Məhkəmə qərarları › İş №2-1(112)-12061/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12061/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12061/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, X4 ilə X1 eyni şəxs olması və adının “Pərvanə”dən “Pərvin”ə dəyişdirilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-129-15 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Kəpəz rayon qeydiyyat şöbəsi (Gəncə) tərəfindən tərtib edilmiş xx.xx.1972-ci il tarixli 725 saylı doğum haqqında akt qeydində və l- JQ 355453 seriya və nömrəli şəhadətnamədə adı “Pərvanə” qeyd edilmişdir. Lakin hazırda təqdim etdiyi həmin şəhadətnamədə adının “Pərvin” yazıldığı və adında pozuntu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən kifayət qədər əsas olmadığından ərizənin təmin edilməsi mümkün deyildir.

3. Bundan sonra iddiaçı cavabdehlər Cavabdeh1nə və 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.1972-ci il tarixli 725 nömrəli doğum akt qeydində və l-JQ 355453 nömrəli doğum haqqında şəhadətnamədə adının “Pərvanə”dən “Pərvin”ə düzəliş edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 cavabdeh qismində iştirakına xitam verilməsini və iddia tələbinin “xx.xx.1972ci il tarixli 725 nömrəli doğum akt qeydində adının “Pərvanə”dən “Pərvin”ə düzəliş edilməsi öhdəliyinin cavabdeh 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1972-ci ildə Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olmuşdur. 31 iyul 2022-ci il tarixində onun adına olan əmlaka dair bağışlama müqaviləsi bağlamaq üçün 7 saylı Bakı Cavabdeh2nə müraciət etmiş, onun doğum haqqında şəhadətnaməsi tələb olunduğundan və şəhadətnamə üzərində olmadığından Asan xidmətdə qeydiyyat şöbəsinə yaxınlaşaraq doğum haqqında şəhadəntamənin surətinin verilməsi üçün müraciət etmişdir. Bu zaman Cavabdeh1 xx.xx.1972-ci il tarixli, 725 nömrəli doğum akt qeydində və l-ЖГ 355453 nömrəli doğum haqqında şəhadətnamədə adının “Pərvanə” kimi qeyd olunması və doğum haqqında şəhadətnamədə adının “Pərvin”ə düzəliş olunmasını bildirmişər və o zaman doğum haqqında şəhadətnamədə düzəliş olunduğu məlum olmuşdur. Lakin onu doğulduğu gündən bu günə kimi hamı "Pərvanə" adı ilə deyil, “Pərvin” adı ilə tanımışdır. Onun bütün sənədləri orta məktəbdən başlayaraq ali təhsil müəssisəsində və iş yerində adı “Pərvin” kimi qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində, pasportunda, natamam orta təhsil haqqında şəhadətnaməsində və ona məxsus digər bütün sənədlərdə də adı “Pərvin" kimi qeyd olunmuşdur.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-356-13 nömrəli iddiaya yazılı münasibətində bildirmişdir ki, iddiaçının iddiası ilə bağlı heç bir etirazı yoxdur.

7. Məhkəmə iclasınında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

12. Buna görə də məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

13. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

15. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

16. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan doğum haqqında aktı qeydindən görünür ki, X3 xx.xx.1972-ci il tarixdə doğulmuşdur, anası 1946-cı il təvəllüdlü X2, atası 1938-ci il təvəllüdlü X5r. Doğum haqqında aktı qeydinə əsasən bu barədə 355453 nömrəli, xx.xx.1972-ci il tarixli şəhadətnamə verilmişdir.

17. İşdə olan xx.xx.1979-cu il tarixli, l-ЖГ 355453 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuşdur, anası X2, atası X5r. Şəhadətnamədən görünür ki, orada “Parvin” adı üzərində düzəliş edilmişdir.

18. İddiaçı hazırda onun barəsində tərtib edilmiş bütün sənədlərdə adının “Pərvin” kimi qeyd edildiyini, yalnız doğum haqqında akt qeydində adının “Pərvanə” kimi göstərildiyini bildirmiş, buna görə də doğum haqqında akt qeydinə düzəliş edilməsini xahiş etmişdir.

19. Məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-26498-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2005-ci il tarixdə Ağdam Rayon Polis şöbəsi tərəfindən Ağdam rayonu, Eyvazxanbəyli kəndi üzrə sənədləşdirilərək “xxxxxxx” FİN ilə AZE-02771114 nömrəli, xx.xx.2011-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 13, mənzil 37 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq AZE-08235377 nömrəli və xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı Cavabdeh2 tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. xx.xx.1979-cu il təvəllüdlü Qədirova (Kadırova) Pərvanə İldırım qızının barəsində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir.

20. 06.05.1995-ci il tarixli, Vİ-ЖГ 449473 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X6 və xx.xx.1972-ci il təvəllüdlü İddiaçı 06 may 1995-ci il tarixdə nikaha daxil olmuşlar.

21. İddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, 88515757 nömrəli Komsomol Bileti, xx.xx.1987-ci il tarixli, A145162 nömrəli natamam orta təhsil haqqında şəhadətnamə, xx.xx.1989-cu il tarixli, XXİİİ-ЖГ 700490 nömrəli SSRİ vətəndaşının pasportu, xx.xx.1989cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası, xx.xx.1991-ci il tarixli, 903 nömrəli N.Nərimanov adına X13 ordeni Azərbaycan Tibb Universitetinin bilet, xx.xx.1999-cu il tarixli, 000387 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin vəsiqə, xx.xx.1999-cu il tarixli, AB-İ 043213 nömrəli Azərbaycan Tibb Universitetinin diplom, xx.xx.2003-cü il tarixli, ZE ******* nömrəli hərbi bilet və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun xx.xx.2008-ci il tarixli şəhadətnamə məlumatlarından görünür ki, həmin sənədlərin hər birində iddiaçının adı “İddiaçı” qızı kimi qeyd olunmuşdur.

22. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1972-ci il tarixli 725 nömrəli doğum aktı qeydində onun adı “Pərvanə” kimi yazılsa da, sonradan tərtib edilən doğum haqqında şəhadətnamədə, habelə iddiaçıya verilən ilkin şəxsiyyət vəsiqəsi və sonradan verilən şəxsiyyət vəsiqələrində, ona məxsus hüquqmüəyyənedici sənədlərdə adı “Pərvin” kimi göstərilmişdir.

23. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində adının “Pərvanə” deyil, “Pərvin” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə də düzəliş edilməsini və adının “Pərvin” kimi qeyd olunmasını xahiş edir.

24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. - Həmin hissənin 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

26. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

27. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

28. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Pərvin” kimi yazılmışdır.

29. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, 1995-ci il tarixdə tərtib edilmiş nikahın bağlanması haqqında akt qeydində iddiaçı barədə məlumatların şəxsiyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı barəsində tərtib edilmiş xx.xx.1972-ci il tarixli, 725 nömrəli doğum haqqında aktı qeydində “Pərvanə” adının “Pərvin” adına düzəliş edilməsi vəzifəsi cavabdeh 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar