Məhkəmə qərarları › İş №2-1(112)-1206/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1206/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1206/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 0,12 ha torpaq sahəsi olan 242 saylı bağ sahəsi iddiaçıya məxsusdur. Həmin bağ sahəsi ona Bakı ŞİH X2 İnkişafı və İstismarı Birliyinin 1991-ci ildə verilmiş 14/615 saylı orderi əsasında ayrılmışdır. Hal-hazırda iddiaçı həmin bağ sahəsini özəlləşdirmək istəyir. İddiaçı bununla bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, İPM-in 2.2.2, 14.3, 33, 36, 68, 69, 73, 75, 81 – 86-cı maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 242 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cvabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, koordinatlarda göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Həmçinin qeyd olunan bağ sahəsinin 233 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində X8 adına qeydiyyata alınmış 279 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bundan əlavə, təqdim edilən 49 saylı orderdə və arxiv arayışında hüquq sahibinin adının yazılışı ilə şəxsiyyəti təsdiq edən sənəddə yazılmış ad arasında uyğunsuzluq vardır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddaçıya **********48 saylı məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununuhn 8.0.7, 9.1.2, 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Sərəncamına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, bağ sahəsi X8 mülkiyyətində qalmalıdır. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.29) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu əraziusində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bakı Şəhər XDS İK-nın 16 oktyabr 1991-cı il tarixli 14/625 nömrəli sərəncamı əsasında X7 və İstismarı Birliyinin 80 saylı BTK tərəfindən verilmiş 49 nömrəli order Zirə bağlar massivində 0,12 ha torpaq sahəsi olan 242 saylı bağ sahəsinin ayrılmasını təsdiqləyən inzibati aktdır. Lakin hazırkı orderdə hazırkı iddiaçının adı deyil, “X6”nın adı qeyd olumuşdur. Bu isə, iddiaçının sözügedən bağ sahəsinin qanuni istifadəçisi olmasını təsdiqləmir. Bununla da, iddiaçı hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müvafiq hüquq müəyyənedici sənədi verməmiş kimi qiymətləndirilir. Cavabdehin imtinasında əks olunan dgər xüsusatlara, yəni koordinatlarla iddiaçının iddia etdiyi bağ sahəsi ilə bağların yerləşməsinə dair sxematik xəritədə uyğunsuzluğun mövcudluğu, bağ sahəsinin bir hissəsinin həmi baza məlumatlarına əsasən başqa bağla qismən üst-üstə düşməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, bu, iddiaçının və ya digər şəxsin iradəsindən asılı olan hal deyil və dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların belə uyğiunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirilməsi hazırkı cavabdeh inzibati orqanın özünün səlahiyyətlərinə (vəzifələrinə) aiddir. Odur ki, imtinadakı bu xüsusatı məhkəmə tutarlı dəlil kimi qiymətləndirmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin “iddiaçının bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması”ndan imtinası qanuna zidd qiymətləndirilə və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayıla bilməz. Odur ki, iddia əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) «bağ sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar