzərə almamışlar. Məhz bundan istifadə edən Mirhaşım Yusifov da qəsdən həmin sahəni onunla icarə müqaviləsinin bağlanmasına nail olaraq, dolayı yolla mülkiyyətində olan sahənin istifadəsinə, sahibliyinə və eləcə də sərəncam hüquqlarının həyata kerçirilməsinə əsassız və qanunsuz müdaxilələr etməyə nail olmuşdur. Belə ki, halhazırda Suraxanı rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-16(010)-318/2024 nömrəli qərardadı ilə üçüncü şəxsə icarəyə verilmiş sahədən istifadə edilməsinin və digər qadağaların tətbiqi nəticəsində, ona məxsus olan və bu qəradadın təsiri altına düşməyən mülkiyyətinə daxil ola bilmir. Bunun da səbəbi, gərək üçüncü şəxsə icarəyə verilmiş sahə vasitəsi ilə öz mülkiyyətinə daxil olsun. Nəticədə, mülkiyyət hüquqları dolayı yolla məhdudlaşdırılmaqla, mülkiyyətinə müdaxiləni yaratmışdır. Düzdür, qeyd edilən qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(103)-68/2025 nömrəli qərardadı ilə ləğv olunmuş və sonradan da yenidən birinci instansiyanın xx.xx.2025-ci il tarixli, e-16(010)-92/2025 nömrəli yekun qərardadı ilə mülkiyyətimə dair istifadə müvəqqəti aradan qaldırılsa da, lakin bu günləri üçüncü şəxsin özbaşına hərəkətləri nəticəsində ona aid olan hissəsəyə yenə də daxil ola bilmir. Bunun da səbəbi, yuxarıda göstərildiyi kimi, onunla Əmlak Məslələri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsidir ki, həmin müqavilənin də bağlanmasının hüquqi əsası kimi, hal-hazırda mübahisə predmeti olan Sərəncamdır. Ən azından, icarəyə verilmiş sahə iddiaçıya verilməli idi, ona görə ki, Mirhaşım Yusifovdan qeyd edilən sahənin icarəyə götürülməsinə münasibətdə iddiaçının üstünlük hüququ vardır. Çünki 45 kv.metr hissə ilə mülkiyyətdə olan 32.8 kv.metr hissə arasında heç bir arakəsmə yoxdur, heç bir ayrıcı şərtlər və ya sənədlər üzərində işarələrlə ayrılmamış və nəhayət, qeyri-yaşayış sahəsi olan zirzəmiyə giriş birdir. Nəticədə, bundan sonra Mirhaşım Yusifov icazə verməsə iddiaçı öz mülkiyyətinə daxil ola bilmir. Bunun bariz nümunəsi odur ki, iş üzrə üçüncü şəxs sonradan təkrarən Suraxanı rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış sahədən istifadə edilməsinin və s., bu kimi digər qadağaların qoyulması barədə məhkəmənin yuxarıda qeyd edilən qərardadını əldə etmişdir. Bunun da səbəbi odur ki, burada ayrıayrılıqda 45 və 32 kvmetr sahlər mövcud deyildir. Sahə vahiddir və bu günə qədər də sahiblik və istifadəsindədir. Arakəsmə də olmamışdır ki, qeyd edilən bu sahləri ayrıayrılıqda istifadəsi mümkün olsun. Sadəcə olaraq, mülkiyyətində olan 32,8 kv.metr sahəyə giriş 45 kv.metr olan hissədən olduğundan, artıq 45 kv.metr sahənin qapısının bağlanması yekunda 32,8 kv.metr sahədən mülkiyyətçinin istifadəsini (eləcə də sahiblik və mülkiyyətçi olaraq bütün hüquqlarını) tam məhdudlaşdırır. Bundan başqa, qeyd edilən icarə müqaviləsinin bağlanması və buna hüquqi zəmin yaratmış Sərəncamın qəbul olunmasından qabaq, mütləq qaydada Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları yerində baxış keçirməli və orada olan sahənin mülkiyətçisini dəqiqləşdirməli olduqları halda, bunu həyata keçirməmişlər. Ümumiyyətlə, Sərəncamı imzalamış şəxsin özünün xəbəri olmamışdır ki, burada faktiki vəziyyət necədir və bu vəziyyətə görə də hüquqi nəticələr nədən ibarətdir? Çünki, mülkiyyətində olan 32.8 kv.metr hissəyə dair X3 vaxtı ilə idda ərizəsi ilə məhkəməyə müraciət etsə də, Suraxanı rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(010)-3346/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbləri rədd olunmuşdur. Bunu görən Mirhaşım Yusifov bu yola əl atmış və dövlət orqanlarını aldatmaqla onlarda çaşqınlıq yaratmağa çalışmışdır. Çünki qeyd edilən 45 kv.metr sahə ümumi 78 kv.metr sahənin tərkib hissəsi olmalqa, uzun müddətdir ki sahiblik və istifadəsindədir. Yuxarıda göstərilən xüsusatlardan irəli gələrək, tərəfindən ilk olaraq 05 may 2025-ci il tarixli ərizə ilə hazırkı iş üzrə cavabdehə (AR İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova şəxsən) rəsmi qaydada müraciət olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli binanın zirzəmisində yerləşən, mülkiyət hüququ ilə ona məxsus olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metr ibarət olan hissəsi barədə qəbul edilmiş, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə göstəriş verilməsini xahiş etmişdir. Çünki mübahisələndirilən Sərəncamı qəbul etmiş inzibati orqan hazırki iş üzrə cavabdeh inzibati orqana tabe olan inzibati qurumdur. Eləcə də, hazırkı iddia tələblərinin verilməsindən qabaq, Sərəncamı qəbul etmiş, Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, məhkəmənin 01 may 2025-ci il tarixli, 2-1(112)-6737/2025 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Bunun səbəbi isə, mübahisələndirilən inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi olmuşdur. Çünki həmin vaxt verilmiş iddia tələbi mübahisələndirilmə haqqında iddia olmuş və həmin iddia üçün nəzərdə tutulmuş müddət 30 gün olmasına baxmayaraq, məhkəmənin istinad edilən qərardadına əsasən, müddət ötürüldüyündən iddia tələbləri mümkünsüz hesab olunmuşdur. Lakin, mübahisəli Sərəncam maraqlarına həm toxunduğundan, həm də hüquqlarını pozduğundan bu dəfə AR-nın İqtisadityyat Nazirinə rəsmi qaydada müraciət edərək, özündən aşağı qurumun inzibati aktının ləğv etməsini xahiş etmişdir. Müraciət rəsmi qaydada poçt vasitəsi ilə olmuş və cavabdeh inzibati orqan tərəfindən 08 may 2025ci il tarixdə də əldə edilmişdir. Ancaq müraciətin (şikayətin) olunmasından artıq 35 gündən çox vaxt keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh inzibati orqan müraciətə öz münasibətini bildirməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona edilən müraciətin cavablandırılmaması ümumiyyətlə müraciətindən sonra heç bir inzibati icraatın aparılmadığı anlamını yaradır. Əgər, cavabdeh inzibati orqan "İnzibati icraat haqqında" AR-nın Qanununun tələblərinə uyğun belə bir icraat aparmış olsa idi, həmin icraata cəlb edilməklə işitrak etmiş olsaydı, bu günləri belə bir məhkəmə mübahisəsinin yaranmsına da ehtiyac qalmayacaqdı. Nəticədə, həm üçüncü şəxslə cavabdeh inzibati orqanın arasında icarə müqaviləsinin bağlanmasının hüquqi əsası kimi çıxış edən, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın qəbul olunması və bunun da nəticəsində tərəflər arasında bağlanmış icarə müqaviləsinin tərtibi, həm də müraciətinin cavablandırılmaması kobud qanun pozuntusu, eləcə də mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardan hərəkətlərdir. Odur ki, cavabdeh inzibati orqana ünvanladığı 05 may 2025-ci il tarixli şikayətin cavablandırılmaması cavabdeh inzibati orqanın hərəkətsizliyi olduğundan, qanunsuz hesab olunmaqla yanaşı, 30 avqust 2024-cü il tarixli, 138 nömrəli Sərəncamın ləğv olunmasının cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması (məcburetmə haqqında iddia tələbi üzrə) barədə qərar qəbul olunmalıdır.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 5 may 2025-ci il tarixli məktubu ilə İqtisadiyyat Nazirliyinə müraciət edərək Suraxanı rayonu, Əmircan Qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli beşmərtəbəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun pozulması səbəbindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 avqust 2024-cü il tarixli 138 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir. Həmçinin, İqtisadiyyat Nazirliyinə 24 fevral 2025-ci il tarixdə etdiyi eyniməzmunlu müraciətin Nazirlik tərəfindən cavablandırılmadığını irəli sürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında” Əsasnaməyə (bundan sonra - Əsasnamə) əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin, habelə lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsi, dövlət büdcəsinə vergilərin, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçı xx.xx.2025-ci il tarixli, 24 fevral 2025-ci il tarixli, 3 aprel 2025-ci il tarixli və 5 may tarixli 2025-ci il tarixli müraciətlərinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19 mart tarixli 3-21-3/2-Ə-0560/02-8/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli 3- 21-3/2-Ə-0560/03-8/2025 nömrəli və 26 may 2025-ci il tarixli 3-21-3/2-Ə-0560/04-8/2025 nömrəli məktubları ilə münasibət bildirilmişdir (əlavə olunur). Bu səbəbdən müraciətin cavablandırılmamasının qanunsuz hesab olunmasına dair iddia tələbi əsassızdır. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 23 dekabr 2024-cü il tarixli, 3-21-3/2-Ə-2572-8/2024 nömrəli məktubunda qeyd edilmiş imtinasının əsassız hesab olunmasını və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 18 nömrəli binanın zirzəmisində mülkiyət hüququ ilə iddiaçıya məxsus olan 32.8 kv.metr qeyri-yaşayış sahəsinin tərkibində yerləşən və 45 kv.metr ibarət olan hissəsi barədə qəbul edilmiş, 30 avqust 2024-cü il tarixli 138 nömrəli Sərəncamın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6737/2025 nömrəli 01 05.2025-ci il qərardadı ilə İddiaçı cavabdeh iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Hazırda İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş müraciətə apellyasiya instansiyasında baxılır. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı tərəfindən verilmiş iddia əsassızdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdilər.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

12. Belə ki, iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona xx.xx.2025-ci il tarixli təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir). Eyni zamanda, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçıya qaldırdığı iddiaya cavab verməli olan inzibati orqanın (iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsi ilə) qeyd edilərək məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqana müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

14. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasında iştitak edən iddiaçı tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır.

15. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmaması - iddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinə cavab verən cavabdeh orqan və ona müraciət edilməsi halı mövcud olmaması iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir.

16. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinə cavab verən cavabdeh orqana qarşı iddia qaldırılmış olsaydı belə, iddiaçının eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır.

17. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6737/2025 nömrəli qərardadına əsasən iddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında eyni predmetlə bağlı ərizə üzrə yekun məhkəmə aktı qəbul edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır.

18. Göründüyü kimi, hazırda tələb yuxarıda qeyd olunan inzibati işdən fərqli cavabdehə (hazırkı iş üzrə tələbə cavab verən orqana) yönəlsə də, həmin iş eyni predmet barəsində olmaqla eyni əsaslar üzrə baxılmışdır.

19. Beləliklə, məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi məsələsinə baxılmasına zərurət qalmadı.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar