Məhkəmə qərarları › İş №2-1(112)-12054/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12054/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12054/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı "əlverişsiz hərəkətlərin dayandırılması" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İcra məmuru Şakir Bahadırovun inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin - mütəxəssis dəvət edilməsi barədə qərarda tələbkar üçün ödənilməli olan məcburi proqula görə müddətin xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövr üçün hesablanmasının dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx-153204/2020-14 saylı məktuba və ona əlavə olunmuş həmin tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərarda mütəxəssisin qarşısında qoyulmuş suala cavab olaraq əsassız olaraq məcburu iş buraxmağa görə xx.xx.2019-cu il tarixdən işə bərpa edilmə haqqında əmr verilən günədək - xx.xx.2021-ci il tarixdək hesablanması nəzərdə tutulmuşdur. Hansı ki, bu icra məmurunun qətnamə və icra vərəqəsində göstərilənlərdən kənara çıxmasıdır və yalnız bu əsasla ona etiraz təmin edilməlidir. İcra məmuru Şakir Bahadırov bundan əvvəl də bu və digər işlərlə bağlı məktəbimizə qarşı qərəzli və qeyri-qanuni mövqedən məktublar və sair göndərmiş, hər vəchlə qarşı tərəfin əsassız mövqeyini dəstəkləmişdir. İcra məmurunun icra etdiyi məhkəmə qətnaməsində tələbkar X1 işə bərpa edilməsindən sonra ona ödənilməli olan məcburi iş buraxmağa görə konkret müddət göstərilməmiş, qətnamədə yalnız 25.11 2019cu il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə taarif maaşı və bütün əlavələr daxil olmaqla ödəniş müəyyən edilmişdir. İcra məmuru Şakir Bahadırov iddiaçıya ünvanladığı və həqiqəti əks etdirməyən əvvəlki məktublarında da iddia edirdi ki, guya halhazırda qətnamə əsasında verilmiş xx.xx.2020-ci il tarixli, 2(001)-2206/2020 saylı icra vərəqəsi hələ də icra edilməmiş qalmaqdadır. Hansı ki, iddiaçı tərəfindən məhkəmənin sözügedən qətnaməsi tam olaraq, yəni qətnamənin “qət etdi” hissəsində, habelə icra vərəqində göstərilən və icra edilməli olan bütün hərəkətlər - xx.xx.2019-cu il tarixli, 232 saylı əmr ləğv edilmiş, tələbkar X3 əvvəlki vəzifəsinə bərpa edilmiş və ona çatmalı olan məcburi proqula görə məbləğin ödənilməsi mühasibatlığa tapşırılmışdır. Başqa sözlə məktəb borclu qismində üzərinə düşən vəzifəni tam olaraq icra etmişdir. Lakin işə bərpa edilməsinə baxmayaraq tələbkar bu vaxta qədər işə gəlməmiş, bu barədə hər hansı məlumat verməmiş, məcburi proqula görə ona ödənilməli olan məbləği qəbul etmək üçün hər hansı bir hərəkət, o cümlədən bank hesabını təqdim etməmişdir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, 232 saylı əmri ləğv edilmiş, X1 xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxmaya görə əmək haqqı (taarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməklə Xəzər Universiteti Dünya Məktəbinin İB bölməsinin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, İddiaçı MMC-dən dövlət rüsumuna görə 30 manat pulun X1 xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən icraya yönəldilmiş, 2(001)-2206/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi verilmişdir. Cavabdeh həmin icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul etmiş, xx.xx.2022-ci il tarixli qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı X2 xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxmaya görə əmək haqqının (taarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanması üçün mütəxəssis dəvət etmiş, mütəxəssis qarşısında müvafiq suallar qoyulmuşdur. İddiaçı hazırda bu qərarla mütəxəssis qarşısında qoyulan sualları, dolayısı ilə həmin qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017- ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1. icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2. icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra -- Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün nəzərə alınmalıdır ki, Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. İcra qurumunun fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göstərilənlərə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Oxşar hüquqi mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da öz əksini tapmışdır. İşdən görünür ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məqsədilə verilmiş icra sənədi əsasında icra məmurunun etdiyi hərəkətləri mübahisələndirməklə bu hərəkətlərin dayandırılmasını xahiş edir. İddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə, inzibati orqanın mübahisələndirilən hərəkətləri icra sənədinin icrası qaydasında həyata keçirilən fəaliyyətlə bağlıdır. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən hazırkı mübahisəyə inzibati mübahisə kimi ayrıca iddia qaydasında inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar